“Subbakalavrlar regionlardakı ali təhsil müəssisələrini seçsinlər”


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə subbakalavrlara müraciət edib. 

Oxu.Az-ın məlumatına görə, o, bu barədə keçirdiyi onlayn konfransda bildirib.

Onun sözlərinə görə, ali məktəblərə qəbul üçün boş qalan plan yerlərində üstünlük abituriyentlərə verilir:

“Onlar yerləşdirildikdən sonra isə subbakalavrlar boş qalan yerlərə yerləşdirilir. Subbakalavr ixtisas seçimi edən zaman yalnız Bakıdakı ali təhsil müəssisələrini deyil, regionlarda olanları seçsinlər.

Əsasən III ixtisas qrup üzrə seçim edənlər buna daha çox üstünlük versinlər. I və II qrupa aid olan subbakalavrların isə Bakıda ali təhsil müəssisələrinə qəbul olmaq şansı çox böyükdür. IV qrupda kənd təsərrüfatı profilli ixtisasları seçsələr, qəbul olma şansları ola bilər. Tibb təhsilində isə ballar yüksəkdir və subbakalavrlara yer çatmayacaq”.

O qeyd edib ki, keçən il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların orta balı 76 olub. Subbakalavrın seçdiyi ixtisasdan digərinə transferi qeyri-mümkündür.