İdeoloji əsasını 1955-ci ildə qəbul edilmiş Bandunq prinsipləri təşkil edən Qoşulmama Hərəkatı 1961-ci il sentyabrın 6-da Belqradda təsis edilib.
"Soyuq müharibə” illərində yaranmasına baxmayaraq, həmişə ədaləti, beynəlxalq hüququ, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü, multilateralizmi müdafiə edən Qoşulmama Hərəkatı “soyuq müharibə” bitdikdən sonra da öz aktuallığını itirməyib.
Politoloq İlyas Hüseynovun "Sherg.az"a açıqlamasına görə, 65 yaşlı Hərəkat özündə formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş dünyanın 120 dövlətinin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır:
"Bu təşkilatın təməli qoyulduğu zaman dövlətlərin qarşısında hər şeydən əvvəl Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Varşava Müqaviləsi Təşkilatı ilə yanaşı, Mərkəzi Müqavilə Təşkilatı, Cənub-Şərqi Asiya Müqavilə Təşkilatı (SEATO) və ANZUS-a (Avstraliya, Yeni Zelandiya, Amerika Birləşmiş Ştatları) qoşulmamaq vəzifəsi dururdu.
Qoşulmama Hərəkatının əsas ideyasının hərbi bloklara qatılmaqdan imtina olunmasına baxmayaraq, Hərəkat üzvləri müntəzəm olaraq müəyyən münaqişələrdə ortaq mövqe nümayiş etdirirlər. Dünya geosiyasətində son on ildə baş verən hadisələr, Hərəkata qatılan ölkələr tərəfindən eyni problemlərə yaxın keçmişdə müşahidə olunmayan fərqli münasibət və yanaşmalara səbəb olub. Dövlət və ya hökumət başçısının təmsil etdiyi növbəti konfransın ev sahibi ölkəsi, növbəti üç ildə Hərəkatın sədri olur".
Hazırkı dövrə kimi Qoşulmama Hərəkatının 18 Sammitinin keçirildiyini vurğulayan politoloq sonuncu sammitin 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçirildiyini xatırladıb:
"4 May 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə təmas qrupu formatında videokonfrans vasitəsilə “Biz COVID-19-a qarşı birlikdəyil ” mövzusunda Zirvə görüşü keçirilib. Zirvə görüşündə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının pendemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Təklif Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən müdafiə olundu. Bu dəstək Hərəkat üzvlərinin öz dəyərlərinə hörmətinin, çoxtərəfli beynəlxalq əməkdaşlığa, multilateralizmə, qlobal problemlərin yalnız qlobal səylərlə həll oluna biləcəyi düşüncəsinə olan inamının bariz bir nümunəsi idi.
Azərbaycan Prezidentinin xüsusi sessiyanın çağırılması təşəbbüsü ümumən dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləndi.
Ölkə başçısı Azərbaycanın sədrlik zamanı Hərəkat üzvlərinin maraqlarını müdafiə edəcəyini, digər təsisatlarla dialoq quracağını və inkişaf etdirəcəyini qeyd edib, sədrlik üçün geniş, əhatəli Fəaliyyət Planı hazırladı. Lakin pandemiya səbəbindən vəziyyət tamamilə dəyişdi. Buna baxmayaraq, Azərbaycan yaranmış vəziyyətə çevik reaksiya verməyi bacardı".
Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olan ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə dair ədalətli mövqeyini alqışlayır. Qoşulmama Hərəkatı özünün sənədlərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, ərazi bütövlüyünə dəstəyini ifadə etmiş və münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyini vurğulayıblar.
Təkcə bu il Qoşulmama Hərəkatı Ermənistanın işğal olunmuş ərazilərimizdə təşkil etdiyi “seçki şousu”nu tanımadığını, bunu qanunsuz hesab etdiyini bildirib və Ermənistanın Tovuzda törətdiyi təxribatı pisləyib.