“Əziz xalqım, bacardığınız qədər tez peyvənd olunun. İnternetdə yayılan miflərə, yalan məlumatlara inanmayın. Unutmayın ki, peyvənd virusa yoluxduqdan sonra ağırlaşmanın qarşısını alan ən effektiv üsuldur”.
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram profilində əməkdar artist Mehriban Xanlarova yazıb. Aktrisa deyib ki, inkişaf etmiş ölkələrdə əhalinin çox hissəsi peyvənd olunub:
“Cahil insanların psixologiyasına tabe olmayın. Çip, sonsuzluq, zombi və sair kimi miflər ancaq geridə qalmış cəmiyyətlərdə yayılır. Onsuz da təcili yardım xidməti normal işləmir. Sual yaranar ki, niyə? Xalq artisti Zümrüd Məmmədovanın bacısı koronavirusa yoluxdu. Zümrüd xanım açıqlama verdi ki, bacımın koronavirusa yoluxduğunu öyrəndik:
“Səhhəti pisləşdi, xəstəxana ilə danışdıq ki, aparaq yerləşdirək.
Dedilər, xəstəxanaya təcili yardım gətirməlidir. Təcili yardıma dəfələrlə zəng etdik, "gəlirik" deyib, gəlmədilər. Bacım onların günahı ucbatından vəfat etdi”. İndi təsəvvür edin ki, Xalq artistinin ailəsinə qarşı bu cür məsuliyyətsiz davranırlarsa, sıravi vətəndaşların probleminə necə yanaşırlar?! Bu xəstəliyə inanmayanlar üçün şəxsən öz ailəmdən misal çəkəcəm. Qardaşımın həyat yoldaşı koronaya yoluxdu və peyvənd olunmadığı üçün çox ağır keçirərək, dünyasını dəyişdi. Kim COVİD-19 virusunun olduğuna inanmırsa, xəstəxanalara gedib öz gözü ilə bu xəstəliyə yoluxanların hansı əziyyəti çəkdiklərini görə bilər.
Türkiyənin məşhur aktrisası Ezgi Mola bir neçə ay əvvəl peyvənd vurdurub.
Yaxın günlərdə açıqlama verdi ki, test vermişəm pozitiv çıxıb, amma vaksin olunduğum üçün xəstəliyi yüngül formada keçirirəm. KOVİD peyvəndi xəstəliyi yüngül formada keçirmək üçündür. Şəxsən mən, Mehriban Xanlarova vurdurmuşam və sizlərə də məsləhət görürəm. Çox təəssüf ki, dövlət xəstəxanalarında pullu müalicələr mövcuddur, reanimasiya şöbələri dolur, ora gedənlərin hamısı effektiv müalicə ala bilmirlər. Ona görə özünüzü qoruyun və peyvənd olunun. Hansı peyvəndi vurdurmaq istəyirsinizsə, araşdırın və özünüz qərar verin".