"Bunun üçün maskadan istifadə, sosial məsafə, şəxsi gigiyena və ətraf mühitin qorunması kimi tövsiyyələrə əməl etmək lazımdır”
Azərbaycanda tətbiq olunan sərt karantin qaydaları öz səmərəsini verir. Ötən altı ay ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, eyni zamanda, yumşalma addımları atılıb və iyul ayının ortalarından müsbət dinamikanın əldə olunması təmin edilib. Təkcə avqust ayında yumşalma tədbirlərinin sayı 3-ə çatıb. Müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, yumşalma tədbirləri davam etdiriləcək. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, qısa müddət ərzində normal həyata qayıtmaq mümkündür.
Dünyanı ağuşuna alan COVİD -19 pandemiyasının Azərbaycandan yan keçmədiyini vurğulayan Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədriAyaz Hüseynovun "Sherg.az"a açıqlamasına görə, Operativ Qərargahın ilk sərtləşdirilmiş karantin rejimi öz töhvəsini verdi. Lakin cəmiyyətdə bu virusa inamsızlıq var idi və bir çox insanlar məsələnin süni şəkildə şişirdilmiş olduğunu qeyd edirdilər:
"Bu düşüncələr zəminində insanlar maska taxmadı, məsafə saxlamadı və yoluxma yenidən artaraq karantin qaydaları sərtləşdi. İnsanların Operativ Qərargahın qərarlarından yorulması və ümumi vəziyyətin cəmiyyət üçün sıxıcı olması aydın məsələdir. Amma gərək unutmayaq ki, bu ümumilli məsələdir və bu ağır dönəmdə cəmiyyət və dövlət tamlığı ilə bir olmalı və qoyulan qaydalara yekdilliklə əməl edilməlidir. Əks halda biz sərt karantin rejimindən hələ uzun müddət çıxa bilməyəcəyik".
A.Hüseynovun sözlərinə görə, dünyada COVİD -19 infeksiyasına qarşı peyvənd icad edilənə qədər tövsiyyə olunan qaydalara əməl edilməlidir:
"Maskadan istifadə, sosial məsafə, şəxsi gigiyena və ətraf mühitin qorunması kimi tövsiyyələrə əməl etməklə tez bir zamanda karantin rejimindən çıxa və əvvəlki həyat tempinə qayıda bilərik.
Dünya ölkələrinə nəzər salsaq məsələn İsveçrə, Yaponiya, İsveçdə görərik ki, qoyulan qaydalara vətəndaşlar şərtsiz əməl etdiklərinə görə karantin rejiminin tətbiqinə ehdiyac duyulmadı və insanlar həmişəki həyat ritmində yaşamağı davam etdilər.
Müşahidələrimizə görə Azərbaycanda çox olmasa da, amma hələ qoyulan sadə qaydalara cəmiyyət içində əməl etməyənlər var. Bu da rayonlar və Bakı şəhəri arası yolların açılmasının ləngiməsinə səbəb olur.
Bir daha təkrarlamaq istərdim ki, birlik nümayiş etdirilməlidir. Dövlətin qoyduğu qaydalara şərtsiz əməl edilməli və yalnız bundan sonra yoluxma sayı minimuma endikdə, normal həyata qayıda biləcəyik".