Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan “Qadınlar sülh naminə” təşəbbüsünün ənənəvi fəalları ilə birlikdə erməni xüsusi təyinatlılarının kamuflyajını geyinib, Qarabağdakı hərbi poliqonların birində döyüş təlimi keçib.
Halbuki bu gün əlində "Kalaşnikov” avtomatı ilə səngərdən Azərbaycan kəndlərinin dinc sakinlərini hədəf alan Akopyan Nikol Paşinyanın baş nazir seçildiyi ilk aylarda əlində gül dəstəsi ilə Qarabağda çəkdirdiyi foto ilə dünyaya "sülhpərvər" olduğu mesajını ötürmüşdü.
Bir çox erməni qadınlarının uşaqlarının müdafiəsi üçün əllərinə silah almağa hazır olduqlarını bəyan edən A. Akopyan Ermənistanla Azərbaycan qoşunları arasında baş verən Aprel və İyul döyüşləri zamanı isə guya təxribatı törədən Azərbaycan Silahlı Qüvvələrinin olduğuna dair rəy yaradan Akopyan ölkəmizi atəşi dayandırmağa səsləyirdi.
Paşinyanın həyat yoldaşının Qarabağdakı hərbi poliqonlardan birində döyüş təlimi keçməsini "Sherg.az”a şərh edən millət vəkili Sədaqət Vəliyeva Anna Akopyanın ucuz və saxta vətənpərvərlik oyunları ilə məşğul olduğunu deyib. Deputat onun bu hərəkətinin dünyada və hətta Ermənistanın özündə belə gülüş doğurduğunu qeyd edib:
"Daim “sülh” çağırışı edən bir xanımın əlində kalaşnikovla Qarabağda jest etməsi sülhə deyil, təcavüzkarlığa, işğalçılığa işarədir. Ordumuza qarşı törətdikləri hər təxribatdan sonra Ermənistanda orduya olan inam və güvən bir az daha azalır. İyul təxribatları zamanı isə Azərbaycan ordusu tərəfindən verilmiş sarsıdıcı cavabdan sonra Ermənistan ordusu daxilində parçalanmalar genişlənib, fərarilik artıb. Ordudakı özbaşınalıq və dərəbəyliyin qarşısını almaq, aksiya edən əsgər analarını sakitləşdirməyə çalışan Anna Akopyan bu cür ucuz və saxta vətənpərvərlik şouları ilə erməni cəmiyyətinə mesaj ötürməyə çalışır".
A.Akopyanın eyni zamanda iflas həddində olan Paşinyan totalitarizminə haqq qazandırmaq niyyətində olduğunu vurğulayan millət vəkili
onun bu hərəkətinin əks reaksiya doğorduğunu hesab edir:
“İddialara görə Paşinyanın həyat yoldaşı bu jesti ilə Livandan, Suriyadan köçürülən və böyük ehtimalla Paşinyanın könüllü ordusuna yazılan ailələrə mesaj verir".