İqtisadçılar sosial yardımların ləğv edilməsinin tərəfdarı deyil

“Ünvanlı sosial yardımı ləğv etməkdənsə, proqram təkmilləşdirilməli və daha şəffaf, liberal mexanizmlər tətbiq olunmalıdır”
Ələbaxan xəstəliyinə tutulanlar kasıb zümrə deyil, bu yardımları təyin edən məmurlardır


Aztəminatlı ailələrin güzəranının yaxşılaşması üçün nəzərdə tutulan ünvanlı sosial yardımların dayandırılmasına dair söyləntilər mətbuatın gündəmini zəbt edib. On il fəaliyyət göstərən bu layihənin ləğv olunacağı bildirilir.

Bəs görəsən, ünvanlı sosial yardımların ləğv edilməsi nə dərəcədə düzgündür? Yardımların ləğvi aztəminatlı ailələrə necə təsir göstərə bilər?
İqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə görə, ünvanlı sosial yardımların dayandırılması ilə bağlı müzakirələrin son zamanlar qızışması təbii haldır. Fikrimcə, ünvanlı sosial yardım heç də

insanları ələbaxan öyrətmir. Sadəcə biz bu layihəni düzgün, vicdanla həyata keçirə bilmirik. Ona görə də ünvanlı sosial yardım ünvanına - ona ehtiyacı olan aztəminatlı ailəyə çatmır. Biz bu yardıma artıq bir biznes kimi baxırıq. Problem məhz burdadı”.

Ekspertin sözlərinə görə, ələbaxan xəstəliyinə tutulan sadə, bu yardıma ehtiyacı olan insanlar deyil, məhz icra hakimiyyətinin bu sosial yardımları təyin edən məmurlardır: "Bu layihə hazırda, Şərqi və Qərbi Avropada uğurla həyata keçirilir. Hətta inkişaf etmiş Avropada bu tip yardım layihələrinə ehtiyac varsa, nədən Azərbaycanda bu layihəyə artıq ehtiyac qalmır?

Nazirliyin yaxın vaxtlarda aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması istiqamətində praktik işlərə başlanacağı ilə bağlı açıqlamasına toxunan ekspert deyib ki, bu layihələr biri-birini təkrarlamadığı üçün paralel olaraq həyata keçirmək olar: "Özünədəstək” proqramı ilə ünvanlı sosial yardımın mahiyyətcə ayrı-ayrı layihələr olduğunu bildirir, onların bir-birilə əvəzləndirilməsini absurd hesab edir. Düşünürəm ki, bu layihə vicdanla həyata keçirilməlidi və davam eləməlidir. Hazırda yalnız o yardımın ümidinə yaşayan, buna ehtiyacı olan minlərlə ailələr var. Sosial dəstək layihəsi işsiz insanlar üçün nəzərdə tutulur. İnsanlar var ki, işləmək, pul qazanmaq potensialı var, amma kapitalı yoxdu ki, kiçik biznesə başlasın. Sosial dəstək layihələri məhz bu seqmenti hədəfləyir. Amma ünvanlı sosial yardım işləyim gərəkən qədər, ailəni dolandıra biləcək qazana bilməyən ailələr üçün nəzərdə tutulur. Yəni bunlar fərqli layihələrdi və hər ikisinin eyni vaxtda reallaşdırılması məqbuldur”.

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov da ünvanlı sosial yardım proqramının ləğvinin tərəfdarı olmadığını deyib. Onun sözlərinə görə, ünvanlı sosial yardımlar xeyli sayda vətəndaşların bu yardım paketindən istifadəsinə imkan yaradır: "Mənə elə gəlir ki, ünvanlı sosial yardımı ləğv etməkdənsə, proqram təkmilləşdirilməli və daha şəffaf, liberal mexanizmlər tətbiq olunmalıdır. Etiraf edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı sosial yardımların verilməsi prosesində şəffaflığın artırılması fonunda xeyli işlər görülüb. Ünvanlı sosial yardımların müddətinin uzadılması, prosedurların sadələşdirilməsi və bu yardımı alanların dairəsinin genişləndirilməsi kimi addımlar bu qəbildəndir. Amma bu sahədəki bütün problemlərin həlli zaman tələb etdiyindən şəffaflığın daha da gücləndirilməsinə ehtiyac var. Bu isə nazirlik əməkdaşlarının maaşlarından və əhalinin maddi təminatından asılıdır”.

Vətəndaşlara kiçik qrantlar və faizsiz kreditlərin verilməsinin arzuolunan olduğunu vurğulayan V.Bayramovun sözlərinə görə, ünvanlı sosial yardım alan ailələrin bir qisminin yoxsulluq səviyyəsindən çıxması üçün bu, mühüm addımdır. Eyni zamanda, biznesə dəstək layihələri həyata keçirilməlidir ki, ünvanlı sosial yardımların səmərəliliyini artırmaq mümkün olsun.

Şəymən