Azərbaycan Prezidenti bacarığı və qətiyyətinin sayəsində qlobal dünyanın çağırışlarına cavab verən möhtəşəm Azərbaycan qurdu
"Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 ili qısa, lakonik şəkildə təhlil etmək mümkün deyil. Çünki ötən müddət ərzində o qədər böyük işlər görülüb ki, onları az vaxta sığdırmaq çətindir”.
Bunu "Şərq”ə açıqlamasında "Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib. Dövlət başçısının 2003-cü ildən etibarən Azərbaycana rəhbərlik etdiyi 15 illik müddəti dəyərləndirən baş redaktor ən vacib nüansları diqqətə çatdırıb:
"2003-cü ildə ulu öndərimiz xalqa müraciət edərək dedi ki, "mənim başa çatdıra bilmədiyimi əminəm ki, İlham Əliyev başa çatdıracaq. Mən ona özüm qədər inanıram”. O dövrdə bəzi qərəzli şəxslər İlham Əliyevin nəyə qadir olduğunun fərqində deyildilər. Tərəddüdə düşürdülər və fikirləşirdilər ki, görəsən İlham Əliyev ümummilli liderin davamçısı ola biləcəkmi?

Tarix göstərdi ki, necə ki, 1992-ci ildə xalq Heydər Əliyevə üz tutub o mürəkkəb dövrdə Azərbaycanın xilasını dahi liderin üzərinə qoydu və Heydər-xalq tandemi ölkəmizi fəlakətlərdən xilas etdi, eləcə də 2003-cü ildə xalq bir daha Heydər Əliyevə öz sədaqətini göstərdi. Millət ulu öndərin tezisinə uyğun olaraq İlham Əliyevi seçdi. Cənab İlham Əliyev də öz hakimiyyəti dövründə göstərdi ki, o, ən layiqli davamçı və siyasətçidir. O, xalqa öz sevgisini göstərdi, xalq da İlham Əliyevi özünün lideri kimi qəbul etdi. Ötən 15 il ərzində xalq və lider sevgisini mütləq vurğulamaq lazımdır. Bütün sahələrdə əldə olunan inkişafın təməlində liderə etimad və rəhbərin öz xalqına sevgisi dayanır”.
B.Quliyevin sözlərinə görə, regionda və beynəlxalq münasibətlər sistemində Azərbaycanın nüfuzuna nəzər saldıqda, ölkəmizin xarici siyasətinin nə qədər düzgün olduğunu görürük:
"Bizim beynəlxalq siyasətimiz balanslı və müstəqil prinspilər üzərində qurulub. İndiki dövrdə balaca bir dövlətin müstəqil siyasət aparması, dünyada tanınması çətindir, çox ölkə bunu bacarmır. Kiçik dövlətlər adətən başqa ölkənin vassalına çevrilir, ya da onun əlaltısına dönürlər. Ancaq Azərbaycan dövləti barmaqla göstərilən yeganə ölkədir ki, heç kimin vassalına çevrilmədi. Çünki bizim müstəqil siyasətimiz, hadisələrə müstəqil yanaşmamız var. Azərbaycan qonşuluq siyasətində də bu mövqeyini ortaya qoyub. Bunu da şərtləndirən əsas amil xarizmatik lider və xalqa arxalanmaqdır. Bu, imkan verir ki, Azərbaycan Prezidenti tam cəsarətlə xarici və daxili siyasətdə uğurlar əldə etsin.
Cənab Prezident 2003-cü ildə andiçmə mərasimində çıxışı zamanı qeyd etdi ki, "mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam”. Dövlət başçısı sonrakı bütün əməlləri ilə əyani şəkildə göstərdi ki, o, əsl Azərbaycan lideri kimi hər bir vətəndaşın rəhbəridir”.
Ekspertin fikrincə, dövlət başçısı İlham Əliyevin apardığı siyasətin mərkəzində insan amili dayanır:
"Bütün sahələrdə müşahidə etdiyimiz inkişaf dövlətimizin güclənməsinə, xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Ulu öndərin hakimiyyətə gəldiyi 1993-cü ildən bugünədək, yaşı 25-ə çatan hər bir gənc idman yarışlarında, elmi konfranslarda, böyük tədbirlərdə Azərbaycan dövlətinin bayrağını yüksəklərə qaldırırsa, ölkəmizi layiqli təmsil edə bilirsə, bu, Azərbaycan dövlətinin vətəndaşa göstərdiyi dəyər və diqqətin nəticəsidir. Biz bu gün fəxarətlə "Azərbaycanlıyıq” deyiriksə, bunu qısa zamanda keçdiyimiz şərəfli yola borcluyuq. Son 15 ildə nəinki Azərbaycan inkişaf etdi, eyni zamanda qlobal dünyanın çağırışlarına cavab verən möhtəşəm dövlətə çevrildi. Azərbaycan təkcə iqtisadi deyil, əqli sahədə də tərəqqiyə nail oldu, xaricə beyin məhsulları ixrac etdi, beynəlxalq standartları müəyyənləşdirdi, xüsusi modellər hazırladı. Sosial-iqtisadi sahədə yeni prinsiplər ortaya qoydu”.
B.Quliyev vurğulayıb ki, Dağlıq Qarabağ məsələsinin həllində də dövlət başçısının mövqeyi vahid, dönməz və dəyişməzdir:
"Problemin ərazi bütövlüyü prinsipi ilə həlli hər zaman Prezidentin vurğuladığı əsas şərt olub. Bu istiqamətdə son 15 ildə ordu quruculuğu sahəsində də böyük işlər görülüb. Ordumuz beynəlxalq NATO standartlarına cavab verən güclü silahlı qüvvəyə çevrilib. Bütün sahələrdə Azərbaycanda çox böyük, əvəzsiz işlər görülüb. Şübhəsiz ki, Prezident İlham Əliyevin arxalandığı güc xalqdır. Xalqımızın da etimad etdiyi yeganə rəhbər, əvəzsiz lider Heydər Əliyev ideyalarının layiqli davamçısı cənab İlham Əliyevdir”.
İsmayıl