“Bu il daxili turizm obyektlərinə tələb artacaq”

Eldar Aslanov: “Çünki vətəndaşlarımız manatı satıb, xarici valyuta almaqdansa, daxili istirahətə önəm verəcəklər”“Alimlərin hesablamalarına görə, turizm sektorunda 60-dan çox iqtisadiyyat sahəsi xidmət göstərir. Bir turistin gəlişi və onun xərclədiyi puldan 60 sektor qazanır”
Yay turizm mövsümünün başlamasına sayılı günlər qalıb. Azərbaycanda ilk dəfə dünyaca məşhur "Formula-1” yarışlarının keçiriləcəyini, Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsini və dünyanın əksər ölkələrində baş verən terror aktlarını nəzərə alsaq, bu il ölkəmizə gələcək turistlərin sayında ciddi artım olacağını söyləyə bilərik. Ölkəmizin turizm imkanları bəllidir. Amma göstərilən xidmətin müqabilində qiymətlərin fantastik məbləği əcnəbi turistləri qaçaq salıb. Yüksək xidmət göstərən, lüks otellər isə ancaq imkanlı şəxslərin istirahətinə hesablanıb. Qiymətlər ölkə vətəndaşlarının cibinə uyğun olmadığı üçün Gürcüstanda, Türkiyədə istirahət etməyi üstün tuturlar.
Maraqlıdır, müasir dünyada hər bir ölkə üçün iqtisadiyyatın ən sürətlə inkişaf edən və vacib sahələrindən biri kimi qəbul edilən turizm Azərbaycanda niyə prioritet sahələr arasında öz yerini tuta bilmir?
Ölkəmizdə turizmi inkişaf etməkdə olan sahə kimi dəyərləndirən Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanovun sözlərinə görə, ölkə başçısının iqtisadiyyatımızla bağlı tətbiq etdiyi "yeni yol xəritəsi”ndə turizm prioritet sahələrdən elan olunub: "Ötən 15 il ərzində turizmin inkişafı sahəsində xeyli yol qət etsək də, Azərbaycanda turizmin istənilən səviyyədə olduğunu deyə bilmirik. Hələlik durum qənaətbəxşdir. Bu sahədə görüləsi çox işlərimiz var. Biz çalışıb turizmi mövsümi xarakterdən çıxarmalı və rəqabət mühitini artırmalı, turizmin ayrı-ayrı növlərinin inkişafına nail olmalıyıq”.
- "Formula-1”, Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi fonunda Azərbaycana gələn turistlərin sayında artım olacağına dair gözləntiləriniz varmı?
- Əslində, bu iddialar anlaşılandır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və Azərbaycanın turizm ölkəsi kimi təqdim olunması nöqteyi-nəzərindən beynəlxalq yarışların, humanitar forumların, dialoqların ölkəmizdə keçirilməsi çox əhəmiyyətlidir. Hesab edirəm ki, bu cür layihələr fonunda Azərbaycan dünya turizm xəritəsində öz yerini tutmağa başlayır. Rusiya-Türkiyə münasibətləri və dünyada baş verən siyasi proseslər, mənsəb qarşıdurmaları fonunda Azərbaycana turist axınının artması ehtimalını ortaya çıxarır. Rusiya Federasiyası ilə Azərbaycan şirkətləri arasında imzalanan müqavilələrin də sayı əvvəlki illərə nisbətən xeyli artıb. Onu deyim ki, bu il Azərbaycana turist axınının artmasını sadaladığımız amillərlə yanaşı, iqtisadi durum da şərtləndirir. Azərbaycan manatının dünya ölkələrində daha çox keçərli olan avro və dollara nisbətən dəyərdən düşməsi sözügedən valyutanın istifadə olunduğu ölkələrin vətəndaşları üçün Azərbaycanı daha cəlbedici edib. 100 avro təxminən 160 manata bərabərdirsə, deməli, avro istifadəçisi olan vətəndaş üçün Azərbaycanda istirahət etmək sərfəlidir.
Amma bir o qədər də optimist olmamalıyıq. Dünyada baş verən iqtisadi böhran səbəbi ilə insanların gəliri azalıb. Təcrübə isə onu göstərir ki, insanların gəlirləri azalanda onlar bu azalmanı gündəlik xərclərindən kəsməklə kompensasiya etmək məcburiyyətində qalırlar. İlk növbədə isə turizm, istirahət kimi lüks xərclər təxirə salınır.
- Tez-tez Azərbaycandakı turizm obyektlərindəki aşağı xidmətlər və keyfiyyətsiz qidalarla bağlı çox ciddi narazılıqlar səslənir. Bu iradlar nə dərəcədə realdır və problemin kökü nədən qaynaqlanır?
- Mən də bu ölkədə yaşayıb, turizm obyektlərinin xidmətlərindən faydalandığımız üçün iradları bölüşürəm. Təəssüf ki, Azərbaycanın turizm obyektlərində böyük bir paradoks var. Azərbaycanın qonaqpərvərliyini tamlığı ilə ortaya qoyan çoxulduzlu otellər və heç bir dərəcəyə uyğun olmayan, otel, restoran deməyə belə adamın dili gəlməyən ictimai iaşə obyektləri var. İkinci kateqoriyaya daxil olan turizm obyektləri xüsusən regionlarda fəaliyyət göstərir. Çox təəssüf ki, onların fəaliyyətinin nəzarətə götürülməsi nə Turizm Nazirliyinin, nə də bizim Universitetin səlahiyyətləri daxilindədir. Hesab edirəm ki, zəif xidmət və keyfiyyətsiz qidalar probleminin kökündə kadr siyasətinin yanlış yeridilməsi dayanıb. Bir çox hallarda özəl sektor əməkdaşlarının təlim ehtiyaclarını qarşılamırlar. Qohum-əqrəba, dost-tanışı ətrafına yığıb, müştəriyə keyfiyyətsiz xidmət göstərirlər.
- Bəs sizin Universitetin məzunları?
- Bizim 1300-ə yaxın məzunumuz var. Bu isə dəryada damla kimi bir şeydir. Azərbaycan turizm sektorunda onminlərlə insan işləyir. Rəsmi statistikada isə sayları 45 mindən çoxdur. Bu qədər işçi fonunda 1300 nəfər nəyi dəyişə bilər ki?! Təbii ki, sektorun bizdən daha çox məzun tələb etdiyinin fərqindəyik. Amma sayı artırmaq naminə tələbələrin sayını artırmağı düzgün hesab etmirik. Turizm Universitetində heç bir halda kəmiyyət keyfiyyəti üstələməməlidir. Biz xidməti personal hazırlamırıq. Bizim kadrlarımız ali təhsilli mütəxəssislərdir və onlar adətən turizm şirkətləri və çoxulduzlu otellərdə idarəetmə sahəsində çalışırlar. Xidməti personlı peşə məktəbində hazırlayırıq. Bu məktəbi ildə təxminən 500 nəfər bitirir. Və artıq onlar ikinci kursa keçəndə hər birinin işi olur. Hər birini də Bakıdakı böyük otellər götürür. Planlarımız arasında regionlarda da bu cür peşə məktəbləri açmaq var. Amma bu iş prosedurlar səbəbindən ləngiyir deyə biz gözləməməliyik. İl yarımdır Nazirliyin təşəbbüsü ilə regionlarda səyyar təlim proqramları həyata keçiririk. Mütəxəssislərimiz rayon- rayon gəzib, turizm sahəsinə marağı olan vətəndaşlara vacib protokol və etiket qaydalarını öyrədirlər.
- Bu sahənin inkişafına mane olan başlıca çatışmazlıq nədir?
- Əsas problem bu sektorun inkişaf səviyyəsi ilə bağlıdır. Rəqabət mühiti o qədər artmalıdır ki, restoranlar, otellər müştərinin diqqətini cəlb etmək üçün biri-birləri ilə keyfiyyət yarışına girsinlər. Müəssisələr öz əməkdaşlarına investisiya qoymalı, onlara xarici dil öyrənmələri üçün şərait yaratmalıdırlar ki, peşəkar xidmət sahəsində öz yerlərini tuta bilsinlər. Vətəndaşlarımız tərəfindən də ictimai qınaq mexanizmi artmalıdır. Sosial şəbəkələrin imkanlarından istifadə edib, bizim qonaqpərvərlik ənənələrimizə balta vuran, keyfiyyətsiz qidalar, standartlardan kənar xidmət sərgiləyən turizm obyektlərini "top”a tutmalıdırlar. İctimai qınaq güclü olarsa, o cür restoranlar turizm sektorunda öz varlıqlarını qoruya bilməyəcək və sıradan çıxacaqlar.
- Turizm sahəsinin inkişafına nail olmaq üçün hansısa ölkənin təcrübəsindən yararlanmaq lazımdır, yoxsa öz ənənələrimizi qorumalıyıq?
- Turizm o qədər spesifik və mürəkkəb bir sektordur ki, burada kompleks yanaşma sərgilənməlidir. Alimlərin hesablamalarına görə, turizm sektorunda 60-dan çox iqtisadiyyat sahəsi xidmət göstərir. Bir turistin gəlişi və onun xərclədiyi puldan 60 sektor qazanır. Bu çarxı döndərmək üçün hansısa bir ölkənin nümunəsini tətbiq etmək yanlış siyasət olar. Ölkələr var ki, turizm ölkənin aparıcı iqtisadiyyat sahəsi sayılır. Amma bizim ənənəvi qeyri-neft sektorumuz, illərdir yığılmış təcrübəmiz var. Birdən-birə ölkənin məişət qonaqpərvərliyini sənaye sahəsinə çevirmək o qədər də asan iş deyil. Bunun üçün bir fərman, qərar yox, sistemli səy tələb olunur. Hesab edirəm ki, turizm sənayesinin inkişafı üçün hansısa ölkənin təcrübəsindən tam şəkildə yararlanmağımız uğursuz bir seçim olar. Biz öz spesifikliyimizi qorumalıyıq. Sadəcə müxtəlif ölkələrin sınaqdan keçmiş təcrübələrinin ayrı-ayrı nüanslarını tətbiq edə bilərik. Hansı ki, bu cür addımlar var.
- Tələbələrinizə xaricdə təhsil imkanları yaradırsınızmı?
- Əlbəttə, bu bizim fəxr etdiyimiz fəaliyyət sahələrimizdən biridir. İlklərə imza atan Turizm və Menecment Universiteti Azərbaycanda ilk dəfə ikili diplom proqramını həyata keçirən və bu gün də uğurla davam etdirən yeganə ali təhsil ocağıdır. Təhsil tam ingiliscə aparılır və xaricdən dəvət olunan mütəxəssislər dəvət olunur. 4 ilin sonunda Avstriyanın "İMC Krems” Tətbiqi Elmlər Universiteti və Turizm Menecment Universitetinin diplomunu alır. Bizim Universitetdən başqa Azərbaycanda belə bir təcrübədən yararlanan ali məktəb yoxdur. Azərbaycanda ilk dəfə bir semestrlik təcrübə proqramını da həyata keçirən ali məktəb ATİ-dir. Hazırda 33-34 nəfər tələbəmiz İsrailin otellər şəbəkəsində təcrübə keçir, onlarla tələbələrimiz Türkiyənin "Marmara Kollekşin”, Antalya, Bodrum, Kuşadası və s. turizm obyektlərində praktikalar keçirlər. Hazırda Finlandiya, İspaniya, Fransa, Almaniya, Yunanıstanda da təcrübə keçən tələbələrimiz var. Misirin otellər Assosiasiyası ilə müqavilə imzaladıq. Növbəti ildən tələbələrimiz Qahirə və Qahirə ətrafı ərazilərindəki turizm definasiyalarında təcrübə keçəcəklər. 6-cı semestrdə oxuyan digər 300 tələbəmiz isə ölkə daxilindəki turizm obyektlərində təcrübə keçirlər. Biz məzun olan tələbələrimizin mütəxəssis olaraq yetişməsinə tam təminat veririk. Turizm otelçilik ixtisası üzrə məzun olan tələbələrimiz içərisində işsiz qalan tələbələrimiz yoxdur. Hətta təhsilini davam etdirən tələbələrimizin belə 60-70 faizi işlə təmin olunub.
- Azərbaycanda istirahət zonası kimi şimal, şimal-qərb və cənub rayonları daha çox tanınır. Digər rayonlarımızda turizm imkanları niyə məhduddur?
- Sözün həqiqi mənasında respublikamızın bütün bölgələri turizm baxımından səfalıdır. Razıyam ki, qeyd etdiyiniz bölgələr daha populyardır. Amma son illər Göygölün ziyarətçilərə açılması bu zonada da bir canlanma yaradıb. Naxçıvanda Duzdağı, dini turizm kimi Əshabi-Kəf kimi definasiyalar var. Şabranda "İstisu”, bu yaxınlarda açılışı olan "Qalaaltı”, aran rayonlarımız ov turizmi üçün çox faydalıdır. Hansı ki, ərəb şeyxlərinin səfərləri ilə tez-tez gündəmə gəlirlər. Dediyim kimi, bütün bölgələrimizdə turizm obyektləri yaratmaq olar. Önəmli olan keyfiyyətli xidmət göstərib turistlərin diqqətini cəlb etməkdir. Əgər sadaladığımız addımlar atılsa, Azərbaycanda 365 gün turizm mövsümü olar. Bizim insanlar yayda Nabran, Lənkəran və dağlıq, yaşıllıq olan rayonlara, son iki ildə isə qış aylarında Şahdağ və Tufandağa gedirlər. Vəssalam, bununla da turizm mövsümü yay və qışdan ibarət olur. Halbuki, Azərbaycanda sağlamlıq turizm obyektləri - Naftalan, İstisu sanatoriyalar şəbəkəsi, Xəzərsahili bölgələrində azon təbəqəsi, Daşkəsəni, Duzdağı var. Ölkəmizin müharibə şəraitində olması, düşmənin bizə qarşı sistemli kampaniyalar aparması turizm sahəsindəki inkişafımızı əngəlləsə də, Azərbaycanın şərq üçün qərbə, qərb üçün də şərqə qapı olduğu gerçəyini unutmamalıyıq.
- Ən çox narazılıq doğuran səbəblərdən biri də qiymətlərin baha olmasıdır. Hətta turizm obyektlərinin vergidən azad olunmasını təklif edənlər də var. Siz necə düşünürsünüz?
- Düzdür, Azərbaycanda qiymətlər göstərilən xidmətlərə adekvat deyil. Amma mən qiymətlərin ucuzlaşması üçün hər hansı inzibati üsullardan faydalanmağın qəti əleyhinəyəm. Bu, turizm sektorunun təbii inkişafına zərbə vura bilər. Turizm spesifik, rəqabətlə özü-özünü tənzimləyən sektordur. Otellər ancaq müştəriləri azalan zaman qiymətləri endirəcəklər. Deməli, paytaxtda və regionlarda otellərin, istirahət zonalarının sayını artırmaq lazımdır ki, rəqabət mühiti olsun. Ev kirayəsi sistemi təkmilləşməlidir. Kənddə yaşayan vətəndaşlar öz evlərinin bir otağını turistlərin üzünə açmalıdır. Burada qəbahətli heç nə yoxdur. Aparıcı dünya ölkələrinin hər biri bu təcrübədən yararlanır. Şəki, Quba, Lənkəran kimi rayonlarda artıq vətəndaşlar evlərini kirayə verməkdən çəkinmir. Amma hələ də bundan ehtiyatlanan regionlarımız var ki, onlar da bu stereotipləri qırmalıdırlar. Rəqabət artdıqca, qiymətlər avtomatik aşağı düşəcək.
Onu da deyim ki, qiymətlərlə bağlı süni ajiotaj yaradanlar da var. Amma mən heç bir halda Qəbələdə olan 5 ulduzlu otelin qiyməti ilə Türkiyənin Antalya şəhərində olan 3 ulduzlu otelin qiymətinin müqayisə olunmasının tərəfdarı deyiləm. Əgər Antalyada da Qəbələdəki otel standartında olan oteldə qalsaq, qiymət qat-qat baha olacaq. Sadəcə, Türkiyə özünün turizm siyasətini "hər şey daxildir” prinsipi ilə qurduğu üçün bu sektordan faydalana bilir. Azərbaycanda isə "hər şey daxildir” proqramı yoxdur. Amma buna müdaxilə imkanlarımız olmadığı üçün kənardan izləməliyik. Hətta haqlı olaraq bir çox otel menecerləri mənə sual edir ki, 4-5 aylıq turizm mövsümündə otelimizin bütün otaqları dolursa, biz qiymətləri niyə endirməliyik? Qiyməti aşağı çəkməyin yolu onlara güzəştlər və ya təzyiqlər tətbiq etməkdən yox, onlara rəqib olacaq yeni bazar oyunçuları yaratmaqdan keçir.
- Bu yay ölkəmizə gələn turistlərin sayı artsa, qiymətlər ucuzlaşa bilərmi?
- Əksinə, qiymətlərin qalxmaq ehtimalı daha böyükdür. Azərbaycandakı turizm obyektlərinin sayı çox olmadığı üçün turist axını zamanı yerlər məhdud olacaq. Vətəndaşlarımız da manatını satıb, xarici valyuta almaqdansa, daxili turizmə önəm verəcəklər. Dolayısıyla, turizm obyektlərinə tələb artacaq. Tələb artdıqca da, qiymət artacaq. Bu, xoş olmayan bir xəbər olsa da, bu sahədə tədqiqat aparan mütəxəssis olaraq sizin oxucularınıza müraciət edirəm ki, yayın gəlməsini gözləməsinlər. İndidən istirahət edəcəkləri məkanlara qərar versinlər və yerlərini tutsunlar.
Şəymən Aşırlı