Bakıda Azərbaycan üçün nadir heyvan sayılan alpaqanın pis şəraitdə saxlanıldığı barədə məlumat verilib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Qeyd edilib ki, “Zoobulvar” adlı mərkəzində heyvana qulluq edilmədiyi üçün o, acınacaqlı vəziyyətdədir.
Yayılan foto ilə bağlı “Zoobulvar” ilə əlaqə saxladıq.
Mərkəzdən Oxu.Az-a bildirilib ki, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da heyvana baxış keçiriblər:
“Bizdə heç bir qanunsuz iş yoxdur. Buradakı bütün heyvanlarımıza normal qulluq edilir. Fotosu yayılan alpaqanı bir ay əvvəl başqa bir mərkəzdən almışıq. Hazırda o, reabilitasiya dövründədir. Biz bu heyvanın tüklərini qırxmışıq, amma onun qidalanmasında heç bir problem yoxdur. Yazırlar ki, heyvan acından ölür, xəstədir.
Bunlar düzgün deyil. Maddi cəhətdən də bizə sərf etməz ki, 40-50 minlik heyvanı alaq bura yığaq və acından öldürək. Biz bunu niyə edək? Heyvan düşməniyik? Biz ona hazırda qulluq edirik. Bizə irad bildirirlər ki, heyvan niyə arıqdır. Onu dərmanlarla şişirdə bilmərik”.
Mərkəzdən qeyd edilib ki, mərkəz karantin dövründə çalışmadığı üçün heyvanlar bağda saxlanılıb:
“Həmin vaxt bir nəfər heyvansevər bizim qapımızı döyüb demədi ki, siz onun yeməklərini necə çatdırırsız. Heyvan qırxılandan sonra şəkillə ajiotaj yaradırlar. Əgər heyvanda xəstəlik, problem olsaydı, biz onu ortaya çıxarmazdıq”.