Ona görə bu sahəyə üz tutan zərif cinsin nümayəndələri barmaqla sayılacaq qədərdi
Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunanların sayı açıqlanıb. Polis Akademiyasından verilən məlumata görə, bu il Akademiyanı seçən abituriyentlərin sayı 150 nəfər olub. Həmçinin bildiriblər ki, Polis Akademiyasını seçənlərin sırasında qızlar da var. Belə ki, bu il Polis Akademiyasına qəbul olunan 150 abituriyentdən 4 nəfəri qızdır. Qeyd edək ki, ötən il Polis Akademiyasına qəbul olanlar arasında qızların olmaması fonunda bu il 4 qızın Akademiyaya daxil olması müsbət hadisə kimi dəyərləndirilib. İctimaiyyət üzvləri hesab edir ki, maarifləndirici tədbirlər yolu ilə qızların hüquq-mühafizə orqanlarında fəaliyyət göstərməsini stimullaşdırmaq olar.
"Təmiz Dünya” Qadın İctimai Birliyinin sədri Mehriban Zeynalova bu il Polis Akademiyasına qəbul olanlar arasında qızların da yer almasının təqdirəlayiq hadisə olduğunu deyib: "Bilirsiniz ki, artıq Azərbaycanda da qadınların hüquq-mühafizə orqanlarına cəlb olunması istiqamətində müəyyən addımlar atılır, elanlar verilir. Amma bu elanlar sıravi polis vəzifələri üçündür. Polis Akademiyası isə daha peşəkar kadr yetişdirdiyi üçün qadınların bu sahəyə marağı artırılmalıdır”.
M.Zeynalova Polis Akademiyasına qəbul olan qızların sayının az olmasının bir neçə səbəbləri olduğunu deyib. Həmin səbəblərdən biri polis olmaq istəyən abituriyentlərdən tələb olunan şərtlərdir: " Uzun boylu, fiziki hazırlıqlı olmaq kimi tələblər qızları bu sahədən uzaqlaşdırır. Biz millət olaraq bəstəboy olduğumuz üçün uzunboylu qızlara nadir hallarda rast gəlinir. Onların arasında da ancaq barmaqla sayılacaq qədəri polis olmaq istəyir. Biz bu boy məsələsini bir neçə dəfə problem olaraq qaldırmışıq da. Qızların Polis Akademiyasına gedən yolunu kəsən digər səbəb isə stereotiplərdir. Keçən il tədqiqat apardıq ki, niyə qadın polislərin sayı azdır? Məlum oldu ki, müəyyən stereotiplər var. Qadınlar hesab edir ki, bu kişi işidir. Və ya kişilər hesab edir ki, bu cinayətkarlarla mübarizədə qadının kifayət qədər rolu ola bilməz. Ailə dəyərləri, bağlılıqları bu məsələlərə mane olur. Əksər valideynlər qız övladlarının güc strukturlarında işləməsinə razılıq vermir. Sözün düzü, bu stereotiplərin qırılması istiqamətində təbliğat-təşviqat tədbirləri də keçirilmir”.
Qadın polisini müasir dünyanın "tendensiyası” olduğunu bildirən xanım Zeynalovanın sözlərinə görə, böyük miqyaslı tədbirlərdə, kütləvi aksiyalarda Türkiyə, İran kimi ölkələrdə qadın polislərin gücündən istifadə olunur və buna Azərbaycanda da ehtiyac var: "Baxın, qonşu İranın, Türkiyənin hüquq-mühafizə orqanlarında kifayət qədər qadın polislər fəaliyyət göstərir. Məncə, düzgün təbliğat aparılsa, qadınlarımız güc strukturlarında çalışmağa meyilli olarlar. İstənilən halda stimullaşdırmaya ehtiyac var və təbliğat orta məktəblərdən başlamalıdır. Valideynlərə və elə qız uşaqlarına Azərbaycanda qadın polislərə nə qədər çox ehtiyac olduğu izah olunmalıdır. Məişət zorakılığı, insan alveri və digər sosial problemlərlə mübarizə apara biləcək qadın polislər yetişdirilməlidir. Məişət zorakılığı qurbanları baş verən hadisələrlə bağlı polisə ətraflı məlumat verə bilməsi, aldığı zədələr və ya ümumi zorakılığın haqda geniş məlumat verə bilməməsi polis idarəsində qadın polislərin az olması ilə əlaqədardır”.
M.Zeynalovanın sözlərinə görə, yaş məhdudiyyəti aradan qaldırılsa, bəlkə də Polis Akademiyasında təhsil almaq istəyən qızların sayında artım müşahidə olunar. Birlik rəhbəri hesab edir ki, 18-22 yaşlı qızlar müstəqil qərar qəbul eləmək səlahiyyətində olmadığı üçün bir çox hallarda arzularının arxasınca gedə bilmirlər.
Şəymən