Bakı Beynəlxalq Dəniz Ticarət Limanında azad iqtisadi zonanın yaradılması böyük layihədir və qanuna uyğun qaydada həyata keçirilərsə, 2018-2019-cu illərdə Azərbaycan bunun bəhrəsini görəcək. Bu barədə millət vəkili Vahid Əhmədov bildirib.
Bakı limanının qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən layihə olduğunu deyən V.Əhmədov burada nəhəng şirkətlərin iştirak edəcəyini söyləyib: "Azad iqtisadi zona yaradıldıqdan sonra burada kommunikasiya işləri də həyata keçiriləcək. Daha sonra bu zonaya maraq göstərən əcnəbi şirkətlər sərmayə qoyub layihələr həyata keçirəcək. Hesab edirəm ki, layihədə olduğu kimi işlər həyata keçirilərsə, bu, Azərbaycanın büdcəsinə milyardlarla manat gəlir gətirəcək”.
Millət vəkilinin açıqlamasına münasibət bildirən iqtisadçı Fuad İbrahimov deputatın fikirləri ilə tamamilə razılaşdığını deyib: "Həqiqətən də azad iqtisadi zona qeyri-neft sektorunun inkişafına böyük töhfə verə bilər. Ancaq bir şeyi nəzərə alaq ki, azad iqtisadi zonanın öz sərhədləri, göstəriciləri var. Biz kompleks şəkildə Azərbaycan iqtisadiyyatı deyəndə baxışlarımıza yenilik və islahatlar gətirməsək, xarici investorların bu sərmayələrinin qorunmasını həyata keçirməsək, nəticə olmayacaq. Doğrudur, bütün qayda-qanunlarımız var. Müasir dövrün tələbinə uyğun olan qanun, sərəncam və fərmanlarımız var. Ancaq bunu bütövlükdə hərəkətə gətirə bilmərik. İnhisarçılığın kökünü kəsməsək, azad iqtisadi zona da digər işlər kimi effektsiz qalacaq. Bunları mütləq uyğunlaşdırmaq lazımdır. V.Əhmədovun fikirləri ilə institusional olaraq razıyam. Sadəcə, biz onu necə hərəkətə gətirəcəyik sualı mənim üçün açıq qalır. Bizdə kağız üzərində gözəl söz yığını var. Əməldə isə gözə heç nə dəymir”.
Ayyət Əhməd