Jurnalistika xəbəri ötürür

İctimai qınağı o xəbər əsasında oxucu formalaşdırmalıdır
Firdovsi Fərzəliyev: “Daha çox ictimai qınaq meydanına sosial şəbəkələr çevrilib”

Anar Niftəliyev: "İctimai qınaq ümumiyyətlə, bir az sürüşkən məfhumdur”

Anar Turan: "Cəmiyyətdə birliyə, bərabərliyə nail olmaq üçün ictimai qınağı sağlam şəkildə aparmaq və təbliğ etmək lazımdır”

Vüsal Məmmədov: "Medianın kimisə, yaxud nəyisə ictimai qınağa çəkmək kimi bir funksiyası yoxdur”

(əvvəli ötən sayımızda)

Cəmiyyətdə mövcud problemlərin həlli yollarına fərqli yanaşmalar həmişə mövcud olub. O yanaşmaları müəyyən edən bir çox faktorlar var. Həmin amillərdən biri də ictimai qınaqdır. Bəs ictimai qınaq nədir? Əlbəttə, ictimai qınaq ictimai nəzarətin bir formasıdır. Ümumi ictimai rəyin ifadə edilməsinin bir üsuludur. Bu, təsir formasıdır. İnsanları müəyyən yanlış əməllərdən çəkindirmək üsuludur. Hansısa yanlışlığa yol vermiş insan ictimai qınaq nəticəsində bu və ya başqa hərəkətinə son verir. Onu müəyyən dərəcədə korrektə edir. İctimai rəyin təsiri ilə geri çəkilir.

Bu baxımdan cəmiyyətdə ictimai qınağın mövcudluğu çox önəmlidir. Heç kimə sirr deyil ki, ictimai qınağın müxtəlif formaları var. Amma onun ən yaxşı yollarından biri mediada, kütləvi çap məhsullarında, kütləvi yayımda, yəni ictimaiyyətin daha çox baxdığı məlumat mənbələrində verilən qınaqdır. Yəni media ictimai əxlaqa uyğun olmayan məsələləri tənqid edir. Hər hansı bir şəxsin yol verdiyi yanlış hərəkətlərin cəmiyyətə bəxş etdiyi mənfi fəsadları insanların diqqətinə çatdırır. Onları bu cür davranışlardan çəkinməyə çağırır. Çünki media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən və maariflənməyə xidmət göstərən bir ictimai institutdur. Bəs maraqlıdır, görəsən, mediamızda ictimai qınağa yer verilirmi? Ümumiyyətlə, Azərbaycan media məkanında ictimai qınaq hansı səviyyədədir?

Sualımızı cavablandıran Milli.az saytının redaktoru Firdovsi Fərzəliyev düşünür ki, media fəaliyyətini hansısa hadisəni və ya şəxsi ictimai qınağın hədəfinə gətirmək kimi bir vəzifə ilə məhdudlaşdırmamalıdır: "Jurnalistikanın prinsipləri çox bəsitdir. Xəbər varsa, yayımlanmalıdır, fakt varsa, araşdırılmalı, hadisələrə çevik reaksiyalar alınmalıdır. Yoxsa medianın hansısa bir məsələni ictimai qınağa çevirmək kimi bir öhdəliyi olmamalıdır. Artıq qalan məsələni oxucuların, dinləyicilərin, tamaşaçıların reaksiyası həll edir. Qınayırlar, ya da təqdir edirlər. Hətta bəzi məqamlarda medianın bu yönlü fəaliyyəti jurnalistika prinsiplərinin pozulmasına gətirib çıxarır. Mətbuat orqanı tərəf olur, obyektivlik pozulur və qərəz aşkar sezilir. Tutaq ki, konkret hansısa problemi və ya şəxsi media quruluşunun ictimai qınaq obyekti etmək kimi düşüncəsi var. Məntiqlə bununla bağlı ancaq tənqidi rəylər alınmalı, qarşı tərəfin fikri öyrənilməməli, adam cəmiyyətə yırtıcı kimi təqdim olunmalıdır. Jurnalistikanın tələbləri bu deyil axı”.

Hazırda vəziyyətin bir qədər fərqli forma aldığını söyləyən həmkarımız qeyd edib ki, daha çox ictimai qınaq meydanına sosial şəbəkələr çevrilib: "Mövzu mətbuatın səhifələrindən şəbəkələrin qazanına düşür və orada çək-çevir edilir. Bu da normaldır. O ki qaldı ictimaiyyətin qınaması məsələsinə, cəmiyyət olaraq hələ o mərhələyə gəlib çatmamışıq. Yəni bizdə belə bir mütəşəkillik yoxdur. Bu, həm də ictimai müzakirəyə çıxarılan məsələnin çox zaman həllini tapmaması ilə bağlıdır. Məsələn, son zamanlar medianın daha çox diqqət kəsildiyi və dəfələrlə tirajladığı səhiyyədəki neqativlərlə bağlı ciddi tədbir görülməməsi insanlarda yazılanlara biganəlik yaradır. Lakin bununla belə medianın üzərinə getdiyi və cəmiyyət tərəfindən də ciddi dəstək alan məqamlar da var. Məsələn, şəhid ailələrinə sayğısızlıqla bağlı yazılanlardan və insanların təpkisindən sonra problemlər həllini tapdı. Təəssüflər olsun ki, belə nümunələr azdır”.

Axar.az saytının redaktoru Anar Niftəliyev söyləyib ki, ictimai qınaq ümumiyyətlə, bir az sürüşkən məfhumdur. Bu mənada ki, onu müəyyənləşdirmək o qədər də asan olmur: "Məsələn, hazırda daha çox ictimai qınağı sosial şəbəkələrdən hiss etmək mümkündür, ancaq sosial şəbəkədəki bəzi qruplar düşünülmüş şəkildə bir piar apara bilirlər. Ancaq ziyalıların, millət vəkillərinin və mövqeyi ilə seçilən şəxslərin də qoşulduğu müəyyən müzakirələrin mediada işıqlandırılması vaxtaşırı baş verir. Əlbəttə, medianın təsir imkanları daha genişdir və cəmiyyətdə rəyin formalaşmasına, həmçinin hansısa problemin həllini tapmasına yardımçı olur. Təsadüfi deyil ki, ölkə rəhbərliyi də medianın bu funksiyasını da hər zaman vurğulayır və diqqətdə saxlayır”.

Araşdırmaçı-jurnalist Anar Turan qeyd edib ki, bu gün Azərbaycan mətbuatı özünün həm inkişaf, həm də tənəzzül dövrünü yaşayır: "Vaxt olub ki, öz dilimizdə qəzet, jurnal nəşr etmək müşkül məsələ imiş. Maarifçiliyin inkişafında mətbuat nümunələrinə çox ehtiyac olub. İndi biz bu mərhələni keçmişik. Kəmiyyət baxımından dilimizdə istənilən qədər mətbu orqanı fəaliyyət göstərir. İnternet saytları da buna əlavə etsək vəziyyət bu baxımdan qənaətbəxşdir. Lakin gəlin görək bu say göstəricisi keyfiyyəti nə qədər təmsil edə bilir. Kəmiyyət baxımından inkişaf etsək də, keyfiyyət baxımından tənəzzül edirik. Bu baxımdan mətbuat öz oxucularını itirir. Bunun ən əsas səbəblərindən biri də şübhəsiz ki, ictimai qınağın, tənqidin az olmasıdır. Sosial problemlərin həllində, cəhalətə qarşı mübarizədə, qaragüruhdan fərqli, ziyalı mövqeyinin ortaya qoyulması baxımından media müstəsna əhəmiyyətə malikdir. Bu isə ilk növbədə ictimai qınağın güclü olmasından və bu prosesdə ziyalı kəsimin iştirak etməsindən başlayır. Cəmiyyətdə birliyə, bərabərliyə nail olmaq üçün ictimai qınağı sağlam şəkildə aparmaq və təbliğ etmək lazımdır”.

A.Turan hesab edir ki, bizim mediada ictimai qınaq daha çox məişət problemləri, müğənnilərin və digər məşhur fərdlərin arasındakı ixtilafların üzərində daha çox qurulub: "Doğrudur, bu yaxında ictimai qınağın təpkisi nəticəsində bir şəhid ailəmizin sosial problemi öz həllini tapdı. Bunlar da var, təbii ki. Çalışmalıyıq dedi-qovğalara ayrılan ictimai qınağı daha çox oxumağa, maariflənməyə, düzgün, sağlam mühakimə qabiliyyətimizi inkişaf etdirməyə, şəhid ailələrinin problemlərinin qeyd-şərtsiz həll edilməsinə, hansısa məmurun, həkimin, müəllimin, hətta jurnalistin dövlətin və millətin ona verdiyi səlahiyyəti düzgün yönəltməsinə həsr edək. Yəni ictimai qınaq millətdə milli vicdan, milli düşüncə, təəssübkeşlik, ictimai tərbiyə hisslərinin güclənməsinə səbəb olan amildir”.

Həmsöhbətimiz onu da əlavə edib ki, mediada yer alan ictimai qınaq bu gün cəmiyyətə hələ də az-çox təsirini göstərir. Baxmayaraq ki, mediada ictimai qınaq qaneedici səviyyədə deyil: "Lakin bunu cəmiyyətdə təsirli etmək üçün medianın bu prosesə əhəmiyyət verməsi, bu prosesdə təşəbbüskar olması da əsas göstəricilərdən biridir”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov isə bildirib ki, medianın kimisə, yaxud nəyisə ictimai qınağa çəkmək kimi bir funksiyası yoxdur: "Medianın işi xəbəri yaymaq, hadisəni, faktı ictimailəşdirməkdir. Bu hadisəyə görə kimisə qınamaq lazım olub-olmadığına isə cəmiyyət özü qərar verməlidir. Ona görə də, mediadan qınaq gözləməməliyik. İctimai qınağı sosial mediada daha çox görmək olur. İnsanlar sosial şəbəkələrdə mediada yer alan faktları paylaşır və qınaq hədəfinə çevirirlər. Bu zaman o qınaqların nə qədər haqlı olması, etik qaydaların nə dərəcədə gözlənilməsi isə ayrı məsələdir. Çünki əksər hallarda qınaq və tənqid çox asanlıqla təhqirə keçir.

Bu, hansısa mənfi halın qarşısını ala bilərmi? Düşünürəm ki, bəli. Hər halda, mənfi halların təkrarlanmasının qarşısını almağın yollarından biri də onların haqqında məlumatın cəmiyyətə yayılmasıdır. Amma problem ondadır ki, bu zaman qərəz və sui-istifadəyə də yol verilir”.

(Davamı var)

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb