Taksi sürücüləri sərnişingötürmə üstündə qan tökür

“Ən mükəmməl qanun belə hazırlansa, bu təfəkkürdə olan adamlar yenə də öz bildiklərini edəcəklər”




Bakı Beynəlxalq Avtovağzalında sürücülər arasında qanlı dava olub. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, müxtəlif dərəcəli bıçaq xəsarətləri alan 33 yaşlı Fərid Atakişiyev taksi sürücüsü olub.

Özünə məxsus "Mercedes” markalı avtomobillə taksi xidməti göstərən Fərid dünən saat 18 radələrində hələlik dəqiqləşməmiş səbəbdən digər taksi sürücüsü ilə mübahisə edib. Mübahisə çox keçmədən münaqişəyə çevrilib və "TX 4” markalı (London taksisi) avtomobili idarə edən sürücü bıçaqla F.Atakişiyevə hücum edərək onu bıçaqlayıb. O, hadisədən dərhal sonra ərazidən uzaqlaşıb.

İlkin araşdırmalardan sonra hadisəni törədən şəxsin 1989-cu il təvəllüdlü Taleh Şahbudaqov olması müəyyənləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, zaman-zaman taksi sürücüləri arasında bu cür davaların şahidi oluruq. Əksərən də hadisə sərnişin götürmək üstündə baş verir.

Doğrudanmı, taksi fəaliyyətinin bir sivil forması yoxdur və ya onu bizdə tətbiq eləmək mümkün deyil?

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, taksi sürücülərinin sərnişin götürmək üstündə dava salması probleminin həlli inzibati tədbirlərdən daha çox insanlıq məsələsidir: "Müştəridən alacağı 10 manata görə, əlini qana bulayan adamı normal hesab eləmirəm. Ortada bıçaqlanma hadisəsi varsa, sağlamlığa dəymiş ziyanın dərəcəsindən asılı olaraq, onu 8 ilə qədər azadlıqdan məhrum edə bilərlər. Normal insan təfəkkürünə sahib olan birisi bu cür addımlara yol verməz. Ola bilər, hadisənin başvermə səbəbləri başqadır. Əgər hadisə doğrudan da sərnişingötürmə və ya avtomobilin daha əvvəldə saxlanması üstündə baş veribsə, bu artıq həmin insanların mənəvi-psixoloji gərginliyinin təzahürüdür. Belə adamların fəaliyyətini heç bir qanunla çərçivələmək mümkün deyil. Bizim ən böyük faciəmiz odur. Taksi fəaliyyəti ilə bağlı ən mükəmməl qanun belə hazırlansa, bu təfəkkürdə olan adamlar yenə də öz bildiklərini edəcəklər”.

Ə.Hüseynovun sözlərinə görə, əməl olunacağı halda taksi sürücüləri arasında növbəlilik prinsipinin gözlənilməsi çox yaxşıdır. Taksi dayanacaqları olmalı və şərtlər müəyyənləşdirilməlidir.

Şəymən