İslam ölkələri jurnalistləri vahid platformada birləşir

Bakıda təsis olunan yeni qurum müsbət nəticələr vəd edir



(əvvəli ötən sayımızda)

Oktyabrın 3-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı baş tutub. Konfransı İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov açaraq qurumun fəaliyyəti, qarşıya qoyduğu məqsədlər barədə məlumat verib. Sonra F.Abbasovun İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaranma zərurəti, məqsədi və vəzifələri ilə bağlı məruzəsi dinlənilib.

O qeyd edib ki, regional, dini baxımdan bir çox jurnalist təşkilatları, birlikləri yaradılıb. Bu təşkilatlar əsasən onların öz maraqlarını ifadə edir. Bununla da jurnalist peşəkarlığı, doğru, dəqiq xəbər yayılması ilə bağlı hüquqlar pozulur. Bundan ən çox zərər çəkənlərin isə islam ölkələrinin olduğunu desək, səhv etmərik. İslam ölkələrinə yönələn bu siyasətə qarşı fəaliyyət göstərən, haqq səsini ucaldan media qurumu isə yox dərəcəsindədir.

Sözügedən birliyin mahiyyətindən söz açan media eksperti, professor Qulu Məhərrəmli qeyd edib ki, istənilən halda jurnalistlərin bir araya cəm olması çox müsbət hadisədir: "Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında mövqeyi çox güclüdür. Rəhmətlik Heydər Əliyevin vaxtından Azərbaycan həmin birliyin əsas ölkələrindən biridir. Azərbaycanın problemlərinə həssas yanaşan bir qurumdur. Təşkilatın jurnalistlər birliyi isə bu missiyanı boynuna götürüb. Və bunun Azərbaycana təbliğat baxımdan, Azərbaycan gerçəklərinin dünyaya çatdırılması baxımından faydası çox olacaq. Həm də Azərbaycan mediasının həmin ölkələrin mətbuatı ilə əməkdaşlıq etməsi üçün baza yaranacaq. Mən bunu təqdir edirəm”.

Məlum assosiasiyanın ortaq media quruluşu formalaşdırmasına gəlincə, Q.Məhərrəmli düşünür ki, ortaq telekanal açmaq mümkün deyil: "Çünki islam faktorunun önəmli olmasına baxmayaraq fərqli ölkələrdir və onların da fərqli mədəniyyətləri mövcuddur. Amma telekanal məsələsi real deyil. Lakin məlumat əldə etmək üçün ümumi informasiya agentliyi yaratmaq olar ki, xəbərlər ordan paylaşılsın. Azərbaycan da burada iştirak edəcək. Amma telekanal real deyil və ümumiyyətlə heç uyğun da deyil”.

Q.Məhərrəmli hesab edir ki, belə təşəbbüslər dünyada islamafob meyillərin zəifləməsinə gətirib çıxaracaq: "Təbii ki, məlum təşəbbüs islamafobiyanın qabağını alacaq. Yəni Azərbaycan və eyni zamanda digər islam ölkələri haqda təsəvvürləri genişləndirəcək. Azərbaycanı və digər islam ölkələrini dünyaya sivil bir formada təqdim edəcək. Bundan başqa ölkəmizin digər islam ölkələri ilə əməkdaşlığını da göstərəcək. Bu, həm də dünya üçün maraqlı bir mesajdır”.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev diqqətə çatdırıb ki, islam ölkələrinin media qurumları arasında vahid platformanın yaradılmasına böyük ehtiyac vardı. Ona görə ki, son illərdə islam ölkələri ayrı-ayrılıqda inkişaf ediblər. Hər birinin ayrılıqda sanballı media orqanları fəaliyyət göstərir: "Amma informasiya siyasəti yalnız daxili məsələlərlə məhdudlaşmamalıdır. Dünya qloballaşır, bu qloballaşma çərçivəsində problemlər də dünyəviləşir. Görürük ki, müxtəlif islam ölkələrində yaşanan proseslər haqqında digər islam ölkələri məlumatları transmilli informasiya qaynaqlarından alırlar. Bu transmilli informasiya qaynaqlarının da əksəriyyəti böyük dövlətlərin əlindədir. İslam ölkələrini təmsil edən nəhəng transmilli media korporasiyalarına və platformalarına rast gəlmirik. Bu baxımdan Sona xanım Vəliyevanın və Fazil Güneyin təşəbbüsü ilə gündəmə gələn bu assosiasiya çox mühüm rol oynaya bilər. Birincisi, məlum platforma qeyd etdiyim informasiya blokadasından çıxa bilər. İkincisi, islam ölkələrinin təbliği üçün yaxşı imkanların yaranması mümkündür. Biz görürük ki, müasir dünya turizmin inkişafına gedir, ölkələr arasında iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu mənada ölkələrin reklamı, piarı da vacibdir. Məlum platforma bu mənada da əsas rol oynaya bilər. İslam ölkələri media platforma vasitəsilə özlərini təbliğ edə və turist cəlb edə bilərlər. İqtisadi əlaqələrinin inkişafına dəstək də mümkündür”.

Baş yazar vurğulayıb ki, dünyada islamafob meyillərin artması məqamı mütləq nəzərə alınmalıdır: "Bu proses artan xətlə davam edir və çox təhlükəli həddə çatıb. Buna qarşı təkbaşına mübarizə aparmaq çox çətindir. Ona görə də islam ölkələri islamafobiyanın qarşısını almaq üçün birlikdə fəaliyyət göstərməlidirlər. Bu baxımdan da təklif olunan assosiasiya platforması önəmli rol oynaya bilər”.

İ.Quliyev onu da əlavə edib ki, assosiasiyasının 5 dildə fəaliyyət göstərən saytı hazırdı və işləyir: "Bu sayt gələcəkdə çox yaxşı bir rol oynaya bilər. Hesab edirəm ki, məlum platforma dəstək qazanacaq və özünü yaxşı şəkildə doğruldacaq. Bir neçə ildən sonra onun uğurlarının şahidinə çevriləcəyik və onun nailiyyətlərindən danışacağıq”.

Bu assosiasiyanın yaradılma təşəbbüsünün Azərbaycandan gəldiyini deyən "Səs” informasiya agentliyinin rəhbəri Bəhruz Quliyev deyib ki, bu məsələ islam dünyasına mətbuatın gözü ilə yenidən baxmaq deməkdir: "Eyni zamanda hazırda dünyada islamafob dairələr müsəlman dünyasına qarşı qərəzli mövqe tutublar. Bu, həm də islam dünyası tərəfindən real məlumatın verilməsində dünya mətbuatına yeni bir töhfə olacaq. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin böyük bir mətbuat qurumu yaranırsa, bu, müsəlman və türk dünyasına qarşı bəzi dairələrin apardığı islamafob siyasətin əleyhinə yeni bir qurumun siyasəti demək olacaq. Bu çox vacib bir jurnalistlər birliyidir. Müsəlman dünyasını dünyaya bir daha təqdim edəcək. Yəni müsəlman dünyasının müsəlman jurnalistlərin gözü ilə təqdimatıdır. Çox uğurlu addımdır”.

Müsahibimizin qənaətincə, assosiasiya ilə əlaqədar islam dünyasının həqiqətlərini ortaya qoyan saytlar və müxtəlif informasiya resursları fəaliyyətə başlamalıdır: "İslam dini, tərəqqi, müasir və fərqlilik dinidir. Təəssüflər olsun ki, bunu dünya başqa formada təqdim edir. Bunun radikal din və cərəyan kimi təqdim olunmasına ciddi cəhdlər var. Amma bizim də bildiyimiz kimi islam dini müasirlik dinidir. Müasirliyin qlobal dünyaya çatdırılması üçün müxtəlif informasiya resurslarının fəaliyyəti labüddür. Assosiasiyanın tərkibində bu cür informasiya resurslarının fəaliyyəti zəruridir”.

Jurnalist Mənsur Rəğbətoğlu bəyan edib ki, Qərbdə islamafobiya meyillərinin artdığı bir dövrdə islam ölkələrinin jurnalistlərinin üzərinə çox böyük bir vəzifə düşür. İslam dininin dəyərlərinin, onun mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması çox önəmli məsələdir: "Hazırda islamafobiya islam dünyasına qarşı siyasi mexanizmə çevrilib. İslam ölkələrinin media mənsubları bunu düzgün şərh etməlidirlər. Əgər bunu dərk etməsələr, o zaman o transmilli media axınında boğularaq, heç nəyi dərk edə bilməyəcəyik. Ona görə də məsələyə qlobal kontekstdə yanaşmaq və birgə zəruri addımlar atmaq lazımdır. Məlum birlik də bu məsələyə xidmət göstərəcək. Eyni zamanda islam ölkələrinin jurnalistləri səylərini birləşdirərlərsə, hazırladıqları informasiyaların müxtəlif aparıcı dillərdə internet resursları vasitəsilə yayılmasını təmin edərlərsə, bu, bir sıra mənfi halların qarşısını ala bilər. Yeni Assosiasiya bu məsələlərə ciddi önəm verməlidir. Bir sözlə, məlum platforma vasitəsilə islam dininin humanist dəyərlərini, mədəniyyətini təbliğ etmək çox önəmli işdir”.

(Davamı var)

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb