200 manatlıq əsginas inflyasiya yaratmayacaq

Pul kütləsinə lazımi səviyyədə nəzarət olunur
“Lazım gələrsə, 50 manatlıq, 100 manatlıq əsginaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq”



Gələn aydan etibarən Azərbaycanda dövriyyəyə 200 manatlıq əsginaslar buraxılacaq. Mərkəzi Bankın binasında yeni əsginasın qapalı təqdimat mərasimi keçirilib. 200 manatlıq pul nişanının dövriyyəyə buraxılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əsginasın inflyasiya səviyyəsinin yüksəlməsinə, hətta növbəti devalvasiya dalğasına səbəb olacağı fikirlərini səsləndirənlər də var.

Özbaşınalıq deyil ki, kim necə istəyir elə də etsin

Təqdimat mərasimində iştirak etmiş Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov isə Mərkəzi Bankın həyata keçirdiyi son siyasətin heç bir inflyasiya və devalvasiyadan xəbər vermədiyini deyib: "Mərkəzi Bank pul kütləsinə lazımi səviyyədə nəzarət mexanizmi həyata keçirir. Neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında müsbət saldo var. Ona görə də manatın devalvasiyasından hələlik söhbət gedə bilməz. Yəni 200 manatlıq əsginasın buraxılması növbəti devalvasiya, pul kütləsinə hər hansı şəkildə təsir səbəbi deyil. Hətta dünən Mərkəzi Bankın sədri Elman Rüstəmovla bu barədə müzakirələrimiz oldu. Sədr də qeyd etdi ki, hazırda Azərbaycanın kifayət qədər ehtiyatları var və narahat olmağa dəyməz”.

Deputat yeni əsginasların hansı zərurətdən buraxılmasına da aydınlıq gətirib:

 "Əsginasların buraxılması Cümhuriyyətin 100 illiyi və mərhum Heydər Əliyevin 95 illiyilə əlaqədardır”.
V.Əhmədov bu gündən etibarən 200 manatlıq əsginasların dövriyyəyə buraxılacağını bildirib: "Əsginas bu gündən dövriyyəyə buraxılacaq. Pul kütləsinə nəzarət mexanizmini Mərkəzi Bank həyata keçirir. Məsələn, lazım gələrsə, 50 manatlıq, 100 manatlıq əsginaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq. Araşdırma aparılır, bu addım planlı şəkildə həyata keçirilir, özbaşınalıq deyil ki, kim necə istəyir elə də etsin”.

...2 və ya 3 manat və 25 manat nominallı əsginasların buraxılmasına daha çox ehtiyac var

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli isə hesab edir ki, Azərbaycanda dövriyyəyə 200 manatlıq əsginaslar buraxılmasının izahını deputatlar, ekspertlər yox, Mərkəzi Bank özü verməlidir:
"Azərbaycanda alış-veriş sahəsində daha çox 3 problemin biri-birinə qarşılıqlı təsirini də nəzərə almaqla optimal həllinə nail olmaq lazımdır. Birincisi, nağdsız hesablaşmaların stimullaşdırılması və onun tətbiq dairəsinin genişləndirilməsi. İnkişaf etmiş ölkələr bu işi çox yaxşı qurublar. Onlarda nağdsız hesablaşmalar yaxşı təşkil edildiyindən, vətəndaşların cibində kimisə kofeyə qonaq eləmək və s. üçün hər ehtimala qarşı uzağı, 20-30 dollar nağd pul olur. Azərbaycanda hər şeydən əvvəl bu üsulun geniş tətbiqinə nail olmaq lazımdır”.

Deputat qeyd edib ki, ikinci mərhələdə tədavüldə olan nağd pul kütləsini lazımi səviyyəyə çatdırıb, bu sahədəki qıtlığın aradan qaldırılmasına nail olmaq lazımdır:

"Birinci amil sonradan bunu özü yaxşıca tənzimləyəcək. Üçüncüsü, yeni pul əsginaslarının buraxılması dövriyyəni rahatlaşdırmağa yönəldilməlidir. Ona görə də insanların və marketlərin alış-veriş prosesində və pul xırdalayan zaman qarşılaşdıqları çətinlikləri aradan qaldırmaqdan ötrü dövriyyə 2 və ya 3 manat və 25 manat nominallı əsginasların buraxılmasına daha çox ehtiyac var. Bu baxımdan yanaşdıqda dövriyyəyə 200 manatlıq əsginaslar buraxılmasına elə bir lüzum yox idi. Yəqin bu addım sırf yubiley hadisələri ilə bağlı məsələdir. Amma yubileylərlə bağlı kağız pul yox, metal pulların buraxılması daha məqsədəuyğundur. Çünki bu halda onu hamı, maaşı 200 manatdan aşağı olanlar da əldə edə və yubiley xatirəsi kimi saxlaya bilər”.

O ki qaldı 200 manatlıq əsginasların dövriyyəyə buraxılmasıyla kataklizmlərin olacağı, inflyasiyanın artacağı və s. bu kimi məsələlərə, Ə.Məsimli burada nəzəri cəhətdən həqiqət payı varsa da, psixoloji təsirdən doğan nəticələrdən başqa elə bir ciddi problem mənbəyi olmadığını deyib: "Azərbaycanda inflyasiyanın yarıdan çoxunun baiskarı monopolistlərdir. Əslində ölkəmizdə dövriyyədə 200 manatlıq əsginasların olması ilə olmaması arasında elə bir ciddi fərq yoxdur”.

Mərkəzi Bankın xırda nominallı əsginasların sayını artırması daha məqsədəuyğun olardı

İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, iri nominallı əsginasın dövriyyəyə buraxılmasının bir sıra çatışmazlıqları var: "Ölkəmiz bu məsələdə 500 avro əsginası olan Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq əməkhaqqı bizimlə müqayisədə xeyli yüksəkdir və dünyada yığımların 24 faizə yaxını məhz avro ilə aparılır. 

Dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ-da dövriyyədə olan ən yüksək əsginas 100 dollardır. Birləşmiş Ştatlarda xüsusi hesablaşmalar üçün 1000 dollarlıq əsginaslardan istifadə edilir, amma onlar ümumi dövriyyəyə buraxılmır. Dünyada valyuta ehtiyatlarının 67 faizinin ABŞ valyutası ilə saxlanmasına baxmayaraq, Federal Ehtiyatlar Sistemi əsginasların üzərində rəqəmləri artırmağa tələsmir”.

V.Bayramovun sözlərinə görə, Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əsginasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq: "Bu addım pulun alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. Dövriyyədə yüksək nominallı əsginasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir. Bu baxımdan, iri nominallı əsginaslar inflyasiya yaradıcı faktorları gücləndirəcək. Digər tərəfdən, hazırda nağd hesablaşmalarda iri deyil, xırda əsginasların azlığı daha çox müşahidə edilir. Bu baxımdan, Mərkəzi Bankın xırda nominallı əsginasların sayını artırması daha məqsədəuyğun olardı”.
2 və ya 3 manatlıq əsginas
dövriyyəyə buraxılsa, yaxşı olar

Digər iqtisadçı-ekspert Samir Əliyev də 200 manatlıq əsginasın buraxılmasına heç bir ehtiyac olmadığını deyib. O da hesab edir ki, 200 manatdan daha çox 2 və ya 3 manatlıq əsginasa ehtiyac var: "1 və 5 manatalıq əsginaslar arasında heç bir pul vahidi yoxdur. Ona görə də bazarda müəyyən çətinliklər yaşanır. Məhz buna görə də 2 və ya 3 manatlıq əsginas dövriyyəyə buraxılsa, yaxşı olar”.
S.Əliyev 200 manatlıq əsginasın milli valyutamızın dəyərinə təsir etməyəcəyini, bunun fonunda da devalvasiya riskinin gözlənilmədiyini qeyd edib.

İqtisadçı ölkədə nağdsız ödənişlərin tətbiqi istiqamətində təbliğat aparıldığı bir zamanda daha yüksək nominalda əsginasın buraxılmasını da məqsədəuyğun hesab etmədiyini söyləyib. O, yeni əsginasın sadəcə yığımı asanlaşdıracağını bildirib.

200 manatlıq əsginasların dövriyyəyə buraxılması büdcə xərclərinin artırılması ilə bağlıdır

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, yüksək nominallı əsginasların dövriyyəyə buraxılması inflyasiya basqılarını artıracaq.

Onun sözlərinə görə, dövriyyədə nə qədər çox manat olacaqsa, həcm olaraq manat kütləsi artacaqsa, bu, inflyasiya basqılarını artıracaq və inflyasiyanın sürətlənməsinə səbəb olacaq:

"Ancaq Azərbaycanda iqtisadi sistemdə bunun birbaşa əlaqəsi yoxdur. Ona görə də hər şey hökumətin gələcəkdə bundan sonra atacağı addımlardan asılı olacaq. Çox güman ki, 200 manatlıq əsginasların dövriyyəyə buraxılması büdcə xərclərinin artırılması ilə bağlıdır. İyun ayında büdcəyə yenidən baxılacaq. Azərbaycanda çox pis bir ənənə formalaşıb. Büdcə tez-tez dəyişdirilir. İndi də neftin qiymətinin yüksək olması dövlətə rahatlıq verib və buna görə də, büdcəyə yenidən baxmağı düşünür. Hökumət büdcəyə yenidən baxaraq xərcləri artıracaq. Büdcə xərclərinin artırılması isə əlavə nağd pul kütləsinə ehtiyac yaradır. Bütün layihələrin bir çoxu nağd şəkildə həyata keçirilir, 200 manatlıq əsginasların dövriyyəyə buraxılması həm də buna xidmət edə bilər”.
200 manatlıq əsginasların birbaşa inflyasiyaya təsir etməyəcəyini deyən iqtisadçı-ekspert qeyd edib ki, dolayısı ilə bu qiymət artımına, manatın məzənnəsinə ciddi basqı yaradacaq amillərdən biridir: "Mərkəzi Bankın və hökumətin atacağı addımlar çox önəmli olacaq. Bu il neftin qiyməti yüksək, yəni, 75-80 dollar civarında qalsa, devalvasiya təhlükəsi gözlənilmir. Neftin qiymətində enmələr baş versə, il sonunda devalvasiya qaçılmaz olacaq”.

İqtisadçı Pərviz Heydərova görə, yeni əsginasların, yəni 200 manatlıqların dövriyyəyə buraxılması heç bir halda məntiqə uyğun və yaxud ağıllı qərar sayıla bilməz... Bunun bir sıra mənfi nəticələri olacaq:
- Əvvəla, dövriyyədə nağd pul kütləsi həcminə olan tələbat nöqteyi-nəzərindən, o cümlədən hesablaşmalar və sair baxımından buna ehtiyac yox idi. İkincisi də ki, lap zərurət mövcud olsa idi belə, bu addımı məhz indi atmaq qətiyyən düzgün deyildi. Məlumdur ki, manat bir müddətdir 1 ABŞ dollarına görə 1,70 qəpik dəyərindədir. Neftin dünya bazar qiymətlərinə əsasən, valyuta bazarımızda xeyli vaxtdır sabitlikdir. Ancaq bu, kövrək xarakter daşıyır. Makroiqtisadi göstəricilərimizdəki dayanıqlığın necə nisbi xarakter daşıdığını neftin qiymətinin 40 dollaradək və ondan aşağı düşməsi nəticəsində gördük. Ölkə iqtisadiyyatının yaxın perspektivdə inkişafı qeyri-neft məhsullarının ixracından və bu sahədə ölkənin mövcud potensialından necə istifadə ediləcəyindən asılıdır. Odur ki, neftdən kənar sahələr üzrə ixracın genişləndirilməsi istiqamətində görülən işlər durmadan davam etdirilir. 

Milli pul vahidimizin ən böyük nominallı əsginası olan 100 manatın 100 ABŞ dolları qarşısında 70 AZN ucuz olduğu bir məqamda isə 200-lüklərin dövriyyəyə buraxılması yalnız, Amerika valyutasının xeyrinədir. Bu addımla Mərkəzi Bank bir növ 17,64 faizlik devalvasiyaya rəvac vermiş oldu.

 Sözün qısası, ölkədə dollarizasiya prosesi yenidən vüsət alacaq, manata inamın bərpası prosesi birdəfəlik sönəcək, qiymətlər yüksələcək, idxalın genişlənməsi üçün əlavə stimul yaranacaq, birrəqəmli inflyasiyaya nail olmaq xeyli çətinləşəcək, qeyri-nağd ödənişlərin və hesablaşmaların həcmi əvvəlki templə artmayacaq, dövriyyədən orta perspektivdə nəinki qəpiklərin, ola bilsin ki, hətta 1 manatlıqların da belə çıxması üçün real zəmin yaranacaq... Və bütün bunlar, tədricən baş verəcək.. Mərkəzi Bank manatın oturduğu hava şarını yüngülləşdirmək əvəzinə, ona əlavə yük yerləşdirdi.

Şəymən