Ən keyfiyyətsiz gün eynəkləri Bakıda satılır
Küçədən alınan malların fəsadlarına diqqət yetirməyən vətəndaşlar sonunda gözlərindən də olur
Artıq havalar isinib və yaz günəşi gözlərimizi qamaşdırır. Bu səbəbdən gün eynəklərindən istifadə edənlərin və satışların sayı artıb. Həm ticarət obyektlərində, həm səyyar şəkildə necə gəldi satılan gün eynəklərinin gözlərimizin mühafizəsinə yararlı olub-olmaması isə sual altındadır. Eynək seçiminə müxtəlif cür diqqət edən alıcıların əksəriyyəti isə satılan eynəklərin keyfiyyətinə fikir vermir. Yalnız xarici görünüşünə və ucuz qiymətinə üstünlük verən istifadəçilər öz zövqlərinə uyğun seçim edir və onları alırlar. Seçib aldıqları bu eynəklərin keyfiyyəti, yaratdığı fəsadlarla bağlı məlumatlar isə kifayət qədər məhduddur.
Çeşid çoxluğu ilə qarşılaşan insanlar məlumatsızlıq səbəbindən əksərən keyfiyyətsiz gün eynəkləri aldıqlarının fərqində belə olmurlar. Sonradan bir çox problemlərlə qarşılaşdıqda artıq gec olur. Ucuz, görünüşcə zövq oxşayan eynəklər gözlərdə qızartı, yaşarma kimi fəsadlarla başlayan və zəiflik hallarına qədər gətirib çıxaran fəsadlar törədir.
Bu barədə "Şərq”ə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov istehsalda və satışda ucuz, keyfiyyətsiz eynəklərin artmasının onlara tələbatın çox olmasından irəli gəldiyini bildirib: "Keyfiyyəti istehlakçılar özləri tənzimləməlidir. Azad bazar fəaliyyətinin göstəricisi olaraq bu tip keyfiyyətsiz mal satışlarının artmasına ciddi nəzarət olunmur. Alıcılar əsasən ucuz və görünüşcə fərqlənən eynəklərə üstünlük verdiyinə görə onların istehsalı da artır. Tədricən bu proses daha da genişlənir və keyfiyyət aşağı düşür. Bu halın aradan qaldırılması üçün insanlar keyfiyyətli eynəkləri daha çox almağa çalışsa, keyfiyyətsiz eynəklərin satışları azalar və qiymətin tənzimlənməsinə də nail olarıq”.
Keyfiyyətsiz gün eynəklərinin daha çox xarici ölkələrdən gətirildiyini deyən ekspertin sözlərinə görə, əgər nəzarət olunmadan bazarlara çıxarılan bu məhsullara maraq olmasa, satışlarında müəyyən azalma yaranacaq: "Normal müəssisələrdə və ya satış obyektlərində eynəyin keyfiyyətinin yoxlanılması üçün lövhədən istifadə olunur. Bu lövhə elə bir qurğudur ki, keyfiyyətsiz eynəkləri aşkar edir və alıcıların seçim imkanına təsir edir. Elə keyfiyyətsiz eynəklər var ki, mən onların satışını hətta inkişaf cəhətdən ən geri ölkələrdə müşahidə etmişəm. İnsanların sıx olduğu yerlərdə hətta səyyar şəkildə, necə gəldi satılan bu eynəklər əhalinin diqqətini cəlb edir. Hətta qış vaxtı da maşın sürən bir çox insanların gün eynəyi istifadə etdiyini görürük. Hərdən fikirləşirəm ki, bilərəkdən ilin bütün fəsillərində, lazım oldu olmadı, keyfiyyətsiz gözlüklərdən istifadə edən insanlar gözlərini kor etməyə çalışırlar”.
Düzgün eynəklərin seçilməsində diqqət edilməli məqamları "Şərq”ə açıqlayan oftolmoloq Aynur Zöhrabova şüşə, polikarbonat plastikdən və akril plastikdən düzəldilən eynəklərin daha təhlükəsiz və istifadə üçün yararlı olduğunu dedi. Həkimin sözlərinə görə, gün eynəkləri əsasən ultrabənövşəyi şüaları udan xüsusi materialdan hazırlanmalıdır. Gün eynəklərinin elə kateqoriyası var ki, xüsusi olaraq, sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub. Bu, polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüaları deyil, həm də islanmış yola, qar və suyun üzünə düşən işıq şəfəqlərini də neytrallaşdırırlar. Məhz belə eynəklərdən həm dənizdə, həm də qarlı dağlarda istirahət zamanı istifadə edə bilərsiniz. Lakin satışda olan eynəklərin bir qismi plasmasdan, adi tünd şüşədən hazırlanır ki, bu materiallar günəş şüalarını udmaq qabiliyyətinə malik deyillər və insan sağlamlığı üçün təhlükəlidir: "Eynək seçərkən ən əsas prinsip müxtəlif modellər arasından özünüzə ən rahatını tapmaqdır. Yaxşı olar ki, eynək alarkən mütəxəssislərlə məsləhətləşin. Keyfiyyətsiz eynəklərin satışı göz xəstəliklərinin artmasına səbəb olur. Belə ki, bu eynəklər gözün billuruna pis təsir edir, gələcəkdə kataraktanın yaranmasına səbəb olur, insanda yorğunluğun yaranmasına yol açır. Əgər sizin görmə qabiliyyətinizdə problemlər varsa, göz həkiminə müraciət edin və düzgün diopteriyalı gün eynəyi seçməkdə kömək istəyin. Eynək gözə düşməyəndə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü büruzə verir. Nəticədə gözə ağırlıq düşür. Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıcıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz billuru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır. Ona görə də eynəklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir. Əgər qeyd olunan problemlərlə rastlaşmaq istəmirsinizsə, küçədə, səyyar şəraitdə satılan, mənşəyi məlum olmayan eynəkləri almayın”.
Aysel Aslan