Feysbukun “canlı yayımı”nda etikadan kənar vediolar paylaşılır

Əhməd Qəşəmoğlu: “Bəzi ölkələrdə olduğu kimi, bizdə də filtr məsələsinə diqqət artırılmalıdır”
Azad İsazadə: “Azyaşlılar sosial şəbəkəyə qoşularkən mütləq böyüklər tərəfindən onlara nəzarət olunmalıdır”


Həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. İnsanlar internetdən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və videoroliklərə baxmaq, ünsiyyət yaratmaq və başqa məqsədlər üçün faydalanırlar. Son vaxtlar isə dünyanın ən müxtəlif yerlərindən ən fərqli insanların biri-birləri ilə ünsiyyət qurmalar və sosial şəbəkələrin hər gün yeni bir xidmətlə gündəmə gəlmələri bu sahəyə marağı daha da artırıb.

Məsələn, son günlər feysbuk sosial şəbəkəsində "canlı yayım” xidməti fəaliyyətə başlayıb. Əlbəttə, bu xidmətin müsbət keyfiyyətləri çoxdur. Yəni hər bir fərd bundan səmərəli şəkildə istifadə edərək insanların həyatı üçün faydalı olan videolar çəkib paylaşa bilər. Və bəzən bu cür videoroliklər paylaşılır da. Amma məlum xidmətdən yalnız pornoqrafik görüntülər paylaşmaq üçün istifadə edənlər də az deyil. Maraqlıdır, görəsən, niyə bəzi insanlar sosial şəbəkələrə əxlaqsızlıq məkanı kimi baxır?

Sualımızı dəyərləndirən sosioloq Əhməd Qəşəmoğlu söyləyib ki, bu məsələ onun yaralı yeridir: "Feysbuk və digər sosial şəbəkələrin getdikcə təkmilləşməsi, müəyyən xidmətlərinin artması yaxşı haldır. Amma onların mənfi tərəfi çoxdur. Çünki əhalinin arasında maarifləndirmə işi arzuolunan səviyyədə deyil. Heç bir cəmiyyətdə maarifləndirmə işini lazımi şəkildə aparmaq mümkün olmur. Bir çox dağıdıcı qüvvələr var ki, onlar bəşəriyyətdə dağıdıcı proseslərin sürətlənməsini istəyirlər. Bunun da arxasında siyasi proseslər və siyasi modellər dayanır. Bunu qəbul etmək lazımdır ki, belə dağıdıcı qüvvələr fəaliyyət göstərir. Və onlar müxtəlif eybəcər şəkillərlə azyaşlı uşaqların psixologiyasını da pozmağa çalışırlar. Burada bizim gənclik çox böyük zərbə alır. Birincisi, gecə saat-2-3-ə kimi feysbukda oturub, yazışmaq öncə gənclərə fiziki zərbə vurur. Çünki həmin vaxtı o gənc dərslə məşğul olsa, mənəviyyatı zənginləşərdi. Amma o olmur. Bu gəncin gələcək həyatı, taleyi feysbukda həll olunur. Həm də o məkanda əxlaqsız, pornoqrafik söhbətlər gedir. Və bu, gənclərin əxlaqını sürətlə pozur. Qabaqlar 4-5 ay vaxt aparan tanışlıq prosesi indi feysbukda 20-30 dəqiqəyə baş tutur. Və beləcə əxlaqsızlıq baş alıb gedir. Bunların hamısı günün reallığıdır. Oturub, "niyə belə oldu” deməklə iş bitmir”.

Ekspertin fikrincə, bəzi ölkələrdə olduğu kimi, bizdə də filtr məsələsinə diqqət artırılmalıdır: "Elə informasiyalar var ki, onların yayılması qadağa edilməlidir. Çünki həmin məlumatlar insan psixologiyasına təsir göstərir. Həmin informasiyalarda cəlbedici məqamlar olur. Qısası, sosial şəbəkə mənəvi narkotikadır. Bizdə bu məsələyə diqqət güclənməlidir. Ona görə də biz dövlət, ölkə, əhali və xalq maraqlarını ucuz demokratiya şoularına qurban verə bilmərik. Bizi o demokratiya şousu ilə tələyə salmaq istəyirlər. Deyirlər bu demokratiyanı pozmaq olmaz. O filtrləri qoymaq olmaz. Qoy, kim nə istəyir, onu da etsin. Bunların hamısı avam adamları demokratiya oyunu ilə aldatmaqdır. Əslinə qalsa, bunun arxasında çox mənfi siyasət dayanır. Camaatı aldadırlar ki, bu, demokratiyadır. Ölkəmin, dövlətimin, əhalimin tərəqqisinə xidmət etmirsə, mənə o demokratiya lazım deyil. Demokratiya məqsəd deyil, sadəcə vasitədir. Təsəvvür edin ki, yüzlərlə porno-saytlar var. Əgər bir şagird gecə orada hansısa əcnəbi müəllim və şagirdin porno videosuna baxırsa, sabah öz müəllimi haqda nə düşünəcək? Müəllimlərinə hansı gözlə baxacaq? Bu mənada hesab edirəm ki, xalqımızın mənafeyi naminə bu sahəyə nəzarət artırılmalıdır”.

Psixoloq Azad İsazadə isə hesab edir ki, sosial şəbəkə asılılıq dərəcəsində olmamalıdır: "Xüsusilə azyaşlı uşaqların və yeniyetmə gənclərin feysbukda çox vaxt keçirmələri daha təhlükəlidir. Onsuz da həyata yenicə qədəm qoyan bu insanlar artıq əsl həyatın məhz virtual dünya olduğuna inanırlar və tədricən virtual dünyanın sakinlərinə çevrilirlər. Azyaşlılar sosial şəbəkəyə qoşularkən mütləq böyüklər tərəfindən onlara nəzarət olunmalıdır. Valideyn bilməlidir ki, uşaq kimlərlə yazışır, ünsiyyət qurur, nəticədə kimlərlə görüşür, maraq dairəsi necədir və s. Əks-halda, yeniyetmə hansısa dini sekta, terrorçu qrup, yaxud narkomanın təsiri altına düşə bilər. Sonra isə gec olar. Digər tərəfdən həddən ziyadə sosial şəbəkələrdə olmaq uşaqları təhsildən yayındırıb, avaraçılığa da sövq edə bilər. Buna görə də azyaşlı uşaqlar böyüklərin kəskin nəzarəti altına alınmalıdır”.

Ekspertin qənaətincə, düzgün istifadə etmədikləri halda, sosial şəbəkələr gənclərin də psixikasına mənfi təsir göstərir: "Çox vaxt gənc qızlar belə sosial şəbəkələrdə oğlanların "toruna” düşür. Aldadılaraq, yoldan çıxarılan qızlar nəticədə ağır depressiv vəziyyətə düşür və bu da onların gələcək yaşamlarına mənfi təsir göstərir”.

Ayyət Əhməd