Son 10 ayda manatın 98 faiz ucuzlaşması və bunun fonunda dolların bahalaşması ölkədə ciddi gərginliklərə səbəb olub. Narahatlıqlar isə daha çox dollarla götürülən kreditlərlə bağlıdır. Çünki sözügedən xarici valyuta ilə kredit götürən vətəndaşlarımız az qala aldıqları kreditin ikiqatını ödəməli olurlar. Ona görə də, ekspertlər bu halın problemli kreditlərin miqdarını daha da artıracağını düşünərək vəziyyətdən çıxış yoluna dair təkliflər proqramı hazırlayıb. Mərkəzi Banka (MB) təqdim ediblər. Lakin bu qurum hələ ki heç bir real iş görmür.
Nədənsə gözləmə mövqeyini tutub. Əlbəttə, qurumun susqunluğu sakinlərin əndişəsini bir qədər də yüksəldir. Onlar prosesin dəyişilməz qalacağından narahatdırlar. Bundan başqa, manatın dəyərsizləşməsi nəticəsində ölkədə yerli və xarici ərzaq məhsullarının qiyməti artıb ki, o da əhalinin gəlirləri ilə uzlaşmır. Həmçinin dolların qəhətə çıxması "qara bazar” formalaşdırıb və bu bazarda 1 dollar 2-3 manata satılır. Mövcud problemləri nəzərə alıb, vəziyyətdən çıxış yolları barədə təkliflərini öyrənmək üçün tanınmış iqtisadçı-ekspert Oqtay Haqverdiyevlə əlaqə saxladıq. Öncə manatın ucuzlaşma səbəbindən danışan ekspert "Şərq”ə müsahibəsində qeyd etdi ki, qonşu ölkələrdə belə bir proses gedirsə, onun Azərbaycandan yan keçməsi mümkünsüz idi: "Uzun illər çalışdıq ki, ucuzlaşma olmasın. Amma onda ehtiyatlarımız əldən gedirdi. Haradasa dayanmalı idik. Bu baxımdan hazırda manatı sərbəst buraxdılar. Manatın real qiyməti var axı. İndiyə qədər iqtisadiyyatımızı MB tənzimləyirdi. Amma bundan sonra MB manatı buraxdı. Manat öz real qiymətinə gəlib çatmalıdır . Deyim ki, manat öz real qiymətinə hələ də çatmayıb.
- İddialar dolaşır ki, 1 dollar 3 manata qədər bahalaşa bilər. Bu mümkündürmü?
- Əlbəttə ola bilər. Baxın, Səudiyyə Ərəbistan bizdən zəif dövlət deyil. Onlarda 3,8 rial 1 dollara bərabərdir. Necə olur ki, onların valyutası dollardan ucuz, bizdə bərabər olur.
- Dollarla kredit götürənlərin məsələsinə dair hansı addımlar atıla bilər. Hər hansı bir təklifiniz varmı?
- Bununla bağlı MB-yə təkliflər proqramı təqdim olunub. Həmin sənəddə təklif olunur ki, artan pulu MB qarşılasın. Amma konkret nəticə haqda bir söz deyə bilmərəm. Amma bu vəziyyətdən çıxışın bir neçə yolu var. Məsələn, Rusiya və Qazaxıstanda da belə oxşar hallar yaşanıb. Həmin ölkələrdə banklar əsas borc qalmaqla faizləri götürüblər. Bəziləri də kreditin qaytarılma müddətini uzadıb. Belə olan halda ödəniş az olur. Bizimkilər də belə bir formaya keçmək fikrindədirlər. Amma hələ ki, konkret qərar yoxdur. Mənim təklifimə gəlincə, yaxşı olardı ki, indiki məqamda əziyyəti iki tərəf - həm krediti alan, həm də bank sistemi üzərinə götürsün. Bu məsələ birtərəfli olmalı deyil. Bunun üçün də ən məqbul variant odur ki, banklar faizləri götürsün. Belə olan halda nə bank ziyan görər, nə də insanlar. Optimal variant budur.
- Xarici məhsullarla yanaşı, yerli ərzaq məhsullarının da qiymətində kəskin bahalaşma müşahidə olunur. Sizcə, buna əsas varmı, yoxsa qiymətlər süni şəkildə artırılır?
- Qiymətlərin bahalaşması obyektiv məsələdir. Belə də olmalıdır. Sahibkarlar itirməli deyil, qazanmalıdırlar. Bu olmalıdır. Hər halda qiymətlərin artımı devalvasiyanın səviyyəsindən aşağıdır. Devalvasiya 50 faiz olsa da, ərzaq məhsullarının qiyməti 10, 15 və 20 faiz qalxdı. Yəni 50 faizə çatmayıb. Bütün hallarda bahalaşma olmalıdır.
- Cəmiyyətdə etiraz doğuran məqamlardan biri də odur ki, mağazalar "vitrin”dəki malların qiymətini yazmırlar. Kassada isə istədikləri qiyməti diktə edirlər. Sizcə, bu, doğru yanaşmadırmı?
- Xeyr, antiinhisar departamenti bu işlə məşğul olmalıdır. Yoxlama aparmalıdırlar. Müəyyən dövlət qurumları var ki, bu işlə ciddi məşğul olmalıdırlar.
- Son günlər dollar qıtlığına dair ajiotajın yaranması "Qara bazar” formalaşdırdı. Həmin bazarda 1 dollar 2 manata satılır. Bunun qarşısını necə almaq olar?
- Bununla da Daxili İşlər Nazirliyi maraqlanmalıdır. Bazara dollar çıxarılmalıdır ki, "qara bazar” yaranmasın. 1 dolları 2-3 manata satan şəxslər saxlanılıb, cərimələnməlidirlər. Onlara qarşı mübarizə aparılmalıdır.
- Minimum əməkhaqqı alan müəllim və həkimlərin bahalaşmadan ziyan görməməsi üçün, hökumət hansı addımlar ata bilər?
- Bunun bir yolu odur ki, sovet hökuməti sisteminə qayıdaq. İndiki halda bazar iqtisadiyyatına keçmişik. Burada da əsas prinsip tələb və təklifdir. Əgər bir şeyə tələb çoxdursa, qiymət baha olacaq. Tələb azdırsa, qiymət də azalacaq. İndiki bazarın prinsipi budur. Gərək onda sovet dövründəki sistemə keçək və qiymətləri dövlətin özü müəyyənləşdirsin.
Ayyət Əhməd