Qardaşı qan ağlayır...

“Şahbazın şəklinə baxdım, bir dəri, bir sümüyü qalıb”




Azərbaycanın əbədi və əzəli ərazisi olan Kəlbəcərdə erməni separatçıları tərəfindən girov götürülən Şahbaz Quliyevin qardaşı İlham Quliyev "Şərq”ə danışıb. O bildirib ki, Ş.Quliyevlə bağlı sonuncu dəfə 10 gün öncə məktub alıb:

"Bir də mənə onun şəklini göstərdilər. Qardaşımdan əsər-əlamət qalmayıb. Bir sözlə, ayaq üstə keçinib. Mən də Beynəlxlaq Qızıl Xaç Komitəsinə (BQXK) dedim ki, bu şəkili bizə deyil, Azərbaycan xalqına göstərin. Qoy, xalq görsün ki, girovlarımızı hansı vəziyyətə salıblar. O şəkili mənə göstərməyin nə mənası var ki? Ayaq üstə ölüblər. Mən də istəyirdim ki, gedim "Space” telekanalı vasitəsilə aidiyyəti şəxslərə müraciət edim. Bu da, alınmadı. Pərvin İsmayılovu görə bilmədim. Başımı itirmişəm. Dərdimizi kimə deyək bilmirəm”.

İ.Quliyev qardaşı ilə bağlı BQXK-dən aldığı məktubun mahiyyətindən də danışıb: "Məktubda yaxşı olduğunu yazıb. Amma şəklinə baxıram ki, bir dərisi qalıb bir də sümüyü . Dağ boyda oğlan təmiz əriyib. Yaxşı olsa şəklində də görərdik. Pəhləvan kimi qardaşım əriyib heç nə olub. Məktubda da "narahat olmayın yaxşıyam” sözlərindən başqa heç nə yazılmır. Əminəm ki, bu sözləri Şahbaza zorən yazdırırlar”.

Müsahibimiz Ş.Quliyev və Dilqəm Əsgərov unudulmasından gileylənib: "Onlar yaddan çıxıblar. Sağ ol ki, maraqlanırsız. Onlarla maraqlanan yoxdur. Deyən yoxdur ki, onları azad etmək lazımdır. BQXK Azərbaycandakı erməni əsirlərinə baş çəkir. Bizdəki ermənilərin hamısı kökəlib. Amma ermənilər bizim girovlarımızın başına oyunlar açır. Bax belədir vəziyyət. BQXK həmin şəkili yalnız mənə göstərir. Mən kiməm ki? Lap o şəkili görsəm neyləyə bilərəm ki? Sadəcə baxıram, məni ağlamaq basır. Əlimdən nə gəlir. Əlacsızam, çarəsizəm. Mən kimə müraciət etmək lazım olduğunu bilmirəm. Bir sözlə, Şahbazı öldürüblər”.

Müsahibimiz qəzetimiz vasitəsilə Ş.Quliyevin azad olunması ilə bağlı bir daha kömək istəyib: Hamı məsələdən xəbərdardır. Niyə bir iş görmürlər? Şahbazla Dilqəmin nəşinimi gözləyirlər? Vəziyyət belədir. Onları heç kəs fikirləşmir”.

Ayyət Əhməd