Türkiyədə möhtəşəm tapıntı...

2 min 100 illik tarixi olan Ana Tanrı heykəli aşkarlanıb
Türkiyənin Ordu bölgəsində arxeoloji qazıntılar zamanı tarixi bir tapıntıya imza atılıb.
2 min 100 illik tarixi olan Ana Tanrı Kibele heykəli burada aşkarlanıb. Prof. Dr. Süleyman Ucal Şenyurtun başçılığı ilə 25 arxeoloq tərəfindən qazıntı işləri Ordunun Altınordu qəsəbəsi Kurul qalasında davam edir. Qazıntıda, təxminən 200 kilo ağırlığında və 110 santimetr boyunda taxtında oturan Ana Tanrı heykəli tapılıb.
Ordu Böyükşəhər Bələdiyyə başçısı Enver Yılmaz qazıntı işlərinin aparıldığı yeri ziyarət edərək işlər haqqında heyətdən məlumat alıb. Enver Yılmaz, belə deyib:
"Bura Ordu Böyükşəhər Bələdiyyəsinin maddi cəhətdən dəstək verdiyi bir iş sahəsidir. Qazıntı üçün keçən il 1 milyon TL ayıraraq surətlə işlərə başladıq. İnşallah gələn il bu qala və ətrafı ortaya çıxarılan heykəl və əsərlərlə həm türk turizminə, həm də bölgə turizminə qazandırılacaq. Bura bir açıq hava muzeyi kimi hər kəs tərəfindən ziyarət ediləcək.” Heykəlin Türkiyədə yerində olan ilk mərmər heykəl olduğunu ifadə edən prof. Dr. Süleyman Ucal Şenyurt isə, belə söyləyir: "İşlərimizə ara vermədən davam edirik. İki gün əvvəl də çox gözəl bir əsər tapdıq. Həqiqətən bizim də gözləmədiyimiz qədər əhəmiyyətli bir əsəri Orduda tapıb Türkiyə arxeologiyasına qazandırdıq. Bu çox nadir bir vəziyyətdir. Araşdırmalarımıza görə bu heykəl Kurul qalasını zəbt edən Romalı əsgərlərin işğalı zamanı giriş qapısındakı divarların yıxılmasıyla yerində qalıb. Bu heykəl bizə ayrıca Ordu Kurul qalasının çox əhəmiyyətli bir yer olduğunu göstərmiş oldu.”