Ermənistan hər vəchlə danışıqlar prosesini pozmağa, beynəlxalq müstəvidə Madrid prinsiplərinin üzərindən xətt çəkilməsinə çalışır.
Ermənistan hakimiyətinin hərbi ritoirikanı gücləndirməsinin başlıca səbəbi isə diqqəti ölkədəki ağır iqtisadi vəziyyətdən yayındırmaq cəhdidir. Paşinyan hakimiyyəti artıq xalqın problemlərini həll edə bilmir.
Ermənistandakı iqtisadi və siyasi vəziyyətin pisləşməsi hakimiyyət orqanlarını daxili problemlərdən diqqəti yayındırmaq üçün hücum xarakterli, daha kəskin xarici siyasət aparmağa məcbur edir.
Qondarma rejimin “başçısı” Araik Arutunyanın Gəncənin vurulması, müharibəyə hazırlıq çağırışları, Ermənistanda hərbi könüllülər dəstələrinin yaradılması və.s kimi addımlardan da görünür ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və yeni hərbi kampaniyaya başlamaq niyyəti güdür.
Lakin Ermənistan hakimiyyəti bu siyasətini davam etdirərsə, mövcud problemləri daha da dərinləşdirəcək. Bütün cəbhələrdə işğalçı və təcavüzkar Ermənistanın Azərbaycana uduzduğunu vurğulayan millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, diplomatik uğurlarımız sayəsində Ermənistan hakimiyyəti ardıcıl sarsıdıcı zərbələr almaqdadır.
İyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törədilən təxribatı xatırladan deputatın "Sherg.az"a açıqlamasına görə, bu fitnəkarlıqdan sonra dünya ictimaiyyəti erməniləri daha yaxşı tanımağa başlayıb:
"Azərbaycan Ordusu tərəfindən geri oturdulan və layiqli cavabını alan düşmən çaşqınlıq içindədir. İşğalçı ölkə hazırda siyasi-iqtisadi böhran, siyasi xaos, hərbi məğlubiyyətin acısı ilə yaşayır.
Hətta illərdir arxalarında dayanan və Azərbaycanın üzərinə hücum əmri verən dairələr, mərkəzlər, açıq-gizli havadarlar, dəstəkçilər indi onların köməyinə çata bilmir.
Paşinyan hökuməti artıq başını itirib və onun tərəfindən atılan isterik addımlar da bunun göstəricisidir. İşğalçı ölkənin siyasi dairələri son çarəni yüz illərdir təxribatla, terrorla məşğul olan erməni lobbisi və diasporunda axtarsa da, istəyinə nail ola bilmədilər. Əksinə, Paşinyan və onun hakimiyyəti daha rəzil vəziyyətə düşdü".
Bütün bunların fonunda Paşinyanın Qarabağ səfərinə diqqət çəkən millət vəkili hesab edir ki, Ermənistan hakimiyyəti Azərbaycana qarşı yeni hücum planları qurur, hərbi əməliyyatların yenidən bərpasına, növbəti təxribatlara başlamaq niyyətindədir:
"Lakin Azərbaycan dövləti və ordusu buna imkan verməyəcək. Çünki bizim düşmənin təxribatına və hücumlarına cavab vermək üçün kifayət qədər imkanımız var".