Əli Məsimli: "Təhsil kreditlərinin 20 ildən çox olmayan müddətdə qaytarılması nəzərdə tutulur"






Millət vəkili  Əli Məsimli həmkarı Vahid Əhmədovla birlikdə Təhsil krediti haqqında qanun layihəsi hazırlayıb. Deputatlar sənədi  bir neçə dəfə Milli Məclisin iclasında müzakirəyə çıxarıblar. Bəs belə bir təşəbbüslə çıxış etmək hansı zərurətdən yaranıb? Suallarımızı Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli cavablandırır.

- Son illər Azərbaycan təhsilində ödənişli formanın payı xeyli artıb. Ali məktəblərdə təhsil alan hər 3 tələbədən 2-si ödənişli təhsil alır. Amma təhsil haqları ölkə əhalisinin xeyli hissəsinin gəlirləri ilə müqayisədə çox yüksəkdir. Bizdə orta əmək haqqı 470 manat olsa da, büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin maaşları 200-400 manat arasında, təhsil haqqları isə 900-4500 manat arasındadır. Ona görə də istedadlı gənclərin bir hissəsi çox vaxt ixtisası qabiliyyətinə görə yox, ailəsinin maddi imkanlarına uyğun seçmək məcburiyyətində qalır. İmtiyazlı təhsil kreditləri verilmədiyindən ödənişli təhsil yeni sosial problem yaradıb.Bundan başqa, bu qanunun hazırlanmasının zəruriliyinə Azərbaycan Konstitusiyasında öz əksini tapan ölkəmizdə sosial yönümlü bazar iqtisadiyyatına üstünlük veriləcəyi barədə müddəa, "Təhsil haqqında" model qanun,Təhsil strategiyasında tələbə kreditləri məsələsinə yer verilməsi, "Gənclər siyasəti”nə dair proqram sənədləri və BMT-nin XXI əsri təhsil əsri elan etməsi və sair bu kimi amillər də təsir edib.

-Layihənin hazırlanmasında hansı ölkələrin Parlamnetlərinin qanunvericilik təşəbbüsündən istifadə olunur?

-Bu qanun hazırlanarkən inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələr, postsovet ölkələri, Azərbaycanın öz təcrübəsindən və ictimai müzakirələr zamanı qaldırılan məsələlərin məntiqindən doğan ideyalar, eləcə də Azərbaycan hökumətinin 2015-ci ilədək olan dövrdə əmək haqqı, minimum sosial standartlar və inflyasiyaya dair rəsmi proqnozları əsasında 2020-ci ilədək hazırladığımız proqnozlardan istifadə edilib. Təhsil kreditlərinin sosial modelinin faizləri Alman modelinə, adi kreditlərin faiz dərəcələri isə Latviya modelinə uyğundu. Amma ümumiyyətlə götürdükdə bizim hazırladığımız qanun layihəsi beynəlxalq təcrübdən yararlanmaqla hazırlansa da,heç bir ölkınin qanunu ilə yüzdə-yüz üst-üstə düşmür və daha çox Azərbaycan reallıqlıqlarını əks etdirir. Buraya əhalinin aztəminatlı təbəqələri üçün keyfiyyətli təhsilin əlçatanlığının təmin edilməsi, keyfiyyətli ödənişli təhsilin beynəlxalq praktikada özünü doğrultmuş səmərəli maliyyələşdirmə mexanizminin yaradılması, keyfiyyətli ödənişli təhsilin maliyyə təminatına dövlət dəstəyinin gücləndirilməsi, bank sisteminin kommersiya maraqları ilə sosial məsuliyyətin tarazlığı şəraitində təhsilin keyfıyyətinin yaxşılaşdırılmasında rolunun artırılması daxildir.

-Qanun layihəsinin hansı əsas müddəalarını vurğulamaq istərdiniz?

-Qanun layihəsində təhsil kreditlərinin iki formada verilməsi təklif olunur: kommersiya xarakterli təhsil kreditləri və sosial xarakterli təhsil kreditləri olacaq. Təhsil kreditləri təyinat etibarı ilə iki istiqamətə ayrılacaq: əsas təhsil xərclərini ödəməkdən ötrü verilən kreditlər, borc alanın təhsil aldığı müddətdə qidalanma, mənzil, nəqliyyat və s.əlaqədar xərclərini ödəməkdən ötrü verilən kreditlər.
Beynəlxalq praktikada təhsil kreditlərinin faiz dərəcələri bir qayda olaraq ya simvolik xarakter daşıyır, ya da ki, ölkədəki inflyasiyanın orta illik səviyyəsinə və ya Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun səviyyədə müəyyənləşdirilir. Təhsil kreditlərinin faiz dərəcəsini istehlak kreditlərinin faiz dərəcəsinə çatdırılması təcrübəsinə də rast gəlinir. (Ukraynada-20%, Azərbaycanda-25-28%.).
Qanun layihəsinin tələblərinə görə, social xarakterli təhsil kreditlərinin faizsiz və ya simvolok olaraq 1 faizlə verilməsi təklif olunur.Kommersiya xarakterli təhsil kreditləri maksimum 5 faiz dərəcəsi ilə verilməsi məqsədəuyğun sayılır. Bu həm Azərbaycanın Mərkəzi Bankının uçot faiz dərəcəsinə(5%), həm də Azərbaycanda orta perspektivdə gözlənilən inflyasiyanın proqnoz göstəricilərinə ( 5 %-dən aşağı) uyğundur. Bu faiz dərəcəsi həm MDB məkanına aid ölkələrin daha çox tətbiq etdiyi dərəcədən xeyli aşağı (Qazaxıstan-8-12%), həm inkişaf etmiş ölkələrin (ABŞ-da 3,8-5%; İsveçdə-1%,Danimarkada-1,6%, Böyük Britanıya və digər Avropa ölkələrində inflyasiyaya uyğun səviyyədə (3 faizdən aşağı) tətbiq etdiyi orta statistik göstəriciyə yaxın, həm də postsovet məkanında, məsələn, Latviya,Estoniyadakı dərəcəyə (5 faiz), Rusiyanın Əmanət Bankı tərəfindən güzəştlə verilən təhsil kreditləri faizi (5,06%) dərəcəsinə, xüsusən də Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin faiz dərəcəsinə (6%) uyğundur.

Qanun layihəsi hazırlananda Azərbaycanın Mərkəzi Bankının uçot faiz dərəcəsi 2% idi. Bu şəraitdə Mərkəzi Bankının təhsil kreditləri vermək üçün yönəldilə bilən resursundan istifadə edən bankın 3% gəliri olardı. İndi uçot dərəcəsi 5 faizə qaldırılsa da, bir neçə ildən sonra bu variant yenə işə düşəcək. İndi ya Mərkəzi Bank təhsil krediti üçün güzəştli şərtlə müvəkkil banklara resurs verə bilər, ya da ki, məsələn, hansısa bankın təqdim etdiyi 12%-lik təhsil kreditinin 5%-nin təhsil kreditini alan şəxsin ödəməsi, 7%-nin isə dövlətin və ya beynəlxalq qurumların məqsədli proqramları çərçivəsində subsidiyalaşdırması variantına gedilə bilər.

-Təhsil kreditləri hansı müddətə ödənilməlidir?

-Təhsil kreditlərinin qaytarılması müddəti hər bir ölkənin spesifikliyindən və digər şərtlərdən asılı olaraq müxtəlifdir. Praktikada 7 ildən (Moldova) 10 ilə qədər (Almaniya, Latviya) müddət daha çox tətbiq olunur. Krediti 15 ilə (Qazaxıstan), 20 ilə (Norveç) və 10-30 ilə (ABŞ) qədər müddətə, eləcə də 30-40 ilə və müddətsiz verən ölkələr (İsveç) də var. Azərbaycanda orta əmək haqqı ilə təhsil haqqı arasında böyük fərqin hələ bir müddət qalacağını, Azərbaycan gənclərinin xeyli hissəsinin mənzil probleminin olduğunu və sair bu kimi amilləri nəzərə alaraq, layihədə təhsil kreditlərini qaytarmağın onsuz da kifayət qədər problemləri olan Azərbaycan gənci, gənc ailələr üçün əlavə ağır yükə çevrilməməsi variantına üstünlük verilib. Həm kommersiya, həm də və sosial xarakterli təhsil kreditlərinin 20 ildən çox olmayan müddətdə qaytarılması nəzərdə tutulur. Beynəlxalq praktikadan məlumdur ki, təhsil kreditlərinin faizi yüksək və müddəti dar olduqda, bu sahədəki problemli kreditlərin də payı artır və bəzən ifrat səviyyəyə çatır. Ona görə də qanun layihəsində borc alanın aldığı kommersiya və sosial xarakterli təhsil kreditlərinin 20 il müddətində qaytarılması variantı Azərbaycan reallığına daha uyğun işlək mexanizmin tərkib hissəsi hesab edilir. Adi şərtlərlə 2017-ci ildə orta hesabla 4000 manat kredit almağa başlayan tələbə hər il 5% əlavə ödəməklə, 16 il ərzində 3200 manat əlavə ilə cəmi 19200 manat və ya ayda 100 manat ətrafında pul ödəyəcək. Həmin şəxs keyfiyyətli təhsil aldıqdan sonra böyük ehtimalla 2020-2021-ci ildə azı orta statistik azərbaycanlı qədər yəni 800-900 manat gəliri olacaq. Bu gəlirin onun üçün əsas təminatçısı olan keyfiyyətli təhsil olduğundan onun haqqını əmək haqqının cəmi 11%-ni verməyə dəyər. Sonra bu ödəniş tədricən aylıq əmək haqqının 10%-dən aşağı olması etimalı böyükdür. ABŞ prezidentinin təhsil kreditləri ilə bağlı imzaladığı son qanunda elə mexanizm nəzərdə tutulur ki, təhsil krediti üçün qaytarılan haqq həmin şəxsin ailə gəlirlərinin 10 faizindən çox olmasın. Deməli bizim layihədə də belə vacib məsələlər öz təminatını tapır.

-Təhsil kreditlərinin verilməsi və qaytarılmasında dövlət hansı rolu oynayacaq?

-İlk olaraq Dövlət Təhsil Kreditləri Fondu yaradılmalıdır. Büdcədə nəzərdə tutulan pul vəsaiti hesabına həmin Fonda və müvəkkil banklara kredit resursları verilməsi, təhsili əla qiymətlərlə başa vuran borc alanların sosial kredit üzrə borcları silinməsi nəzərdə tutulur. Eləcə də təhsili əla qiymətlərlə başa vuran borc alanların kommersiya xarakterli kreditlər üzrə faiz ödənişlərini dövlət həyata keçirir.

-Bəs,  hansı güzəştlər nəzərdə tutulub?

-Təhsil kreditləri borc alan təhsilini başa vurduqdan iki il sonra ödənilməyə başlayır.
Təhsilini əla qiymətlərlə başa vuran borc alan sosial xarakterli krediti ödəməkdən azad edilir və nəticədə həmin kredit təhsili müvəfəqiyyətlə başa vuranları stimullaşdırmaq məqsədilə faktiki olaraq qranta çevrilir.Təhsilini əla qiymətlərlə başa vuran borcalan kommersiya xarakterli kreditlərə görə hesablanmış faizlərin ödənilməsindən azad edilir. Nəticədə təhsili müvəfəqiyyətlə başa vuranları stimullaşdırmaq məqsədilə kommersiya krediti faktiki olaraq sosiallaşır.

-Kreditin qaytarılmasında problem yarandıqda onun riskini kim öz üzərinə götürür?

-Təhsil illərində və möhlət müddətində riskləri dövlət öz üzərinə götürür. Borcalan işlədiyi müddətdə bədbəxt hadisələr zamanı riskləri müvafiq sığorta şirkəti öz üzərinə götürür. Qalan vaxtlarda isə risk borcalanın gələcək gəlirləri vasitəsilə onun öz üzərində qalır. Borcalan təsadüfən çıxılmaz vəziyyətə düşüb təhsildə uğursuz nəticə göstərsə, kredit dayandırılır. Beynəlxalq praktikada belə halda itkiləri dövlət və ya Almaniyada İnkişaf Bankı öz üzərinə götürür. Bizim layihədə də həmin itkiləri əvvəlcə dövlət öz üzərinə götürsə də, tələbə təhsili başa vurduqdan sonra gələcək əmək haqqı hesabına qaytarmalıdır.

-Layihənin qəbul edilməsinə hansı amillər mane olub?

- Bu layihənin reallaşdırılması 25-28 faizə təhsilə kredit verən bankların maraqlarına uyğun gəlmir. Əslində 25-26 faizə qısa müddətə verilən kreditlər təhsil krediti yox,istehlak kreditinə təhsil krediti adı qoyub, təhsil haqqlarını verə bilməyən ailələrin düşdüyü vəziyyətdən sui istifadə etmək deməkdir. Nə qədər ki,bizim hazırladığımız qanun layıhəsi qəbul edilməlib,təhsil haqqlarını verməkdə çətinlik çəkən ailələrin həmin 26 faizlik kreditlərlə soyulması prosesi davam edəcək. Layihənin qəbul edilməsinə mane olan ikinci amil isə hələlik Milli Məclisdə deputatların təqdim etdikləri qanun layihələrinə münasibətin qanunvercilikdə nəzərdə tutulan prinsiplə(deputatın qanunverilikdə təsbiq olunmauş qayrada qanun laihələri təqdim etmək hüququ var) tam üst-üstə düşməməsidir.Görünür, kiməsə elə gəlir ki, bu qanun qəbul olunsa, bundan Əli Məsimli ilə Vahid Əhmədov dividend əldə edə bilər.... Tərəqqimizin qarşısında böyük bir maneəyə çevrilmiş bu təfəkkür tərzini dəyişdirmək lazımdır Belə məsələlərdə əsas meyar bu qanunun kimin təqdim etməsi yox, xalqa faydası olmalıdır. Neçə dəfə Milli Məclisin tribunasından bəyan etmişik ki, bizə bu qanuna müəlliflik hüquqi əldə etmək yox,hər il minlərlə istedadlı gəncin təhsil haqqlarını ödəyə bilmədiyindən təhsildən kənarda qalmasının qarşının alınması vacibdir. Qanun layihəsi ümumi şəkildə Milli Məclisin layihəsi və ya Təhsil Nazırliyi ilə Milli Məclisin təşəbbüsü ilə ortaya çıxan lahihə kimi də təqdim edilə bilərlər. Biz buna yalnız şad olarıq....

-Yaxın vaxtlarda qanun layihəsinin Milli Məclisdə müzakirəsi və qəbul olunması gözlənilirmi?

-Qanun layihəsi paket halında(yəni qanun layihəsinin mətni, layihənin konseptual əsaslarını, beynəlxalq təcrübə ilə müqayicəli təhlilini və mahiyyətini əks etdirən sənəd, bu qanun qəbul ediləndə digər qanunlara əlavə və dəyişiliklər, təqdimat üçün slaytlar, layihənin maliyyə tutumu, layihəyə dövlət-hakimiyyət orqanlarının müsbət rəyi və sair) hazırlanıb Milli Məslisə hələ 2012-ci ildə təqdim edilib. Onun nə vaxt müzakirəyə çıxarılması isə Milli Məclisin rəhbərliyindən asılıdır.

Söhbətləşdi: Akif Əhmədgil