“Muğanımız - tariximiz, sərvətimiz”
Saatbasaat çiçəklənən Saatlı
Qoy mən yenə söhbət
açım öz baharımdan,
Nəğməm ilə bir də
keçim öz diyarımdan.
Bol bəhrəli Muğan düzü,
Mil düzü, Şirvan düzü,
Gəl-gəl deyir şən Azərbaycan!
Tər gülləri şəfalıdır,
Göygöl nə səfalıdır,
Hər yanı gülşən Azərbaycan!
Azərbaycan SSR Xalq artisti Polad Bülbüloğlunun ötən əsrin 70-ci illərində ifa etdiyi bu məşhur mahnı Odlar Yurdu Azərbaycanın "bozqır” anlamında tanınan Muğan düzünün tarix, mədəniyyət, incəsənət və təbiət dəfinəsi olduğunu aydınca orta qoyub. Əlbəttə, tarixən Muğan ərazisi çox geniş olub. O, Kür - Araz çaylarının sağ və sol tərəflərinə, o cümlədən, cənubi Azərbaycandan Şirvan düzünədək uzanan ərazini əhatə edib.
Hazırda Lənkəran ovalığından şimalda olan hissə - Salyan və Mil ərazisinə qədər indiki Muğan ərazisidir. Muğan düzü (Muğan Çölü) - Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. Muğan düzü qədim Azərbaycanın paletoponimlərindən biridir. Bu ərazi haqqında 3500-4000 il bundan əvvəl tarixi mənbələrdə, bütöv, bəzən isə ayrı-ayrı dövlətlərin tərkibində olması barədə məlumatlar var. 1635-ci ilin noyabrında Muğanda olmuş almaniyalı məşhur coğrafiyaşünas-alim Adam Oleari yazırdı ki, - "türklər bu səhraya "mindünlük”, yəni "1000- bacalı yer” adını veriblər. Qədim iranlılar isə onu "Mokan”, yaxud "Muğan” adlandırıblar. "Muğan” sözünün mənası ilə bağlı araşdırılmış və araşdırılmamış çox fikir söyləmək mümkündür. Çünki, bu anlamın düzgün olaraq dərk edilməsi vətənimizin gözəl güşəsinin tarixini, mədəni və mənəvi dəyərlərinin öyrənilməsində çox önəmlidir. Saysız-hesabsız mədəni sistemlərin süzgəcindən keçmiş Muğan torpağı hələ
qədimlərdən bəri əvəzsiz arxeoloji sənət nümunələrinin aşkar olunduğu əsas məkanlardan biri olaraq qalır.
Ab-havası xoş və gözəldir
Mənşəcə Azərbaycan türklərindən olan məşhur səyyah Hacı Zeynalabdin Şirvani Muğan barədə bunları yazır: "Muğan məşhur bir vilayətdir. Qədim şəhərləri və böyük nahiyələri vardır. Beşinci iqlimdən hesab olunur. Ab-havası xoş və gözəldir. Şimaldan onun sərhədi Şirvandır. Cənubdan Cənubi Azərbaycanla, şərq tərəfdən Talış, qərbdən Gürcüstanla sərhədlənir. Zəhərli otları çoxdur. Mal-qaranı onun zəhəri öldürür. Baharda otların zəhəri azalır. Deyirlər oranı Muğan adlı bir adam bina edib. Bəziləri isə deyirlər ki, oranı müğlər və möbüdlər abad ediblər. Uzaqdan gələn adamlarla mehribandırlar. Qızılbaş tayfasından şahsevənlər o ölkədə çoxdur”. Bundan başqa, Elxanilər dövlətinin vaxtında görkəmli çoğrafiyacı kimi tanınan Həmdullah Qəzvini "Hüzhət əl-Qülüb” əsərinin dördüncü bölməsini Muğan və Arran əyalətlərinin təsvirinə həsr edib. O yazır: "Bu əyalətlərin havası isti və nəmişlidir. Əyalət Şirvan və Xəzər dənizi ilə sərhədlənir. Payızda Savalan dağları görünməz olanda bütün ərazidə ot quruyur (dirmanə) və zəhərli olur. Yazda onun zəhərliyi aradan qalxır. Savalan göründüyü vaxt otlaq tamamilə təhlükəsiz olur”.
Muğan - Xalçaçılığın beşiyi
Təbii sərvəti başdan aşan, qoyunçuluq, yunçuluq və əkinçilik üçün əlverişli şəraiti hər zaman diqqəti cəlb edib. Ev peşəsi, sənət və sənətkarlığın müxtəlif sahələri hələ qədim çağlardan muğanlıların məişətində mühüm sayılmaqla milli mədəniyyətimizin inkişafında özünəməxsus yer tutub. Bütün maddi, mədəni sərvətlər içərisində Muğanın xalı - xalçası əvəzsiz gözəlliyi ilə məşhurdur. Muğan cinsli qoyunların yunundan toxunan xalça və xalça məmulatları quruluş və bədiiliyinə görə də özünəməxsus xüsusiyyətlərə malikdir. Xalçaşünas-alim Lətif Kərimovun qeydlərində bildirilir ki, - "Muğan” XIX əsrin əvvələrinə qədər ayrıca bir müstəqil qrup olaraq tanınıb. Sonrakı dövrdə isə Qarabağ növünün Cəbrayıl qrupuna daxil edilib. Bəzən ərazi baxımından asılı olmayaraq "Muğan” xalçalarını səhvən Şirvan qrupuna da aid edirlər”.
Muğan xalçaları dünya muzeylərində
X əsrin "Hüdud-ul-aləm” əsərində qeyd edilir ki, Muğanda toxunan xovlu, ya xovsuz xalçaların misli olmayıb. Çuval və palazları isə əvəzsiz olub və bu növ toxuculuq üzrə "Muğan” gələnəyi formalaşıb. "Muğan” ərazisində toxunan xalçaların mövzusu və motivləri Xəzər dənizi və Kür çayı boyunca düzülmüş kəndlərin və ya mil obalarının adları ilə sıx şəkildə bağlıdır. Muğanın açıqlanmayan sirləri sırasında xalçaların hər biri maraqlı və əhəmiyyətli tədqiqata layiqdir. Çünki həmin nümunələr Londonun Viktoriya və Albert, Sankt - Peterburqun Dövlət Ermitaj və Etnoqrafiya, İstanbulun Türk və İslam əsərləri, eləcə də digər dünya əhəmiyyətli möhtəşəm muzeylərində qorunub saxlanmaqdadır. Məhz bu baxımdan Muğan xalçalarının kompozisiya quruluşuna və elementlərinin rəmzi mahiyyətinə dəyər verən Avropa İntibah dövrünün rəssamları öz əsərlərində xüsusi yanaşma ilə bunları incəsənət dünyasına əhəmiyyətli dərəcədə tanıdıblar. Bu da onu göstərir ki, əcdadlarımızın yaratdıqları misilsiz incilər sırasında xalça sənəti mədəni irsimizin cövhəri və oxunması gərəkli olan sirli kitabələr olmaqla, həm də dünya mədəniyyətinə böyük bir töhfədir.
"Saatlı” etnoniminin yaranması
Bol-bərəkətli Muğan düzünün əsas şəhərlərindən biri də bu düzün mərkəzində, Araz çayının sağ və sol sahillərində yerləşən, Respublikamızın inzibati rayonlarından olan Saatlı rayonudur. Bu rayon 25 may 1943-cü ildən rayon statusu alıb. İyirmi il müstəqil inzibati ərazi kimi fəaliyyət göstərdikdən sonra 1963-cü ildə ləğv edilərək qonşu Sabirabad rayonunun tərkibinə qatılıb. 1965-ci ildən yenidən müstəqil rayon kimi fəaliyyətini davam etdirir. "Saatlı” etnonimi XIV əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranıb. Əvvəllər Arpaçayın aşağı axarı və Arazın sağ sahilində yaşayan saatlıların xeyli hissəsi XV əsrin 30-cu illərindən qonşu ərazilərə köçüblər. Saatlıların bir qismi Qazax zonasında, 1795-1798-ci illərdə isə saatlıların bir hissəsi Qarabağda məskunlaşıblar. Saatlı tayfasının adı Çuxur Səəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin - Saadlı tayfasının etnik adıdır.
Qədim yaşayış məskənləri
Yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi olan Saatlı rayon ərazisində qədim dövrə aid yaşayış məskənlərinin olduğu sübut edilib. Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxankənd, Əlisoltanlı kəndlərində e. ə. II-III minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılıb.
Saatlı kənd təsərrüfatı rayonudur
Saatlı rayonunun Muğan düzünün mərkəzində yerləşməsi, Araz çayının bol suyu bu ərazidə əhalinin məskunlaşmasına, əkinçilik, heyvandarlıq və quşçuluqla məşğul olmalarına əlverişli şərait yaradıb. Rayonun hazırkı Cəfərxan kəndində hələ XX əsrin əvvəllərində yaradılmış təcrübə stansiyası, sonralar "Muğan-təcrübə meliorasiya stansiyası” adını almış məntəqənin Muğan düzündə torpaqların şorlaşmasının qarşısının alınmasında, meliorasiya işlərinin elmi-nəzəri əsaslarla aparılmasında böyük rolu olub. Xüsusən XX əsrin 50-ci illərindən sonra bu stansiyanın fəaliyyəti genişlənərək bölgədə əsl elmi bazaya çevrilib. Görkəmli tədqiqatçı alimlərimiz C. Ə. Əliyev, S. X. Hüseynzadə, V. P. Valabuyev və digərləri uzun illər həmin Cəfərxan Muğan-təcrübə meliorasiya stansiyasında səmərəli elmi tədqiqat işləri aparıblar. Bundan başqa, rayonda pambıq emal və qəbul edən "CTS Aqro-MMC” Saatlı Pambıq ASC, "Şamo” MMC, "Saatlı Pambıq kiçik müəssisəsi”, illik istehsal gücü 20 min ton olan "Biyan məhsulları” istehsalı zavodu, konserv məhsulları istehsal edən "Miri-Pak” STK, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün 2000 ton tutumu olan soyuducu kamera və digər müəssisələr fəaliyyət göstərir. Rayonda istehsal olunan məhsulların 82,1 faizdən çoxu özəl sektorun payına düşür. Bir sözlə, Saatlıda sahibkarlığın inkişafının dəstəklənməsi və dövlət siyasətinin həyata keçirilməsi üçün məqsədyönlü tədbirlər görülür.
Saatbasaat çiçəklənən Saatlı
Ölkəmizin digər bölgələri kimi Saatlı rayonunun da sosial-iqtisadi və mədəni-siyasi həyatının bütün sahələrində dirçəliş və inkişaf, əhalinin həyat səviyyəsinin yüksəldilməsi 1970-ci ildən sonra başlanıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövrdə 3 dəfə - 1974, 1976 və 1980-ci ildə, müstəqil Azərbaycanın Prezidenti olduğu dövrdə isə 1998-ci ildə Saatlı rayonunda olub. Rayonun iqtisadiyyatının dirçəldilməsi, əhalinin həyat səviyyəsinin və rifah halının yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələrini verib.
Yenidənqurma işləri aparılıb
Müstəqillik illərində rayonda tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alıb. Həmin illərdə Araz çayı üzərində uzunluğu 238 və 320 metr olan iki böyük körpü, 800 yerlik "Came” məscidi, 2030 yerlik 8 yeni məktəb binası, 750 yerlik iki şadlıq sarayı, şəhidlərin xatirəsinə abidə kompleksi, 31 mart azərbaycanlıların soyqırımı xatirə kompleksi, "Heydər” parkı, "Muğan” və "Fəvvarələr” parkları, 5 yeni həkim məntəqəsi, stadion, idman meydançaları, quşçuluq broyler fabriki, çoxsaylı sosial obyektlər və özəl istehsalat müəssisələri tikilərək əhalinin istifadəsinə verilib. Saatlı rayonunda 49 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar müəssisə, 1 Peşə liseyi, 20 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Təhsil müəssisələrindən 28-i tam orta, 16-sı ümumi orta və 5-i ibtidai məktəbdir. Rayon ərazisində 2 xəstəxana, 13 həkim məntəqəsi və 17 tibb məntəqəsi fəaliyyət göstərir. Saatlı rayonunda Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzi, Bayraq muzeyi fəaliyyət göstərir. 2004-cü ildə rayonda ulu öndər Heydər Əliyevin əzəmətli büstü qoyularaq abidə kompleksi ucaldılıb.
Tarixi məzarlıqlar qorunur
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş, 9 arxeoloji abidə - Sarıcalar kəndi ərazisində yerləşən Cəfərxan nekropolu, Azadkənd kəndi yaxınlığındakı Keçiqıran küp qəbirləri nekropolu, Azadkənd kəndi ərazisində yerləşən Azadkənd nekropolu, Qaralar kəndi ərazisində yerləşən 3 ədəd Qaralar nekropolu, Muğan kanalının yaxınlığındakı Muğan nekropolu, Abasbəyli nekropolu və Məmmədabad kəndi ərazisində yerləşən Məmmədabad nekropolu- mühafizə olunur.
Heydər Əliyev müzeyi istifadəyə verilib
Ümummilli liderin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə 2008-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində yenidənqurma işləri aparılıb. 2013-cü il 29 avqustda ölkə başçısının iştirakı ilə Bayraq meydanı və orada fəaliyyət göstərən muzey istifadəyə verilib. Prezidenti İ.Əliyevin 2011-ci ilin may ayında Saatlı rayon ictimaiyyəti ilə görüşündə ictimaiyyət nümayəndələri və rayon gənclərinin xahişinə əsasən ölkə başçısının 2011-ci il 11 və 12 may tarixli Sərəncamları ilə ayrılmış vəsait hesabına rayonda Gənclər Mərkəzi və Olimpiya İdman Kompleksi tikilib. Saatlı rayonunda 1 Mərkəzləşdirilmiş Kitabxana sistemi, 1 Uşaq kitabxanası, 54 kitabxana filialı, 13 klub, 14 mədəniyyət evi, 1 Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.
Çoxsaylı görkəmli şəxsiyyətlər yetişib
Əlbəttə, bu rayon da çoayl görkəmli şəxsiyyətlər yetişdirib. Onlara Azərbaycan Dövlət İqtisad Universitetinin "Statistika” kafedrasının müdiri, professor, iqtisad elmləri doktoru Sakit Yaqubov, Bakı Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru Ağavəli İbrahimov, Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Firudin Səməndərov, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Rahim Əzizov, Azərbaycan Milli Elmlər Akademiyasının Əkinçilik İnstitutunda şöbə müdiri Kərim Qasımov, Bakı Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru Əlisəfa Səmədov daxildirlər”.
Ayyət Əhməd
Yazı Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin "Muğanımız - tariximiz, sərvətimiz” mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.