Əksər müşahidəçilər Rusiya paytaxtındakı budəfəki müzakirələri kifayət qədər mühüm hesab edir
Qarabağ Lavrovun masasında...
Həmsədrlər Moskvada toplaşdılar, danışıqların detalları müzakirə edildi
Əksər müşahidəçilər Rusiya paytaxtındakı budəfəki müzakirələri kifayət qədər mühüm hesab edir
Əksər müşahidəçilər Rusiya paytaxtındakı budəfəki müzakirələri kifayət qədər mühüm hesab edir
Dünən Rusiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib. ATƏT-in Minsk Qrupu həmsədrləri olan İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa) növbəti danışıqlar üçün Moskvada toplaşıblar. Həmsədrləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov qəbul edib. Məsləhətləşmələrdə ATƏT sədrinin şəxsi köməkçisi Anjey Kasprşik də iştirak edib.
Görüş çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aktual məsələlərin müzakirə olunacağı, mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların reallaşdırılmasının gedişatına xüsusi diqqət yetirilib. Rusiya XİN-dən verilən məlumata görə, həmsədrlərin bu görüşü hər il mütəmadi olaraq Vaşinqton, Paris və Moskvada keçirilən məsləhətləşmələrdən biridir. Görüşün əsas məqsədi üç ölkənin Qarabağ nizamlanması ilə bağlı səylərinin koordinasiyasıdır.
Əksər müşahidəçilər Rusiya paytaxtındakı budəfəki müzakirələri kifayət qədər mühüm hesab edir. Çünki apreldəki 4 günlük müharibədən keçən 5 ayda yüksək səviyyədə yalnız iki görüş - Vyana və Sankt-Peterburq görüşü baş tutub və son vaxtlar nizamlama prosesində yenidən durğunluq müşahidə olunmaqdadır. Eyni zamanda müharibə riskləri təzədən artmağa başlayıb.
Bu mənada həmsədrlərin Moskva görüşü xeyli dərəcədə hərb, yoxsa sülh dilemmasına aydınlıq gətirməlidir. Çünki gözləmə limiti artıq bitib. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən həftə ATƏT-in XİN başçılarının Potsdamdakı qeyri-formal sammitində ilk dəfə açıq bəyan edib, Ermənistanın işğal altındakı əraziləri boşaltmağının vaxtının çatdığını bildirib, faktiki, yeni müharibə haqda xəbərdarlıq edib. Bu xəbərdarlıqdan həmsədr ölkələrə də pay düşür və zaman Ermənistanla yanaşı, bölgədə maraqları toqquşan vasitəçi dövlətlərin də əleyhinə işləyir. Bəs Moskva görüşü nə vəd edir? Görüşün Qarabağ məsələsinə ən böyük təsir imkanı olan Rusiyanın paytaxtında keçirilməsi konfliktin həlli baxımından hansısa əlavə pozitiv atmosfer yaradırmı?
Politoloq Fikrət Sadıqovun sözlərinə görə, həmsədr ölkələr Dağlıq Qarabağ münaqişəsinin uzun müddət tənzimlənməməsini özlərinin regional maraqlarına təhlükə kimi görürlər. Xüsusilə də Rusiyanın son zamanlar aktivləşdiyini vurğulayan politoloq hesab edir ki, bu məsləhətləşmələri müsbət amil kimi qiymətləndirmək olar: "Lakin 20 ildən artıq davam edən münaqişədə məsləhətləşmələr məsələsi arxa plana keçməlidir. Artıq məsləhətləşmələrin dövrü keçib. Biz aparıcı dövlətlərdən konkret təkliflər gözləyirik. Bu təkliflər işğal edilmiş Azərbaycan ərazilərinin Madrid, Kazan prinsipləri əsasında azad edilməsi ilə bağlı olmalıdır. Düzdür, Lavrov münaqişənin həlli istiqamətində yeni təkliflər planının hazırlandığını bir neçə dəfə bəyan edib. Hesab edirəm ki, bu görüş də məhz həmin təkliflərin müzakirəsinə həsr olunub. Hər nə qədər Rusiya münaqişənin həllində açar rolunu oynayan dövlət olsa da, sözügedən təklifləri Minsk Qrupunun digər həmsədrləri ilə razılaşdırmalıdır”.
Bu cür görüşlərin illərdir keçirildiyini vurğulayan F.Sadıqovun sözlərinə görə, prosesdə ölü nöqtədən dinamik şəkildə irəliləyiş olmalıdır: "İlk növbədə isə Azərbaycanın maraqları nəzərə alınmalıdır. Təəssüflə qeyd etməliyəm ki, həmsədr ölkələr bir çox hallarda Azərbaycanı Ermənistanla bərabərləşdirirlər. Bizi bərabərləşdirəndə ortaq məxrəcə gəlmək istəyirlər. Lakin mən hesab edirəm ki, burada əsas məsələ Ermənistana təzyiq göstərmək olmalıdır. Faktiki olaraq təcavüzə məruz qalan və torpaqları işğal olunan tərəf Azərbaycandır. Bu, bir sıra dövlətlər tərəfindən də tanınan və qəbul olunan bir gerçəklikdir. Ona görə də artıq erməni ordusu tərəfindən işğal olunmuş torpaqların azad olunması prosesinin başlanması mühüm şərtdir.
Ermənistana təzyiqlər nəticəsində Dağlıq Qarabağ ətrafındakı ərazilərin işğaldan azad edilməsi prosesi başlamalıdır ki, sonradan Dağlıq Qarabağ ilə bağlı danışıqlar davam etdirilsin və status müəyyən edilsin. Biz heç vaxt danışıqlar prosesindən imtina etməyin tərəfdarı olmamışıq. Bizim mövqeyimiz bundan ibarətdir ki, Ermənistanın xarici siyasət prioritetləri heç bir halda Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması prosesinə təsir etməməlidir”.
Politoloq Əli Oruclu isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi regional münaqişədən çoxdan çıxıb və artıq beynəlxalq münaqişə səviyyəsinə gəlib. "Çünki burda tərəflərin sayı da çoxalıb. Göründüyü kimi, Ermənistanla Azərbaycan deyil, regiona marağı olan dövlətlər burda qeyri-rəsmi olsa da, tərəf kimi görünürlər. Bu cür görüşlər dəfələrlə keçirilib. Bəzən nikbin bəyanatlar da səsləndirilib. Ancaq çox təəssüflər olsun ki, ortada bir nəticə yoxdur”. Bu səbəbdən də bu cür formal görüşlərin heç bir mənasının olmadığını vurğulayan Ə.Oruclu deyib ki, bu görüşlər sadəcə regionda sülhə və təhlükəsizliyə müəyyən yardım edə bilər ki, burda müharibə alovlanmasın, geniş miqyasda hərbi əməliyyatlar başlamasın. "Bundan əlavə bu görüşlərin uzağa gedəcəyini, səmərə verəcəyini şəxsən gözləmirəm”.
Şəymən