Tofiq Yaqublu EVİNDƏ...! – “Bu, dövlətin növbəti humanist addımıdır”

Ölkənin tanınmış ziyalıları və bir neçə deputat Müsavat partiyasının üzvü Tofiq Yaqublunun azadlığa çıxması üçün dövlət başçısına müraciət edib. Müraciətdən sonra  Bakı Apelyasiya Məhkəməsində Tofiq Yaqublunun apelyasiya şikayətinə baxılıb.
Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə T.Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı qərar verilib. 

Bu qərarı humanist addım kimi qiymətləndirən ölkə ictimaiyyəti yaranmış vəziyyəti kampaniyaya çevirərək T.Yaqublunun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin bu antiinsani davranışını qınayıb. Millət vəkili Hikmət Babaoğlunun "Sherg.az"a açıqlamasında  hər bir vətəndaşın həyatı və  sağlamlığının  dövlətimiz üçün  qiymətli olduğunu deyib.  Onun sözlərinə görə, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün  isə insan həyatının heç bir dəyəri yoxdur: 

"Onları vətəndaşımızın həbsindən , sağlamlığından, azadlığından daha çox şəxsi siyasi  çıxarları maraqlandırır. İctimai vicdanı ağrıdan da elə budur . Ancaq bu marginal qruplardan fərqli olar xeyli sayda ziyalılarımız, millət vəkillərimiz , yerli insan hüquq müdafiəsi təşkilatları təmsilçilərimiz də var idi ki , onlar hüququn nə üçün tətbiq olunduğunu obyektiv qiymətləndirərək dövlətimzin Tofiq Yaqublu üçün istisna humanist mövqe ortaya qoymasını xahiş etdilər". 

Millət vəkilinin sözlərinə görə, hadisəni istismar edənlər isə yeni qərarın onların təzyiqi nəticəsində baş tutduğunu iddia edərək həm dövlətimizin ədalətini , həm hüquqi sistemimizin hümanizmini gözdən salmağa çalışırlar:

"Ancaq ictimai rəyin obyektiv əsaslarda qəbul etdiyi gerçəklik budur ki , Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib və bu yüksək qiymətləndirilməli hadisədir.

Məhkəmə T.Yaqublunun sağlıq durumunda ciddi problem yaranmamasına yol verməmək üçün onun barəsində çıxarılmış qərarı dəyişdirdi. Bu Azərbaycan dövlətinin növbəti humanist addımı, insan həyatını ən ali dəyər kimi qiymətləndirməsinin ən bariz nümunələrindən biridir. 

Odur ki, T.Yaqublu ilə bağlı qəbul olunmuş yeni qərar heç kimə dövlətlə şantaj dili ilə danışmağa əsas vermir".