Bu günlərdə Ermənistanda “Müdafiə haqqında” qanuna dəyişikliklər edilməsi məsələsi ictimai müzakirəyə çıxarılıb. Millət vəkili Hikmət Babaoğlunun "Sherg.az"a açıqlamasına görə bunu zəruri edən səbəb ölkədə müdafiəni təşkil edəcək insan resursları və orduda nizam - intizamın olmamasıdır.
Millət vəkilinin fikrincə Ermənistanın əl atdığı sonuncu təxribatlarda bir daha aydın oldu ki, bu ordu döyüş qabiliyyətli deyil:
"Ona görə də yeni qanunda könüllülərin orduya cəlb olunması məsələsi aktuallaşdırılır və düşünürlər ki, bu şəkildə işğalçı Ermənistanın ordusunu gücləndirmək olar. Ancaq bu mümkün deyil. Əslində məsələnin başqa tərəfləri də var.
Diqqətlə təhlil etdikdə könüllülərin orduya cəlb olunmasında tək məqsədin sadəcə ordunun gücləndirilməsi olmadığı aydın olur. Bu vasitə ilə hər şeydən öncə Paşinyan orduda özünə sadiq qüvvələr yaratmaqla siyasi rəqibləri önündə üstünlük qazanmağa çalışır.
Çünki onun siyasi rəqibləri bu və ya digər formada ordu ilə bağlı olmuş və sonradan prezidentlik kürsüsünü əldə etmiş şəxslərdi ki, Sarkisyan da, Köçəryan da bu şəkildə eyni keçmişə malik idilər. Yəni orduda və hərbi elita arasında onların müəyyən nüfuzu vardı".
H.Babaoğlunun sözlərinə görə, Ermənistan sözügedən dəyişikliklə öz işğalçı ordusuna muzdluları və terrorçuları cəlb etmək niyyəti güdür. Bu da onsuz da terrorçu olan orduya yeni terrorçuların qazandırılması siyasətidir:
"Əsas məsələlərdən biri də orduda yeni güc mərkəzi yaratmaqla Paşinyana qarşı mümkün iğtişaşlara cavab vermək üçün sadiq qüvvələr əldə etməkdir. Ona görə də hazırda bu dəyişikliyin həyata keçirilməsi ilə bağlı addımlar atılmaqdadır.
Amma bu formada şübhəsiz ki, ordunu gücləndirmək olmaz. Çünki insani resursların qıtlığı, vətəndaşların, hərbi qulluq yaşına çatmış gənclərin ölkəni tərk etməsi, ümumiyyətlə əhalinin ölkəni tərk etməsi Ermənistanda ordu quruculuğu işini də iflic vəziyyətə salıb. Bu problemi həll etmək zərurətindən irəli gələn axtarışlar zamanı bir müddət əvvəl müxtəlif ideyalar ortaya atılmağa başlandı.
Paşinyan əvvəlcə xalq, ordu qurmaq tezisini irəli sürdü. Əlbəttə ki, olmayan xalqdan olmayan bir ordu da düzəltmək mümkün deyil və xalq, ordu ənənəsi ümumiyyətlə Ermənistanın tarixində olmayan bir hadisədir.
Ona görə də öz milli xarakterlərinə uyğun olaraq könüllülər adı altında muzdluların və terroristlərin Ermənistan ordusuna cəlb etməsini en doğru və ən optimal yol kimi müəyyənləşdirdilər. Şübhəsiz ki, könüllülərin orduya cəlb edilməsi məsələsi və onların saxlanılması Ermənistan büdcəsinin öhdəsindən gələcəyi bir iş deyil.
Bunun çox ciddi maliyyə tərəfləri var. Baş verənlər sadəcə ətrafında bütün həlqələrin daraldığını hiss edən Ermənistanın uğursuz çırpıntılarıdır. Şübhəsiz ki bunlar heç bir halda Ermənistan ordusunu güclü etməyəcəkdir və Azərbaycan öz güclü ordusuyla ən qısa zamanda ərazi bütövlüyünü bərpa edəcəkdir".