Valideynlərin diqqətinə ! - “Bu xəstəlik uşaqlarda bronxial astma yaradır”

“Müalicəsiz qalan “allergik rinit” astmaya keçə, uşaqda boğucu öskürəkli tutmalara səbəb ola bilər”


Mövsümün dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Havalar soyuduqca rast gəlinən xəstəliklər sırasında mövsümi allergiyalar xüsusi yer tutur. İmmun sistemi zəif olan insanların yuxarı tənəffüs yolları sistemi dəyişən havaya qarşı daha həssas olur deyə, payız fəsli onlar üçün ciddi problemlər yaradır.


Qeyd edək ki, “allergik rinit” uşaqlarda ən çox müşahidə edilən mövsümi xəstəliklərdən biridir.



Pediatr Günay Rəsulovanın sözlərinə görə, “allergik rinit”in əsas yaranma səbəbi ailədə genetik faktorun olması, uşağın davamlı olaraq allergik insanlarla təmasda olması və bu allergenlərə qarşı orqanizmin immunitetinin anormal cavab verməsidir:

 “Uşaqlarda bu xəstəliyin əsas əlamətləri  burunda davamlı serroz selikli ifrazatın axması, burun qaşınmaları və tıxanıqlığı, gecə yatarkən ağız ilə tənəffüs etmə, gözdə burunda davamlı qaşıntının olmasıdır. Əgər vaxtında müalicə olunmasa, bu xəstəlik bronxial astmaya çevrilə bilər. Uşaqların həyat fəaliyyətinə ciddi təsir edən “allergik rinit”i  bəzən valideynlər əhəmiyyətsiz bir şey hesab edir.

Halbuki “allergik rinit”i olan uşaqları mütləq  həkimə aparmaq lazımdır. Vaxtında və düzgün aparılan müalicə ilə bu prblemi tamamilə aradan qaldırmaq mümkündür.  Yuxarıda da qeyd etdiyim kimi müalicəsiz qalan “allergik rinit” astmaya keçə, uşaqda boğucu öskürəkli tutmalara səbəb ola bilər”.