Lukaşenko Rusiyaya səfər edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko 21–22 dekabr tarixlərində Rusiyaya səfər edəcək. Səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüş planlaşdırılıb.

Sherg.az xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidmətinə yaxın olan “Pul pervoqo” adlı Telegram kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Belarus Prezidenti 21–22 dekabr tarixlərində Avrasiya İqtisadi İttifaqı və Müstəqil Dövlətlər Birliyinin sammitlərində iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfər edəcək. Tədbirlər Sankt-Peterburq şəhərində keçiriləcək.

Qeyd olunur ki, Aleksandr Lukaşenko dekabrın 21-də dar və geniş tərkibdə keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

Gündəliyə təxminən iyirmi məsələ daxil edilib. Xüsusilə, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin rəhbərləri ümumi neft və neft məhsulları bazarlarının formalaşdırılmasını, gələn il üçün beynəlxalq fəaliyyətin əsas istiqamətlərini, Aİİ-nin əsas tərəfdaşları ilə ticarət-iqtisadi əməkdaşlığın inkişafına dair yanaşmaları və bir sıra digər məsələləri müzakirə edəcəklər.

“Belarus Prezidenti ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş də planlaşdırılıb”, - deyə kanal xəbər verir.

Məlumatda həmçinin bildirilir ki, MDB ölkələrinin liderlərinin ənənəvi qeyri-rəsmi görüşü dekabrın 22-də keçiriləcək. “Onlar inteqrasiya qarşılıqlı fəaliyyətinin perspektivlərini qiymətləndirəcək, həmçinin başa çatmaqda olan ilin yekunlarını çıxaracaqlar”, - deyə “Pul pervoqo” kanalı qeyd edir.