20 Yanvar şəhidlərini unutma!

Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizdəki azadlıq istəyinin oyanış günü idi
1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətdən 26 il ötür. Ötən illər ərzində qanlı faciə bir an da olsa unudulmayıb. Vətənimizin istiqlaliyyəti, azadlığı, müstəqilliyi uğrunda canlarından keçmiş mərd oğul və qızlarımızın uyuduqları Şəhidlər Xiyabanı hər bir azərbaycanlı üçün əsl ziyarətgaha çevrilib. Hətta, xarici ölkələrdən republikamıza gələn qonaqlar da Şəhidlər Xiyabanına gedərək, Vətən yolunda canlarını qurban verənlərin məzarları üzərinə tər çiçəklər düzüb, onlara ehtiramlarını bildiriblər.
O məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. 20 Yanvar Azərbaycanın müstəqillik tarixinə qanla yazılmış şərəfli bir səhifədir. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizdəki azadlıq istəyinin oyanış günü idi. Həmin gün uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıq nümayiş etdirdiyi şərəfli bir tarixdir. Orada şəhid olanlar yetişən gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir.
Hər il 20 Yanvar faciəsinin ildönümünün respublikamızın bütün ərazilərində kütləvi şəkildə qeyd olunması, anım mərasimlərinin keçirilməsi, şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi ilə əlaqədar tədbirlər planı təsdiqlənir. Bu il də həmin ənənəyə sadiq olaraq, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi planlaşdırılıb. Bunların kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri vasitəsilə müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Ürəyində vətən sevgisi olan hər bir azərbaycanlı xalqımıza qarşı törədilmiş bu cinayətlə bağlı əsl həqiqətləri bütün dünyaya yaymağa çalışır. Qətlə yetirilən günahsız insanların əziz xatirəsinə ehtiram əlaməti olaraq,
"UBM Group”u tarixi həqiqətlərin dünyaya çatdırılmasına öz töhfəsini vermək məqsədilə korporativ sosial məsuliyyət proqramı çərçivəsində, həyata keçirir. Layihəyə əsasən "Facebook”, "Twitter”, "İnstagram” və "YouTube” sosial şəbəkələrində "Remember victims of 20 January” (20 Yanvar şəhidlərini unutma!) adlı səhifə yaradaraq, fəal təbliğat kampaniyasına start verib.
Bunun üçün şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və video-kadrlar həmin səhifədə yerləşdirilib. Bu təbliğat metarialları 5 dildə - ingilis, fransız, alman, rus və Azərbaycan dillərində hazırlanıb. "UBM Group” təşkilatçıları hər bir həmvətənimizi bu işdə fəal iştirak etməyə dəvət edir: "Gəlin tariximizi unutmayaq, undulmasına da imkan verməyək. Xalqımızın qan yaddaşına yazılmış 20 Yanvar hadisələrini daha yüksək səslə bütün dünyaya car çəkək. Həm ölkəmizdə, həm də dünyanın hər bir regionunda yaşayan soydaşlarımızı paylaşdığımız təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və səsimizin duyulduğu hər bir ölkədə təbliğatı gücləndirməyə dəvət edirik”.
İsmayıl