CAVİDAN AYB-niz üzvü, Prezident təqaüdçüsü
Daşlaşmış ürəklər
Ya Rəbb! Bu cahan gör necə bərbad olub, əfsus! –
İnsanlar azıb, qardaş ikən yad olub, əfsus!
Hər yanda ölüm, faciə, hər yanda günah var, –
Dəhşət! Əyilib şeytana təzim ilə başlar!
Hər yanda riya, fitnə-fəsad, dürlü yalanlar...
Heyrət! Girib insan donuna əfi ilanlar!
Hər yanda savaş... tapdalanır qanlı bələklər!..
Ya Rəbb!.. Unudub rəhmi bu daşlaşmış ürəklər!..
Bəsdir!.. Daha bəsdir!.. Ana fəryadları kəssin!..
Qoy titrəsin aləm, dəli bir fırtına əssin!
Əssin! Bu günah vadisini yıxsın, uçursun!
Ən yüksək ədalət qəti bir məhkəmə qursun!
Batsın, yerə girsin bu gülünc, kor təriqətlər,
Qalxsın ayağa üstü qapanmış həqiqətlər!
Bəsdir! Daha bəsdir! Daha bitsin bu əzab, qəm!
Əjdər kimi qoy kükrəyib atəşli cəhənnəm
Xainləri, zalımları, şeytanları udsun!..
Hər pisliyi, hər zilləti insanlıq unutsun!..
Dalğalar
Sevgilim, küləklə çarpışır dəniz,
dalğalar qıvrılır saçların kimi.
Gəzirəm sahili fikirli, sənsiz,
sevgimin bu küskün, bu məlul dəmi.
Sevgilim, yadıma düşürsən yenə:
havada oynadır saçını külək
Açıb qollarını qaçdıqca mənə,
Elə bil, uçursan bir qağayıtək.
Səni qucaqlayıb, sıxıb sinəmə,
Saçını doyunca qoxlayıram mən.
Sarmaşıq qollarım sarılıb sənə,
Buraxmaq istəmir səni sinəmdən.
Sonra ayaqyalın, verib əl-ələ,
Dəniz sahilini gəzirik qoşa.
Dəniz dalğalanır, xəyallar ilə
Onu seyr edirik verib baş-başa...
İndi sənsiz-sənsiz xəyala dalır,
Könlüm bu sahildə axtarır səni...
Elə bil, dalğalar yadıma salır
Sularda qərq olan gülüşlərini.
Sənin yoxluğunun səssizliyində
Necə qərib gəlir mənə dalğalar,
Dəniz sahilinin sənsizliyində
İndi bir mən varam, bir də külək var.
Bu eşqdən yadigar nə qoyduq ki biz?
Bu eşqin quruca nəfəsi vardı.
Qalmışdı sahildə qoşa izimiz,
Onu da dalğalar yuyub apardı.
Sevgi unudulmur...
Ayrılıb gedəndə "unut!” - demişdin,
Mən isə susmuşdum fikrə gedərək.
"Sevirəm!” - deməyə tələsməmişdin
"Gedirəm!” - deməyə tələsdiyintək.
Nə yerə, nə göyə o gərək deyil,
Bir eşqin son sözü "unut” olursa!
Məgər bilmirsənmi, ey dili-qafil,
Ölür bir məhəbbət unudulursa?!
Özün de, ömrümün bu sənsiz dəmi
Mən necə unudum xatirələri?
Ömrümə dolanıb sarmaşıq kimi
Xəyalın... sən özün gedəndən bəri...
Bir könül sındırmaq böyük bir günah!
Sən hardan biləsən nə çəkdiyimi?
Mənim ürəyimi verəydi Allah
Sənə bircə günlük bir əzab kimi!
Hiss edib qəlbimin iztirabını,
Onda "unut” - söylə, söyləyə bilsən!
Sən hardan biləsən eşq əzabını?
Elə ona görə "unut” - deyirsən!
Mən yaxşı bilirəm, sən də yaxşı bil,
Sevgi unudulmur gerçək olursa!
Məgər bilmirsənmi, ey dili-qafil,
Ölür bir məhəbbət unudulursa?!..
Get
"Gedəcəm!” - deyirsən, o qapı, o sən,
Mən səni yolundan saxlamayacam.
Sıxıb dişlərimi, susacağam mən,
Sənə "getmə!” - deyib, ağlamayacam.
"Gedəcəm!” - deyirsən, niyə durmusan?..
İndidən çıxıb get, yolun açıqdı!..
Sən belə deyildin, dəyişdin yaman,
Nə oldu, şeytanmı qarşına çıxdı?
Sən o sən deyilsən, yadsan, özgəsən,
Mən necə özgəylə üzbəüz durum?
Soyuq baxışlardan üşüyürəm mən,
Mənimçün gözlərin qarlı uçurum!
Gör mən nə sayırdım, fələk nə saydı,
Arzular qururdum, ayrıldıq... əfsus!..
O sevgi, o istək yaranmasaydı,
Yanıb-yaxılmazdım odsuz-alovsuz!
Vəfanı, iqrarı tərk etmədim mən,
Sənə həmdəm oldum, sənə yar oldum.
Dedin - "gedəcəyəm!”, dərk etmədim mən,
Neylədim qarşında günahkar oldum?
"Gedəcəm!” - deyirsən, çox qərarlısan,
Mən artıq səninlə vidalaşmışam!
Sanırdım dürüstsən, etibarlısan,
Yenə yanılmışam, yenə çaşmışam.
Qapıya üz tutdun "əlvida!” - deyə,
Önünə keçmirəm... yaxşı yol, get, get!
Artıq öyrəşmişəm tərk edilməyə,
Sən də gedənlərdən biri ol... get, get!..
O qapı açılıb-örtüləcəkdir,
Dalınca ah çəkib, "getdi!” - deyəcəm.
Suallar, nidalar nəyə gərəkdir?
"Bu da bir nağıldı, bitdi!” - deyəcəm.
Düşəcək qaranlıq, doğacaq səhər,
Aynalar şöləyə boyanacaqdır,
Mən səndən xəbərsiz... amma özgələr
Sənin yatağında oyanacaqdır.
Bilirəm, sən məni unudacaqsan,
Ölmüşəm, qalmışam bilməyəcəksən.
Səni çox sevəni unudacaqsan,
Qayıdıb yanıma gəlməyəcəksən.
"Gedəcəm!” - deyirsən, o qapı, o sən,
Mən səni yolundan saxlamayacam.
Sıxıb dişlərimi, susacağam mən,
Sənə "getmə!” - deyib, ağlamayacam!