Əbdürrəhim İsmayılov - 90 

Elm ictimaiyyəti görkəmli kimyaçı alimin xatirəsini hörmətlə anır

İftixar hissi ilə demək lazımdır ki, ötən əsrdə ölkəmizdə elmin ayrı-ayrı sahələri üzrə sanballı naliyyətlər qazanılıb, dünya şöhrətli alimlər yetişib. O cümlədən, respublikamızda kimya elmi də çox güclü inkişaf edib, bu sahədə yeni-yeni elmi məktəblər yaranıb, istedadlı kimyaçılar nəsli meydana gəlib. Bu kimyaçı alimlər ordusunun layiqli nümayəndələrindən biri də sentyabrın 5-də anadan olmasının 90 ili tamam olacaq kimya elmləri doktoru, professor mərhum Əbdürrəhim Hacıkərim oğlu İsmayılovdur.
Əbdürrəhim İsmayılov 1931-ci ilin 5 sentyabrında Vətənimizin qədim maarif və mədəniyyət ocaqlarından olan Qazax rayonunun Aşağı Əskipara kəndində sadə kəndli ailəsində dünyaya göz açıb. O, 1947-ci ildə Qazax şəhərində özünün qabaqcıl maarifçilik ənənələri və çoxlu sayda istedadlı məzunları ilə məhşur olan 1 saylı orta məktəbi bitirib. Kimya elminə güclü marağı sayəsində elə həmin ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti red.) kimya fakültəsinə qəbul olunub. Tələbəlik dövründə səylə çalışaraq qabaqcıllar sırasında olub. Bu məşhur elm ocağında görkəmli alimlərdən, pedaqoqlardan mükəmməl dərs alaraq kimya elminin sirlərinə vaqif olub. 1952-ci ildə universiteti müvəffəqiyyətlə - fərqlənmə diplomu ilə başa vurub. Ali təhsil aldıqdan sonra bir il Leninqrad (indiki Sankt-Peterburq şəhəri red.) Hərbi Dəniz Akademiyasında leytenant rütbəsində dinləyici olub. 1953-cü ildən başlayaraq, bu elm fədaisinin bütün mənalı ömrü kimya elmi ilə, onun müasir problemləri ilə bağlı olub. O, 1953-1955-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutunda kiçik elmi işçi, 1955-1958-ci illərdə isə Azərbaycan Dövlət Neft Dəniz Layihə İnstitutunda mühəndis və böyük elmi işçi vəzifələrində çalışıb, tədqiqatçı təcrübəsinə yiyələnib. Həmin illərdə Neftçıxarma İnstitutunun aspiranturasında təhsilini davam etdirib. Boru kəmərlərində su təbəqəsinin qızdırılması zamanı əmələ gələn korroziya ilə bağlı maraqlı tədqiqatlar aparıb və bu sahədə 1958-ci ildə “Boru kəmərlərində su təbəqəsinin qızdırılması zamanı yaranan korroziya və onunla mübarizə” mövzusunda dissertasiya müdafiə edərək, Kimya elmləri namizədi alimlik dərəcəsi alıb. Elmi-praktiki əhəmiyyəti olan bu dissertasiya işi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Güclü fitri istedadı, dərin elmi biliyi və yüksək ziyalı mədəniyyəti ilə həmkarlarının rəğbətini və hörmətini qazanmış Əbdürrəhim müəllim 1958-1961-ci illərdə BDU-nun “Katalitik çevrilmələr”, 1961-1968-ci illərdə isə indiki Azərbaycan Dövlət Neft Akademiyasının “Monomer və Polimer” elmi-tədqiqat problem laboratoriyalarında böyük elmi işçi vəzifəsində çalışıb. Katalitik çevrilmələr, monomer və polimerlər sahəsində bir sıra maraqlı tədqiqatlar apararaq sanballı elmi nəticələr əldə edib. Görkəmli alim alitsiklik karbon turşularının xloranhidridlərinin dərindən və hərtərəfli tədqiq və təhlil edərək olduqca dəyərli elmi nəticələr əldə edib. Nəhayət, 1967-ci ildə bu sahədə doktorluq dissertasiyası müdafiə edib və Kimya elmləri doktoru alimlik dərəcəsi alıb. 

1968-ci ildən etibarən görkəmli kimya aliminin elmi-pedaqoji fəaliyyət dövrünün ikinci səmərəli mərhələsi başlayır. O, 1969-ci ildə Azərbaycan Texniki Universitetinin “Analitikkimya və kimya texnologiyası” kafedrasına müdiri seçilib və 1985-ci ilədək həmin vəzifədə çalışıb.

1968-ci ildə ”Üzvi Kimya” ixtisası üzrə professor elmi rütbəsi alıb. Professor Ə.İsmayilov 1985-ci ildən ömrünün sonunadək Gəncədə yaradılmış Texnologiya İnstitutunun “Kimya” kafedrasında professor və eyni zamanda elmi işlər üzrə prorektor vəzifələrində çalışıb. Ali təhsil ocağında tədris sahəsindəki pedaqoji fəaliyyəti ilə yanaşı, professor Ə.İsmayılov elmi yaradıcılığa elmi-tədqiqat işlərinə həmişə böyük maraq göstərib, müasir elmi problemlərlə yaxından maraqlanıb. 1991-ci ildən etibarən Texnologiya İnstitutunda “Maye kristal” elmi tədqiqat problem laboratoriyasına rəhbərlik edib. 

Professor Ə.İsmayılovun elmi-pedaqoji fəaliyyəti olduqca zəngin və coxşaxəlidir. Onun ilk elmi tədqiqatları axar sistemdə poladın korroziyasının qarşısının alınmasına həsr edilmişdirsə, sonrakı maraq dairəsi alitsiklik karbon turşularının xloranhidridlərinin müxtəlif doymamış karbohidrogenlərlə elektrofil birləşmə, eləcə də aromatik karbohidrogenlərlə katalizator iştirakı ilə elektrofil əvəzetmə reaksiyalarının və alınıb birləşmələrin quruluşunun, cevrilmə məhsullarının geniş və dərin tədqiqi istiqamətinə yönəlib. Professor Ə.  İsmayılovun rəhbərliyi ilə ilk dəfə olaraq bir sıra furanların, pirazolların, tiofenlərin, pirdinlərin və digər heterotsiklik birləşmələrin yeni törəmələrinin alınma üsulu işlənib hazırlanıb. 

Vətəninə və xalqına sədaqətlə və fədakarlıqla xidmət etmiş görkəmli alim-pedaqoqun səmərəli elmi pedaqoji fəaliyyətinin elmi nəticələri öz əksini 205-dən çox dəyərli elmi əsərlər, 45 ixtirada, bir sanballı monoqrafiyada və “Üzvü Kimya”ya dair ikicildlik dərslikdə tapıb. Onun rəhbərliyi ilə 25  elmlər namizədi hazırlanıb. Yetişdirdiyi 5 elmlər namizədi doktorluq dissertasiyası müdafiə edib, yüksək elmi dərəcə alıb.

Professor Ə.İsmayılov 1994-cü ildə elmi-pedaqoji fəaliyyətinin ən məhsuldar cağlarında qəflətən dünyasını dəyişərək əbədiyyətə qovuşub. Allah ona rəhmət eləsin! 

Vətənimiz və qədirbilən xalqımız özünün professor Ə. İsmayılov kimi oğulları ilə daim fəxr etməyə haqlıdır. İnanırıq ki, XXI-ci əsrdə ölkəmizdə elm və texnika daha sürətlə inkişaf edəcək və professor Ə.İsmayılov elmi məktəbinin davamçıları olan yeni-yeni görkəmli alimlər yetişəcəklər. 
Elmar