Azərbaycan qadın mətbuatının tarixi...

Sovet dönəmində nəşr olunan “Şərq qadını” zəngin irsə malikdir



(... əvvəli ötən sayımızda)

Azərbaycanda "insanlar üçün həyati və zəruri bir məsələni” əhatə edən qadın mətbuatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Elə bir zamana ki, qadın problemi, ona münasibət, insan hüquqlarının qorunması kimi qəliz məsələlər əsrin ilk onilliyində çıxan demokratik ruhlu qəzet və jurnalların əhatə dairəsinə sığmadı, ictimaiyyətin diqqətində olan qadınların maarifləndirilməsi, qadın azadlığı məsələləri qadın mətbuatının yaranması zərurətini doğurub.

Xüsusən də, 1918-1920-ci və daha sonrakı illərdə qadın hərəkatının güclənməsi daha ardıcıl qadın mətbuatının yaranmasını zəruri edib. Azərbaycan hökuməti qadın hərəkatına istiqamət vermək, bu sahədə qadınlara kömək etmək məqsədilə əvvəlcə ayrı-ayrı səhifələr, sonra "Zəhmətkeş qadınların yolu” və "Qafqaziya zəhmətkeş qadınların yolu” adlı qəzetlərin nəşrini qərara alıb. 1922-ci ildə isə Tiflisdə "Zaqafqaziya zəhmətkeş qadını” adlı jurnal nəşr olunmağa başlayıb. Jurnal qadınları azadlığa səsləyir, qadın hüquqlarından bəhs edib.

Lakin bunlar genişlənən qadın hərəkatını əhatəli işıqlandıra bilmirdi. Odur ki, hər respublikanın özündə, ana dilində ayrıca qadın jurnalının nəşr edilməsi qərara alınıb. Beləliklə, 1923-cü ildə Azərbaycan qadınlarının siyasi həyatında mühüm bir hadisə oldu. Həmin il noyabr ayında

Azərbaycan Qadınlar Şurasının orqanı "Şərq qadını” jurnalının ilk sayı çapdan çıxıb. 40 səhifədən ibarət min nüsxə tirajla çap edilmiş bu jurnalın üz qabığında daş ehramlar fonunda üç qadın şəkli çəkilib. Onlardan birinin üzü çadra ilə örtülüb, ayaqlarına zəncir vurulub. İkinci qadın çadrasını açıb, günəşin qızılı şəfəqləri ilə boyanmış Şərqə baxır. Üçüncü qadın isə onun əlindən tutaraq yeni tikilmiş bir imarətin pillələri ilə yuxarı qaldırır və sanki deyirdi: "Əsrlərcə qara çadraya bürünmüş, dünya işığına həsrət qalmış, ey Şərq qadını, oyan! Yeni həyat səni çağırır!”

Birtərəfli inqilabi pafosla ifadə olunmuş belə rəmzi məna ilə Şərq aləmində azadlıq sədaları yayan bu jurnal Azərbaycan qadınlarının mübariz tribunasına çevrilib.

İlk sayından qarşısına böyük məqsəd qoyan bu jurnalın ilk redaktoru Ayna Sultanova, redaksiya heyətinin üzvləri Azərbaycanın ilk publisist qadını Şəfiqə xanım Əfəndizadə, görkəmli maarif xadimi Mədinə xanım Qiyasbəyli, qadın hərəkatının mübariz xadimləri Mina xanım Mirzəyeva və Xanımnaz Əzizbəyova olub.

"Şərq qadını” müsəlman Şərqində gözlərə nur çiləyən bir məşəl kimi şölə saçıb. Onun azadlıq, bərabərlik, maarif və mədəniyyət ruhlu səsi Şimali Azərbaycanın hüdudlarını aşıb bir çox ölkələrə yayılıb. Jurnal oyanan, intibah edən odlar diyarının səsi olub. O, bütün Şərq qadınlarını ayağa qalxmağa, öz azadlığı, hüquqları uğrunda mübarizəyə çağırıb. Onun hər sayı ürəklərə sevinc, şüurlara, düşüncələrə azadlıq hissi gətirir, gələcəyə tikilən gözlərdə ümid şöləsi yandırıb.

Jurnalda dərc edilən yazılar könüllərə yol açır, zəkaları nurlandırırdı. Jurnal köhnə dünyanın tör-töküntülərini, cəhalətpərəs adamları tənqid edib, Azərbaycanda həyata keçirilən mədəni tədbirləri tərənnüm edib, qadınları ictimai həyata səsləyib.

"Şərq qadını” tərəqqipərvər müəllimlərin və ictimai xadimlərin qüvvəsinə arxalanaraq qadın təhsilinin, məktəbəqədər tərbiyənin mühüm problemlərinin həllində görkəmli rol oynayıb. Azərbaycanda qadınların, qızların təhsili, qız məktəblərinin, kursların təşkili, burada aparılan təlim-tərbiyə işi məsələlərinə müntəzəm yer verilib. "Şərq qadını” jurnalı qadın azadlığı hərəkatına istiqamət verən, yol göstərən bir mayak kimi işıq saçıb. Azərbaycanın ən ucqar yerlərində belə jurnalın nüsxələri əldən-ələ gəzib. "Şərq qadını” jurnalı hər zaman qadın azadlığı və təhsili uğrunda mübarizə aparan gənclərin köməyinə gəlib. Onun hər sayı bu yolda irəliləyən qadınlar üçün bir təlimat və proqram olub. Jurnalın səhifələrindən ucalan azadlıq səsi Türkiyənin, İranın, Əfqanıstanın qadınlarını da hərəkətə gətirib. Redaksiyanın ünvanına İstanbuldan, Tehrandan, Təbrizdən, Qəzvindən məktublar gəlib. 1926-cı ildə İranın Rəşt şəhərindən alınmış məktubda yazılıb: "Şərq qadını” jurnalının nəşri İran qadınları arasında da böyük intibah yaradıb. İndi İran qadınları öz hüquqları qeydinə qalmağa çalışırlar. Belə ki, Rəşt şəhərində ilk dəfə ziyalı qadınlardan Mərziyə Zərabi xanım təşəbbüs göstərərək "Nameyi-Nisvani-Şərq” adlı məcmuə nəşr etməyə başlayıblar”. "Şərq qadını” jurnalının bir tarixi rolu da odur ki, bu azad nəfəsli, xoşməramlı mətbuat orqanının ətrafında Azərbaycanın bütün savadlı, oxumuş, mübariz qadınları toplaşıblar. Jurnal qadın publisistlərin, şair və yazıçıların yetişməsi üçün bir məktəb rolunu oynayıb. Elmə, mədəniyyətə, incəsənətə, təbabətə marağı olan qadınların, qızların ilk məqalələri bu jurnalın səhifələrində dərc edilib. Azərbaycanın ilk yazıçı və jurnalist qadınları ilə bərabər, görkəmli bədii söz ustalarının - C.Məmmədquluzadənin, S.S.Axundovun, A.Şaiqin, S.Hüseyninin, Y.V.Çəmənzəminlinin, T.Şahbazinin, H.Cavidin və başqa yazıçıların öz hüquqları uğrunda mübarizəyə qoşulan qadınlarımızın həyatlarına həsr etdikləri hekayə və şeirləri tez-tez çap olunub.

İyirminci illərin axırları və otuzuncu illərin əvvəllərində Azərbaycanda quruculuq işləri həyata keçirilib. "Şərq qadını” bu sahədə əldə edilən nailiyyətləri fərəhlə qeyd edib. Bu dövrdə "Şərq qadını” jurnalının mövzu dairəsi daha da genişlənib. Jurnalın kənd müxbirliyindən redaktoru səviyyəsinə yüksəlmiş Gülarə Köylü qızı "Şərq qadını yeni vəzifələr qarşısında” adlı məqaləsində yazıb ki, qadınların savadlanması, mədəni həyata qaynayıb-qarışması üçün jurnal böyük rol oynayıb: "Lakin indi qarşımızda yeni vəzifələr durur. İstehsalatda qadınların artması, ictimai-siyasi həyatda onların fəallaşması bir sıra problemlərin həllini tələb edir. Qadınların hüquqlarının qorunması, onların irəli çəkilməsi, yeni uşaq bağçalarının, körpələr evlərinin təşkili, qadınların mədəni-məişət işinin, həyat şəraitinin yaxşılaşdırılması və başqa məsələlərin həlli jurnalın fəaliyyətinin əsas məqsədi olmalıdır”.

"Şərq qadını” 1938-ci il fevral ayından "Azərbaycan qadını” adı ilə nəşr olunmağa başlayıb. Repressiya nəticəsində həbs edilib sürgünə göndərilmiş görkəmli ictimai xadim, alovlu publisist, jurnalın redaktoru Gülarə Köylü qızının yerinə qısa müddətdə - 1937-1940-cı illərdə o zaman biliyi, təcrübəsi az olan Zəhra Kərimova, Barat Kərimova, Züleyxa Əliyeva redaktor təyin edilib. Jurnalın bir çox müəllifi, müxbiri həbs olunub. Belə bir dövrdə jurnal böhran vəziyyətinə düşüb.

1941-1945-ci illərin ağır müharibəsi də jurnalın fəaliyyətinə zərbə vurub. Həmin qanlı-qadalı illərdə onun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

1951-ci ilin mart ayında "Azərbaycan qadını” jurnalı nəşrə başlayıb. Bu jurnal qadınların elm, mədəniyyət, incəsənət, təhsil, təsərrüfat, ictimai-sosial sahələrdə qazandıqları nailiyyətlərdən yazır, qadınların məişət və həyat şəraitinin yaxşılaşdırılması məsələlərini işıqlandırıb.

"Azərbaycan qadını” bu dövrdə yeniliyi, mədəni yüksəlişi təbliğ etməklə bərabər, sənaye müəssisələrində, bölgələrdə tez-tez görüşlər, oxucu konfransları keçib. Bu tədbirlərdə söylənilən arzular, təkliflər jurnalın səhifələrində öz əksini tapıb. Həmin yazılar, məqalələr, oçerklər, fotolar Azərbaycan qadınlarının yazılı mənbələri kimi çox qiymətlidir.

"Azərbaycan qadını” jurnalı xalqımızın keşməkeşli taleyinin, həyatının, əlamətdar və faciəli günlərinin salnaməsidir. Əgər onun keçmiş olduğu yolu diqqətlə araşdırsaq, burada Həsən bəy Zərdabinin və onun ideya ardıcılları maarifpərvər ziyalılarımızın arzularının həyata keçdiyini aydın görərik. Vaxt olub ki, onun redaktorları məhşər ayağına çəkilib, danlanıb, vəzifədən kənar ediliblər. Zamanın hökmləri bəzən bu azadlıq carçısının məzmununa, bədii səviyyəsinə, hətta zahiri görkəminə təsir göstəribsə də, onun vətənsevər əməkdaşları jurnalın milli-mənəvi ruhunu, qadir amalını qoruyub saxlaya bilibdilər.

1965-1972-ci illərdə Şəfiqə xanım Ağayeva, 1972-1996-cı illərdə isə yazıçı Xalidə xanım Hasilova jurnala başçılıq edib. Onların böyük səyi nəticəsində jurnalın ideya-bədii səviyyəsi xeyli yaxşılaşmış, tirajı 30 mindən artıb 320 mini ötüb. Bu dövrdə "Gözəllik aləmində”, "Mədəniyyət tariximizdən”, "Açılmamış səhifələr”, "Teatr”, "İncəsənət”, "Poeziya yarpaqları”, "Mənəvi tərbiyə”, "El sənətkarları”, "Xarici rəfiqələrimizin həyatı”, "Uşaq səhifəsi” və s. yeni rubrikalar altında respublikamızın tanınmış alimləri, incəsənət xadimləri, yazıçılar tez-tez çıxış ediblər. Onlar öz elmi-nəzəri və bədii fikirləri ilə oxucuların zövqünün, mədəni səviyyəsinin yüksəlməsinə çalışmaqla yanaşı, xalqımızın istedadlı qadınlarını da öz məqalələri, yazıları ilə tanıdıblar. "Azərbaycan qadını” jurnalının yubileyləri həmişə respublikada mədəni hadisəyə dönmüş, qadınlarımızın fəallaşmasına kömək edib. Jurnalın yarım əsrlik yubileyi isə onun tarixində ən əlamətdar hadisə kimi qalacaqdır. 1974-cü ildə dövlət səviyyəsində keçirilmiş bu böyük təntənədə respublikamızın rəhbəri, möhtərəm cənab Heydər Əliyev iştirak edərək, geniş nitq söyləyib. Jurnal "Şərəf nişanı” ordeni ilə təltif edilib.

(davamı olacaq...)

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb