Qarabağ danışıqları alınmadı: Hərbi qarşıdurma gözlənilir

Rusiyalı politoloq Qarabağ danışıqlarında fasilənin yaranmasının səbəblərini açıqlayıb



 "Çox intensiv danışıqlar gedirdi. Ümidimiz var idi ki, Kazan formulu əsasında yayda və ya payızda razılaşma əldə edə bilərik, ilin sonunda isə məcburi köçkünlər doğma evlərinə qayıda bilər. Lakin alınmadı”.
APA-nın məlumatına görə, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.
"Fikrimcə, bunun əsas səbəbi odur ki, Ermənistan rəhbərliyi özündən əmin deyil və qorxur ki, güzəştə görə onu devirərlər. Axı onlar ətraf rayonları Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının qarşılığında qaytarmağı düşünürlər. Ermənistan rəhbərliyinin zəifliyi və bu kompromisə getməməsi bu danışıqları dayandırıb. İndi biz düşünməliyik və yol tapmalıyıq ki, yenidən danışıqlara necə başlayaq. Yoxsa hansısa hərbi toqquşma baş verə bilər. Danışıqlarda heç bir irəliləyiş olmasa, təəssüf ki, hərbi qarşıdurma yenidən gündəmə gələ bilər”, - deyə o vurğulayıb.
S. Markov qeyd edib ki, Rusiya həm Azərbaycanla, həm də Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığı davam etdirəcək. "İstəyirik ki, Azərbaycan və Ermənistan öz müdafiəsindən əmin olsun, eyni zamanda hesab edirik ki, mütləq kompromisə getmək lazımdır. Dağlıq Qarabağ münaqişəsini indiki vəziyyətdə saxlamaq olmaz”.