“Şəhidlər məscidi”nin bərpasına çox sevindim”

“Eyni zamanda sünnilərin şiələrlə bir yerdə namaz qılması çox mühüm hadisədir və neqativ hallar üçün yaxşı örnəkdir”



"Türkiyə Dəyanət İşləri Vəqfi” tərəfindən tikilən və təmir məqsədi ilə bağlanan "Şəhidlər məscidi” yaxın zamanlarda yenidən istifadəyə veriləcək”.

Bu barədə Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) nümayəndəsi məlumat verib. Xatırladaq ki, 1996-cı ildən ibadətə açılan məscid 2008-ci ildən təmirə bağlanıb. Amma uzun müddət orada heç bir təmir işi görülməyib. Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən ilahiyyatçı Elşad Miri məscidin yenidən ibadətə verilməsini təqdirəlayiq hal hesab edir: "Şəhidlər məscidi”nin bağlanmasının səbəbi Türkiyənin Ermənistanla apardığı siyasətin nəticəsi idi. Həmin məscid vaxtı ilə Azərbaycanın ən çox pul xərclənən və təmirli məscidi olub. Orada heç vaxt problem yaşanmayıb. Fikrimcə, ibadət evinin yenidən açılması 2016-cı ilin "Multikulturalizm ili” elan olunması ilə bağlıdır. İstənilən halda məscidin yenidən istifadəyə verilməsi alqışlanmalıdır.

Şəxsən, mən bu xəbəri eşidəndə çox sevindim. Deməli, problemlər artıq aradan qalxmağa başlayıb. Hesab edirəm ki, bu sahədə atılan addımlar maddiyyatla mənəviyyata eyni gözlə baxan bəzi şəxslər üçün gözəl nümunə, dərs olacaq. Eyni zamanda sünnilərin şiələrlə bir yerdə namaz qılması çox mühüm hadisədir və neqativ hallar üçün yaxşı örnəkdir. Ümid edirəm ki, ölkəmizdə hər iki məzhəbin kütləvi şəkildə birgə, vəhdət halında eyni məscidlərdə namaz qılacağı günlərin şahidi olacağıq”. İlahiyyatçıya görə, atılan addımları gözəl başlanğıc hesab etmək olar: "Ümid edirəm ki, hər şey daha yaxşı olacaq. Azərbaycana məscid bağlayan ölkə kimi yox, əksinə, məscidlər açan ölkə kimi baxacaqlar. Bu gün bir çox müsəlman ölkələrində eyni məzhəbə mənsub olan tərəflər arasında ciddi ziddiyyət var. Sünni məzhəbinə mənsub olan şafilərlə digər sünni məzhəbi sayılan hənəfilərin bir məsciddə namaz qılmadığı bir dünyada şiələrlə sünnilərin birlikdə ibadət etməsi təqdirəlayiq haldır. Bu, həm dövlətimizin imici, həm də ölkədə yaşayan müsəlmanlar baxımından çox müsbət nəticələrə gətirib çıxaracaq”.

İsmayıl