3-cü qrup əlil kömək istəyir: “Ailəmi dolandıra bilmirəm, tükənmişəm” – Sosial yardım..!

İmişli rayonunun Aranlı kənd sakini Balakişiyev Maarif Meyxoş oğlu səhhətindəki problemlərlə bağlı “Sherg.az”a müraciət edib.

Vətəndaş müraciətində bildirib ki, 3-cü qrup əlildir və maddi çətinlikləri olduğu üçün ailəsini dolandıra bilmir:

“Sol böyrəyim yoxdur. Cəmi 110 manat təqaüdlə bir otaqlı evdə yaşayıram. Aldığım təqaüd ancaq dərmanlarıma çatır. Dövlətimizdən müalicəm üçün köməklik istəyirəm. 3 övladım var, onlardan biri 5 ildən sonra əsgərliyə gedəcək. 110 manatla onları necə dolandırım? Gündəlik iş olanda ancaq gedib orda-burda fəhlə kimi işləyirəm. Sadəcə tək böyrəyim qalıb. Belə halda ailəmi saxlaya bilmirəm. Yoldaşım da xəstədir. Gündəlik işləyir, ancaq 7-8 manat qazanır”.

M.Balakişiyev ünvanlı sosial yardım almaq üçün köməklik istədiyini dedi:

“Yalnız böyrəyim yox, sidik kisəm də çıxardılıb. Eplepsiya xəstəliyindən də əziyyət çəkirəm. 2005-ci ildə məni hərbi xidmətə “sağlam” biri kimi aparıblar. Hərbi xidmətimi etdikdən sonra 2006-ci ildə sol böyrəyimi götürüblər. Səbəb isə böyrəyimin çürüməsi olub. Həkim mənə böyrəyimin anadan gəlmə qüsurlu olduğunu dedi.

Çünki həkim mənə dedi ki, səndə13-14 yaşlardan bu xəstəlik var. Ona görə də hərbi xidmətə getməli deyildin.  Yəni problemim olsa da, məni hərbi xidmətə aparıblar. Sübut üçün sənədlərim də var. Sənəddə anadan gəlmə qüsurlu olduğum yazılıb. Ona görə də Hərbi Komissarlığın başı soyuqluğu nəticəsində sağlamlığımdan olmuşam. Artıq 15 ildir ki, çox pis vəziyyətdəyəm.

Səhiyyə Nazirliyinə 2-ci qrup əlillik dərəcəsi almaq üçün məktub yazmışam. Çox istəyərdim ki, müsbət cavab gəlsin. Mənə 3-cü qrup əlillik düşmür. Müalicəm üçün köməklik istəyirəm. Hər ay həkimlər dərman yazır.

Qonşulardan borc götürüb müalicəmi edirəm. Sosial yardım üçün də dövlətimizə müaricət edirəm ki, köməklik göstərsinlər. Ailəmi də heç dolandıra bilmirəm. Artıq tükənmişəm”.