Prezident İlham Əliyev Bakıdakı 251 nömrəli məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. Dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verilib. Qeyd edək ki, yeni korpus 840 şagird yerlikdir. Burada kimya, fizika, biologiya laboratoriyaları, 35 sinif otağı, kitabxana, oxu zalı və yardımçı otaqlar var. Məktəbin şagirdləri də uğurları ilə fərqlənirlər. Onlar Rumıniyada, Türkiyədə keçirilən müsabiqələrin qalibləri olublar.
Millət vəkili Sədaqət Vəliyeva "Sherg.az"a açıqlamasında son illər Azərbaycan məktəblərinin yeniləşməsi və modernləşməsi istiqamətində silsilə addımlar atıldığını deyib. Son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı məktəb binalarının inşa edildiyini vurğulayan millət vəkili qeyd edib ki, Azərbaycanda təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir:
"251 saylı orta məktəbin əsaslı şəkildə təmir olunması, eyni zamanda dördmərtəbəli, 840 şagird yerlik yeni korpusun inşası Nizami rayonunun həmin ərazidə yaşayan sakinlərinə, şagirdlərinə və valideynlərinə bir hədiyyə oldu. Bu gün Nizami rayonunda demək olar ki, təmirsiz məktəb yoxdur. Şagirdlərimiz yüksək səviyyədə təmir edilmiş, inşa edilmiş təhsil ocaqlarında təhsil alırlar. Onların mükəmməl təhsil almaları üçün hər bir şərait təmin edilib. Bütün bunlara görə hər bir rayon sakini cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirir. Bu gün Prezident İlham Əliyevin milli təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğı öz bəhrəsini verməkdədir. Azərbaycan təhsili keyfiyyətcə yeni, daha yüksək səviyyəyə çatdıqca, ölkəmizin, xalqımızın tərəqqi və intibahı daha da sürətlənir".
S.Vəliyeva əlavə edib ki, son 17 ildə ölkədə 3500-dən məktəb binasının tikilib və ya əsaslı təmir olunub və bunun da nəticəsində 1 milyondan çox şagirdin təlim-tədris şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb:
“Dövləti təhsilin dünya təhsil sisteminə inteqrasiyasını diqqət mərkəzində saxlayır və bu istiqamətdə davamlı tədbirlər, islahatlar həyata keçirilir. Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində reallaşdırılan islahatlar beynəlxalq miqyasda da yüksək qiymətləndirilir və nüfuzlu reytinq agentliklərinin hesabatlarında öz əksini tapır. Azərbaycanın təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunması, göstəricilərinin dünyanın bir çox ölkələrinin göstəricilərindən də yüksək olması xüsusi əhəmiyyətə malikdir”.
Millət vəkili təhsil infrastrukturunun yenilənməsi istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri də xüsusi qeyd edib:
“Ümumiyyətlə, Heydər Əliyev Fondu bir çox sahələrdə səmərəli layihələr həyata keçirməklə yanaşı, təhsilin inkişafı istiqamətində də mühüm təşəbbüslərlə çıxış edib, bu sahədə genişmiqyaslı işlər reallaşdırıb. Bu baxımdan, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını diqqətə çatdırmaq gərəkdir. Bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər öz əksini tapıb və qarşıya qoyulan məqsədlərə müvafiq olaraq həyata keçirilən tədbirlər səmərəli nəticələr verib”.