Ət də bahalaşdı

Abbas Əliyev: “Mətbuatda ətin qiymətinin 2 manatadək artımı ilə bağlı yazılan informasiyalar həqiqəti əks etdirmir”
Vahid Məhərrəmov: “Bizdə ətin qiyməti dünya bazarındakı qiymətdən 50 faiz bahadır”


Bakıdakı ət satışı mağazalarında qəssablar qiyməti qaldırıblar. Mal və qoyun ətinin qiyməti satış yerindən asılı olaraq 1-2 manat qalxıb. Qəssablar ətin qiymətindəki artımı ölkəboyu yaşanan bahalaşma və süni qiymət artımı ilə əlaqələndiriblər.

Eyni zamanda bildiriblər ki, ətin bahalaşmasının bundan sonra da davam edəcəyi istisna deyil. Hazırda Bakıda satış yerindən asılı olaraq mal əti 7-8 manata, qoyun əti isə 9-11 manata satılır.

İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev isə deyib ki, mətbuatda ətin qiymətinin 2 manatadək artımı ilə bağlı yazılan informasiyalar həqiqəti əks etdirmir. Ətin qiymətində hər hansı dəyişiklik yoxdur. Onun sözlərinə görə, kənd təsərrüfatı yarmarkalarında ət istehlakçılara 5 manat 50 qəpik - 6 manat arasında təklif edilir.

A.Əliyev Azərbaycanda üzən məzənnə rejiminə keçdikdən sonra, süni qiymət artımının qarşısını almaq məqsədilə istehlak bazarına nəzarətin gücləndiyini qeyd edib: "Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına nəzarəti daha da gücləndirib. Məqsəd odur ki, manatın məzənnəsinin ucuzlaşmasından kimsə sui-istifadə etməsin”. O həmçinin bu günə qədər belə bir hal aşkarlanmadığını da bildirib: "Süni qiymət artımı ilə bağlı hər hansı hal olarsa, bu halda ictimaiyyət məlumatlandırılacaq”.

İqtisadi Tədqiqatlar Mərkəzinin kənd təsərrüfatı üzrə eksperti, iqtisadçı Vahid Məhərrəmovun sözlərinə görə, manatın bu qədər dəyərdən düşməsi fonunda artıq hansısa ərzaq və ya ət məhsullarının qiymətinin bahalaşması cəmiyyətdə sual doğurmur: "Manatın bir ildə 2 dəfə ucuzlaşması ölkədə zəlzələ effekti yaratdı. Mövcud olan qiymətlər dəyişdi və bahalaşmaya təkan verdi. Bu isə çox ciddi məsələdir. Əgər hansısa yerli məhsulun istehsalı üçün xaricdən istehsal vasitəsi, xammal gətirilməsə belə, bahalaşma yenə də olacaqdı. Çünki hər bir istehsalçı həm də istehlakçıdır. Ətin bahalaşması insanlarda narazılıq yaradır ki, "Onudamı xaricdən gətirirlər?”. Ancaq devalvasiyaya qədər qəssablar bir aya 400 manat qazanırdı və həmin pula da öz ehtiyaclarını ödəyirdi. Amma indi həmin vəsaitlə bazara çıxanda əvvəlkinin yarısı qədər məhsul ala biləcək. Bax, məsələ bundan ibarətdir. Digər tərəfdən də ölkədəki bahalaşma heyvanlardıqla məşğul olan insanların da xərcini artırır. Onlar da həm istehlakçı, həm də istehsalçıdı. Fəaliyyət sahəsindən asılı olmayaraq istehsalçılar öz istehlak tələblərinə uyğun gəlir əldə etməlidirlər. Ərzaq məhsullarını 50 faiz artıq qiymətə əldə edəndə onlar da satdıqları məhsulun qiymətini bir o qədər artırmalıdır. Yəni proses zəncirvari qaydada iqtisadiyyatın bütün sahələrinə öz təsirini göstərəcək. Bəlkə də manat 20 faiz civarında ucuzlaşsaydı, ərzaq məhsullarındakı cüzi qiymət artımları digər məhsulların qiymətinə təsir etməzdi. Amma milli valyutamızın birdən-birə 2 dəfə dəyərdən düşməsi sahibkarlar üçün göydəndüşmə fürsət oldu. İstehsalçılar gələcəkdə hansısa zərərə məruz qalmamaq üçün bu fürsətdən mümkün qədər bəhrələnməyə çalışırlar”.

Ekspert deyib ki, ətin qiyməti qalxmasa, digər ərzaq məhsullarının bahalaşdığını görən istehlakçıların ət tələbatı artacaq. Ət isə heç vaxt digər ərzaq məhsullarından ucuz olmur: "Əslində dünya bazarında təzə ətin qiyməti 4 dollar, milli valyuta ilə 6 manat olmalıdır. Ancaq Azərbaycanda kənd təsərrüfatı sahəsində məhsuldarlıq və istehsal aşağı olduğu üçün bizdə ətin qiyməti dünya bazarındakı qiymətdən 50 faiz bahadır”.

V.Məhərrəmovun sözlərinə görə, ətin kəskin şəkildə bahalaşması manatın gücündən asılıdır. Əgər manat yenidən devalvasiyaya uğrasa, ətin qiyməti daha da bahalaşacaq: "Çox təəssüf ki, mövcud şərtlər daxilində manatın bahalaşması real görünmür. Azərbaycan əvvəlki gəlirlərindən məhrum olub. İxrac olunan məhsullar içərisində ölkəmizə gəlir gətirən yeganə məhsul neftdir. Neftimizin isə həm qiyməti aşağı düşüb, həm də dünya bazarında alıcılarının sayı azalıb. Alıcıların sayının azalması isə ucuzlaşmadan daha böyük problemdir. Ən azından ucuz da olsa, neftimizi satıb, pulumuzu qazanardıq”.

Şəymən