Reklam lövhələrini şəhid şəkilləri bəzəməlidir...

Zahid Oruc: “Bununla bağlı icra hakimiyyətləri tərəfindən xüsusi proqram işlənməlidir”
Məhərrəm Zülfüqarlı: “Niyə alış-veriş çağırışlarının əvəzinə bir neçə günlüyə də olsa, reklam lövhəsində şəhidlərin fotoları biri-birini daim əvəz etməsin?!”



Cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar zamanı ümumxalq səviyyəsində əsgərlərimizə dəstək aksiyaları təşkil olundu. Əllərində Azərbaycan bayrağı, dillərində "Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndirən gənclərin bu addımı millət olaraq bir yumruq olmağımızın göstəricisi idi. Atatürkün də dediyi kimi, "Mövzu Vətəndirsə, gerisi təfərrüatdır”.

Küçələrə axın etmək imkanında olmayan insanlar isə əllərində üçrəngli bayraq öz eyvanlarından əsgərlərimizlə həmrəy olduqlarını bəyan etdilər. Ruhumuzu oxşayan bir fakt da Bakının bayrağa sarılmasıdır. Paytaxt boyu çoxmərtəbəli binaların eyvanlarından, otellərin girişinə qədər hər yerdə Azərbaycan bayrağı dalğalanır. Bundan duyduğumuz qürur hissi isə sözlə ifadəyə gəlməz. Bəli, çoxdan görmək istədiyimiz bu mənzərə Qarabağ yanğımıza su səpib, sanki bizi həsrət qaldığımız torpaqlara yaxınlaşdırır.

Son həftə ərzində paytaxtdakı iaşə obyektlərinin əksəriyyətində ancaq hərbi vətənpərvərlik şərqilərinin səslənməsini də unutmamaq lazımdır. Hətta ictimai nəqliyyatda belə sərnişinləri yol boyu Şəmistan Əlizamanlının ifasında "Cənab leytenant”, "Çağırır Vətən” mahnıları müşayiət edir. Yeganə çatışmazlıq şəhər prospektlərini, küçələrini bəzəyən reklam lövhələrinin şəhid plakatları ilə əvəzlənməməsidir. Faktiki olaraq Azərbaycan müharibə şəraitindədir. Torpaqlarımız işğal altındadır. Atəşkəs rejimi hökm sürsə də, demək olar ki, hər gün cəhbə xəttində güllə səsləri eşidilir və ermənilərin atdığı güllələr nəinki əsgərlərimizin, hətta mülki vətəndaşlarımızın da həyatına son qoyur. Azərbaycan gəncliyinə örnək olan igid oğullarımız isə düşmənə layiqli cavab verir, itirdiyimiz torpaqları geri qaytarmaq naminə son damla qanına qədər döyüşür, bu yolda şəhid olurlar.

Bakı küçələrini isə bu torpağın, Vətənin qorunması uğrunda şəhid olmuş övladlarımızın şəkli əvəzinə xarici ölkələrin brend mallarını, xəzləri, ətirləri reklam edən plakatlar bəzəməkdədir. Şəhidlərimizin xatirə lövhələrini monitorlarda əks etdirmək sadə vətəndaşların imkanları xaricindədir. Görünür, imkanlı şəxslər də pullarından keçmək istəmir. Bəs dövlət qurumlarına nə gəlib? Onların da vəsaitləri yoxdur? Əgər yadlarına düşmürsə, xatırlatmaq bizdən, əməl etmək onlardan...

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, millət vəkili Zahid Orucun sözlərinə görə, əgər biz şəhidliyi müqəddəsləşdiririksə, "şəhidlər ölmür” deyiriksə, onlara dəyər verməliyik və daim diqqətdə saxlamalıyıq. Bununla bağlı icra hakimiyyətləri tərəfindən xüsusi proqram işlənməlidir. Təbliğat işinə cavabdeh qurumlar var, onlar bu işi icra etməlidirlər. Düzdür, Azərbaycan xalqı və dövləti tərəfindən şəhidlərə dəyər verilir, onların adı müxtəlif cür əbədiləşdirilir. Amma müasir dünyada daha təsirli, daha qabarıq vasitələr var. Elektron reklam lövhələri bunlardan biridir. Elektron lövhələrdə reklam mətnləri sürətlə yenilənir. Şəhid şəkillərinin həmin reklam mətnləri ilə növbələşməsi, onlar barədə qısa və dolğun məlumatların verilməsini təmin etmək çox asan bir işdir. Hesab edirəm ki, bu təşəbbüs media üzərindən davamlı qaldırılmalıdır.

"İctimai Problemlərin Tədqiqi Assosiasiyası”nın sədri Məhərrəm Zülfüqarlı:

- Əvvəla onu deyim ki, Azərbaycanın işğal altında qalan torpaqlarının geri qaytarılması, ərazi bütövlüyünün bərpası məqsədi ilə keçirilən hərbi əməliyyatlar, üç günlük döyüş xalqımızın birliyini, bütövlüyünü bir daha sübuta yetirdi. Bütün dünya dövlətləri ordumuzun torpaqlarımızı işğaldan azad etməyə qadir, xalqımızın isə hər zaman öz əsgərlərinin arxasında olduğunun şahidi oldu. Eyvanlardan Azərbaycan bayraqlarının asılması, paytaxt və yerlərlə yanaşı, dünyanın dörd bir bucağında Qarabağa ədalət, əsgərlərə dəstək aksiyalarının keçirilməsi də öz növbəsində bizim məğrur bir xalq olduğumuzun göstəricisidir. Son bir həftə ərzində yaşanan bütün bu hadisələr hər birimizin könlünü oxşadı, bizi hədsiz dərəcədə qürurlandırdı. Biz 1988-90-cı illərdə də eynən bu hissləri yaşayıb, bir millət olaraq öz müqəddəratımızı təmin etmişdik. 20 Yanvar şəhidlərinin dəfnində milyonlarla insan küçələrə çıxıb, öz şəhidinə ağlayırdı. Son həftədə şəhid olan gənclərimizin dəfni zamanı da gördüm ki, xalq həmin xalqdır. Nə inamı, nə də ruhu ölüb.

M.Zülfüqarlı da öz növbəsində şəhər prospektlərini, küçələrini bəzəyən reklam lövhələrinin şəhid plakatları ilə əvəzlənməməsinin təqdirəlayiq olduğunu vurğulayıb: "Bu çox vacib, çox önəmli məsələdir ki, torpaqlarının 20 faizi işğal altında olan bir ölkədə yaşayırıqsa, təbii ki, bu mövzuya da çox həssas yanaşılmalıdır. Burada bütün mümkün vasitələrdən istifadə etmək olar. Amma bu olmasa belə, Azərbaycan xalqı öz şəhidinə dəyər verir. Şəhidlər heç zaman unudulmur, yaddan çıxmır. Küçələrdə şəhidlərin xatirəsini əks etdirən plakatlara, şəhid şəkillərinə İran İslam Respublikasında rastlaşmışam. Bu təcrübədən bizim də yararlanmağımız yaxşı olar. Niyə də alış-veriş çağırışlarının əvəzinə bir neçə günlüyə də olsa, reklam lövhəsində şəhidlərin fotoları biri-birini daim əvəz etməsin?!”.

Şəymən