
Xilaskar həkim yad planetdən gəlməyib
4-cü mərtəbədən düşən uşağı xilas edən qadını təbliğ etməliyik, hamıya dərs olsun“Elə bir zəmanəyə gəlib çıxmışıq ki, indi insanlar həyatı təhlükədə olan bir insan görəndə tez telefonunu çıxarıb, hadisəni lentə almaqla məşğul olur”

Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində bir ailənin 4 ildən sonra doğulmuş yeganə övladı olan 4 yaşlı Cavidin həyatını xilas etmiş Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova mükafatlandırılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, mükafatlandırma tədbiri Sumqayıt Səhiyyə Şöbəsində təşkil olunub və iclasda hadisənin təfərrüatları vurğulanıb. Qeyd olunub ki, həkim Ç.Cahangirova bu ilin 25 avqust tarixində hündürmərtəbəli binanın yanından keçərkən balaca bir uşağın yuxarı mərtəbələrdən birinin balkonundan aşağı sallandığını görüb.
Qısa bir an içərisində həkim uşağın təxmini düşəcəyi yeri aydınlaşdıraraq ora atılıb. Elə bu zaman sürətlə aşağı enən uşaq 4-cü mərtəbədəki asqı ipindən yapışaraq bir qədər ləngiyib və sonra yenidən aşağıda duran həkimin qucağına düşüb. Ç.Cahangirova 4 ildir Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çağırışçı həkim kimi fəaliyyət göstərir.
Tədbirdə çıxış edən Ç.Cahangirova tibbi yardım göstərdiyi xəstələrin vəziyyətinin yaxşılaşmasına görə həmişə sevindiyini, lakin balaca Cavidin xilasına görə isə özünü xoşbəxt hiss etdiyini etiraf edib.
Qeyd edək ki, hadisənin üstündən xeyli müddət keçməsinə baxmayaraq mövzunun hələ də gündəmdə qalması cəmiyyətdə birmənalı qarşılanmayıb. Daha doğrusu, sözügedən hadisə ətrafında fikirlər haçalanıb. İnsanların bir qismi həkimin uşağı xilas etməsinin bu qədər şişirdilməsinin doğru olmadığını hesab edir. Digər kəsim isə əksinə, bu xanımın başqalarına örnək olsun deyə geniş şəkildə ictimaiyyətə təqdim olunmasının tərəfdarıdır. Belə olarsa, intihar edən insanlara rast gələndə FHN-ə, təcili tibbi yardıma zəng vurmaq əvəzinə, tez telefonu çıxarıb "mənzərə”ni lentə alıb, sosial şəbəkələrdə paylaşan insanlar bəlkə özləri üçün nəticə çıxararlar. Gənc xanımın cəsarətindən ruhlanıb, onlar da intihar məqsədi ilə və ya təsadüfdən hündürlükdən düşən adam görəndə tez qabağa atılıb, tuta bilməsələr də, əlləri ilə onların yerə sürətlə düşməsinə mane ola bilərlər.
İnsanların biri-birinə qarşı həddindən artıq laqeyd münasibət bəslədiyini vurğulayan Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bunun bir səbəbi də intiharların, ölümlərin adiləşməsidir.
Uşağın həyatını xilas edən xanımın bu addımının alqışa və təqdirəlayiq olduğunu vurğulayan psixoloqun sözlərinə görə, indiki situasiyada bu cür xəbərlərin təbliğinə və geniş işıqlandırılmasına çox böyük ehtiyac var: "Mən də hesab edirəm ki, bu cür insanlar mükafatlandırılmalı və ictimaiyyətə örnək olaraq tanıdılmalıdır. Bəlkə də, 20 il bundan qabaqkı cəmiyyət olsa, bu hadisəni normal qəbul edib, adiləşdirə bilərdik. Amma indi cəmiyyət o cəmiyyət deyil axı. Biz gün ərzində mənfi informasiyalara, bəd xəbərlərə o qədər köklənirik ki, adi bir xoş xəbəri belə aşırı sevinclə qarşılayırıq. İnsanlarımız biri-birinə o qədər yadlaşıb, doğmalarının belə həyatına biganələşib ki, tanımadığı bir insana görə həyatını təhlükəyə atan insanları az qala yadplanetli kimi görürük. Doğrudan da elə bir zəmanəyə gəlib çıxmışıq ki, indi insanlar həyatı təhlükədə olan bir insan görəndə tez telefonunu çıxarıb, hadisəni lentə almaqla məşğul olur. Belə insanlar üçün kiminsə intihar səhnələrini, ölüm anlarını çəkib sosial şəbəkələrdə paylaşmaq və layk yığmaq birinin həyatını xilas etməkdən daha önəmlidir. Halbuki insanlıq biri-birinə yardım etməkdən, əlsizə əl tutmaqdan keçir. Adicə bir şeyi qeyd edim. Əvvəllər insanlar biri-birinə o qədər yaxın idi ki, uzaqdan da olsa cavan bir qohumu öləndə düz bir il televizoru açmır, yaşlı adamlara görə də bir il evlərində xeyir iş tutmur, toy çaldırmırdılar. Çünki o vaxtları ölüm qocalıq əlaməti idi. Bu gün isə biz kütləvi ölümlərin şahidi oluruq. Cavan-cavan insanlar ailəvi qəzaların, ağır xəstəliklərin qurbanı olur. İnsanlar da artıq həyata barmaqarası yanaşırlar. Dünənə qədər bir çoxları ölüdən "qorxur”du. Amma indi deyirlər ki, ölüdən yox, diridən "qorxmaq” lazımdır. Artıq insanlar ən yaxın dostuna belə etibar etmir və bu da nəticə etibarı ilə insanların biri-birindən soyumasına gətirib çıxarır. Yadlaşma sürətləndikcə də, insan həyatı önəmsizləşir. Birinin faciəsi digərinin əyləncəsinə çevrilir. Amma nə yaxşı ki, hələ də başqalarının həyatına önəm verən insanlar var. Bu baxımdan mən də o fikirdəyəm ki, cəmiyyətin, medianın 4 yaşlı uşağı xilas edən qadının bu addımını qabartması başqaları üçün həyat dərsi ola bilər”.
Psixoloqun sözlərinə görə, bu cür hadisələrdən xüsusilə valideynlər nəticə çıxarmalıdır: "İntiharlar geniş yayılıb və qarşısı alınmaz hal alıb. Bu problemin həlli kompleks yanaşma tələb edir. Kimin nə vaxt, harda intihar edəcəyini bilmədiyimiz üçün hələlik maarifləndirmə tədbirləri ilə kifayətlənməliyik. Amma konkret hadisədə bir az da valideyn məsuliyyətsizliyindən söhbət gedir. Uşaqlar bütün günü hərəkətdə olurlar və onlara nəzarət etmək çətindir. Pəncərəyə çıxmaq, balkondan asılı vəziyyətdə durmaq uşaqlara əyləncə kimi gəlir və o, həmin anda hansısa bir təhlükə ilə üzləşə biləcəyini ağlına gətirmir. Bəs valideynlər hara baxır? Açıq pəncərəli evlərdə uşağı tək qoyub mağazaya getmək belə doğru deyil. Bir saniyənin belə öz hökmü var”.
Şəymən