“Türkiyə - Azərbaycan media platforması tərəfdaşlar cəlb edəcək”

“Bu platformaya  Türk Şurasına üzv olan digər qardaş ölkələrin də mediaları qoşula bilər"

Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri  Hikmət Hacıyevin rəhbərliyi etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib. Səfər  iki ölkə arasında birgə media platforması yaratmaq və fikir mübadiləsini həyata keçirmək məqsədi ilə gerçəkləşib.

Birgə toplantıda çıxış edən H. Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyə-Azərbaycan Media Platformasının yaradılması üçün razılığa gəldiklərini açıqlayıblar.
İki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək təşəbbüsü Azərbaycanın mətbuat nümayəndələri təqdir edir.



Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında Türkiyə Azərbaycan media platformasının yaradılmasını  strateji əhəmiyyətli bir qərar  olduğunu deyib. Onun sözlərinə görə, bu qərar hər iki dövlətin  əslində isə bir  millətin  maraqları baxımından olduqca uzunmüddətli perspektivlərə hesablanıb:

 "Postmodernist cəmiyyətlərin əsas səciyyəvi xüsusiyyətlərindən biri onun informasiya cəmiyyəti olmasındadır. Hazırda qloballaşan dünyada  inteqrasiyanı və maraqları təmin edən əsas platformalardan biri məhz  informasiya platformasıdır.

 Belə olan halda qlobal informasiya məkanında daha böyük və  effektiv  bir platformaya sahib ola bilmək çox böyük üstünlükdür.  Daha dəqiq desək, Azərbaycan mediası ənənəvi olaraq rusdilli media mühitində özünü rahat hiss edə bilir və qardaş ölkənin informasiya maraqlarını bu platformaya daşıya bilər.

Türkiyə mediası isə ingilis və fransız dilli media paltformasında ənənəvi yerə malikdir  və o da həmin platformada Azərbaycanın informasiya maraqlarının yerinə gətirilməsini təmin edə bilər". 

 H.Hacıyevin çıxışına istinad edən millət vəkili hesab edir ki,  televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, mütəxəssis mübadilə proqramlarının hazırlanması, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qaralama kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol olacaq:

 "Türkiyə Azərbaycan media platforması düşünüldüyü kimi reallaşdırıldığı təqdirdə özünə yeni -yeni tərəfdaşlar da cəlb edəcək. Hətta növbəti mərhələdə bu platformaya  Türk Şurasına üzv olan digər qardaş ölkələrin də medialarının  qoşulacağını zənn edirəm .Eyni zamanda ortaq maraqları olan digər dövlətlər, Gürcüstan, Ukrayna, Macarıstan və s. kimi ölkələr də bu platformada tərəfdaşlıq edə bilərlər.

 Ancaq bunun üçün bir sıra məsələlərə kiçik korrektələr də edilməlidir . Çünki ortaq media platformasının yaradılması bunu zəruri edir. Bunlardan biri ortaq türk dilinin sürətlə formalaşmasına mane olan baryerlərin aradan qaldırılmasıdır .

 Ortaq media platformasının ortaq dili formalaşmalıdır ki , ortaq məqsədlərimizin daha sürətlə və daha effektiv şəkildə reallaşmasını təmin etsin. Əgər buna nail ola bilsək, qısa müddətdə dil, ictimai diplomatiya , ədəbi- bədii mühit, mədəniyyət və mənəviyyat, turizm, texnalogiyalar , elmi texniki tərəqqi və s. kimi  sahəsində  elə perespektivlər yaranacaq. 

Bütün bunlar isə bir millət dediyimiz millətin ən yeni tarixində növbəti təkamül hadisəsini yaradacaq. Ona görə də Türkiyə -Azərbaycan media platformasının yaradılmasını yalnız alqışlamaq olar".