Yaxın qohumlar eyni yerdə işləyə bilməyəcəklər

Vəzifəlilərlə bağlı yeni qanun hazırlanır
“Yaxın qohumların eyni dövlət orqanında işləməsi probleminin qarşısını mövcud qanunvericiliklə də almaq olar. Əsas odur ki, qanunvericiliyin müddəaları tətbiq olunsun”


"Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya "Vəzifəli şəxslərin faəliyyətində maraqların toqquşması haqqında” adlı yeni qanun layihəsi hazırlamağa başlayıb. Yeni qanun layihəsi Komissiyada hazırlandıqdan sonra Milli Məclisə göndəriləcək.

Parlamentdə bu qanun layihəsinin qəbul ediləcəyinə ümid edən Prezident yanında Əfv Komissiyasının üzvü, "Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyevin sözlərinə görə, bu gün eyni dövlət orqanlarında qohumların tabelilik münasibətlərində çalışmasına qarşı qüvvədə olan qanunun maddəsi işlək deyil: "Eyni dövlət müəssisə, təşkilat, idarə və orqanlarında yaxın və ümumiyyətlə qohumluq münasibətlərində olan vətəndaşların işləməsi qanunla qadağandır. Bu, "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda da öz əksini tapıb. Qanunda qeyd olunur ki, qohumluq münasibətlərində olan vətəndaşların eyni dövlət orqanlarında tabelilik formasında, yəni biri digərinə nəzarət edirsə, bu formada çalışması qəti qadağan və yolverilməzdir. Amma təcrübə onu göstərir ki, Azərbaycanda məhz bu sahədə mövcud olan qanunvericilik tam tənzimlənmir. Ona görə də "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun məhz bu məsələyə aid maddəsi hələ də praktik baxımdan işlək deyil. Çünki hələ ki Azərbaycanda "Vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşması haqqında” qanun qəbul edilməyib”.

"Vəzifəli şəxslərin fəaliyyətində maraqlarının toqquşması haqqında” qanunun qəbulunun bu gün çox zəruri olduğunu vurğulayan Fond sədrinin sözlərinə görə, sözügedən qanun layihəsi qəbul olunacağı təqdirdə siyasi idarəçilik və iqtisadi sahədə yaxın qohumların bir yerdə çalışmasına yol verilməyəcək: "Bu gün Azərbaycanda aparılan struktur islahatları bu qanunun qəbulunu zəruri edib. Artıq bu qanun qəbul edildikdən sonra”Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda olan müvafiq maddə işlək mexanizmə düşəcək. Beləliklə də, siyasi idarəçilik və dövlətin iqtisadi,

maliyyə qurumlarında yaxın qohumların eyni dövlət orqanlarında tabelilik münasibətlərində çalışması mümkünsüz olacaq”.

Yaxın qohumların eyni dövlət orqanında işləməsinin korrupsiyaya yol açdığını vurğulayan Ə.Nuriyev deyib ki, qəbul olunacaq yeni qanunla qohumların tabelilik münasibətlərində çalışması qadağan ediləcək: "Bu gün Azərbaycanda korrupsiya və rüşvətxorluğa ən yaxşı yol açan hallar eyni dövlət orqanlarında qohumların tabelilik münasibətlərində çalışmasıdır. Çox təəssüf ki, Azərbaycanda maliyyə, iqtisadi və dövlət idarəçilik sahəsindəki qərarları birbaşa olaraq qəbul edən dövlət orqanlarında qohumların tabelilik münasibətlərində çalışması faktları var”.

Onun sözlərinə görə, "Vəzifəli şəxslərin fəaliyyətində maraqlarının toqquşması haqqında” qanun layihəsinin qəbulu ilə nazirlərin tenderləri öz yaxın qohumlarına satmasına son qoyulacaq: "Belə neqativ hallar birbaşa olaraq dövlət və hökumət tərəfindən qəbul edilən qərarların icrasına çox böyük maneələr yaradır.

İqtisadi sahədə dövlətin elan etdiyi tenderlərin şəffaflıq şəraitində keçməsinə imkan vermir və bu sahədə qatı inhisarçılıq formalaşdırır. Çox zaman dövlət orqanı rəhbərləri tenderləri öz tabeli münasibətlərində olan qohumlarına verirlər. Sağlam və azad rəqabət mühiti olmur. Ona görə də dövlət orqanlarında, iqtisadi sahədə korrupsiyanın qarşısının alınması üçün "Vəzifəli şəxslərin fəaliyyətində maraqlarının toqquşması haqqında” adlı yeni qanun layihəsinin qəbulu mühüm addım olacaq”.

Millət vəkili Fazil Mustafa da yaxın qohumların eyni dövlət orqanında işləməsi tendensiyasının Azərbaycan cəmiyyətində kifayət qədər yayğın olduğunu deyib. Məhz bu səbəbdən də sözügedən qanunun qəbulu ilə bu problemin qarşısının alınıb-alınmayacağına dair proqnoz verməkdə çətinlik çəkdiyini vurğulayan millət vəkili qanun müddəalarının icra həllini tapacağına ümid edir: "Hər halda bu məsələ dövlət səviyyəsində qaldırılıbsa, deməli, üzərinə də gediləcək. Ancaq düzgün icra mexanizmi tətbiq edildikdən sonra problemi həll etmək olar”.

Yaxın qohumların eyni dövlət orqanında biri-birinin tabeliyində işləməsinin korrupsiyaya yol açan vacib elementlərdən biri olduğunu deyən F.Mustafa korrupsiyaya səbəb olan başqa məsələlərin də mövcud olduğunu qeyd edib: "Hesab edirəm ki, yaxın qohumların eyni dövlət orqanında işləməsi probleminin qarşısını mövcud qanunvericiliklə də almaq olar. Bunun üçün yeni bir qanun layihəsinin hazırlanıb, qəbul olunmasına ehtiyac yoxdur. Əsas odur ki, qanunvericiliyin müddəaları tətbiq olunsun”.

Şəymən