“Gürcüstan Arzusu” Partiyasının iki gənc azərbaycanlı namizədi "Şərq"ə danışdı

Savalan Mirzəyev: "Müxalifətin yaydığı məlumatlar əsasızdır, biz qalib gələcəyimizə əminik"Ruslan Hacıyev:"Yüksək mədəniyyətə, savada sahib olan gənclərimiz kifayət qədər çoxdur, onlara yol vermək lazımdır”
Oktyabr ayının 8-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. Qonşu ölkədə gedən siyasi proseslər Azərbaycan ictimaiyyətini də dərindən maraqlandırır. Ona görə ki, bizim orada çoxsaylı soydaşlarımız yaşayır. Bu baxımdan parlament seçilərində həmyerlilərimizin namizəd olaraq təqdim olunması Gürcüstanda yaşayan azərbaycanlılar üçün mühüm amil hesab olunur. Həmyerlilərimizin səsini parlamentə, hökümətə çatdıracaq azərbaycanlı namizədlər demək olar ki, hər partiyadan təqdim olunub. Soydaşlarımızın Gürcüstanın ictimai-siyasi həyatında fəal rol oynaması olduqca sevindirici haldır. Məlumat üçün bildirək ki, seçkilərdə müxalif "Milli Hərəkat” Partiyası tərəfindən dörd azərbaycanlının namizədliiy verilib. Onlar - Azər Sülemanov, Əhməd İmanquliyev, Samirə İsmayılova və Ramin Bayramovdur. Hakim "Gürcüstan Arzusu” Partiyasından isə iki gənc azərbaycanlı namizəd irəli sürülüb. Namizədlər – Ruslan Hacıyev və Savalan Mirzəyevdir. Seçkiyə saatlar qalmış hakim partiya tərəfindən irəli sürülən iki gənc soydaşımızı daha yaxından tanımaq və onların seçki marafonu ilə bağlı görüşlərini almaq qərarına gəldik. "Şərq”in suallarını cavablandıran gənc namizədlər Gürcüstanda baş verən proseslərlə bağlı fikirlərini bölüşdülər. Öncə iki gənci yaxından tanıyaq. Kimdir onlar? 
Ruslan Hacıyev Marneuli rayonunun kənd ərazilərindən namizəd olub. 1978-ci ildə Marneuli bələdiyyəsinin Əzizkənd kəndində anadan olub. Algeti şərabçılıq təsərrüfatında orta məktəbin rus bölməsini bitirib. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində təhsil alıb, ixtisasca hüquqşünasdır. 2001-2002-ci illərdə Marneuli bələdiyyəsində sosial şöbənin mütəxəssisi olaraq işləyib. 2002-2006-cı illərdə Marneuli bələdiyyəsində hüquqi xidmət şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 2006-2011-cu illərdə "HA” və "VG” MMC-nin Marneuli filialının direktoru olub. Tədris resurs mərkəzində məktəb direktoru və müəllim imtahanını uğurla keçib. 2011-2014-cü illərdə Marneuli şəhərindəki iki və üç saylı məktəblərin direktoru təyin edilib. 2014-cü ildən son dövrə qədər Marneuli bələdiyyəsi resurs mərkəzinin rəhbəri olub. Gürcü, ingilis, türk və rus dillərini bilir. Ailəlidir, Nicat və Elçin adlı iki oğlu var.
Qardabanidən namizədliyi irəli sürülən Savalan Mirzəyev isə 1986-cı ildə həmin rayonun Qara-təhlə kəndində anadan olub. 2007-ci ildə İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Gənc yaşlarindan müxtəliv dövlət vəzifələrində çalışıb. 2008-ci ildən Qardabani yerli özünü idarəetmə orqanında Administrasiya rəhbəri olub. 2009-cu ildən Gürcüstanın Reintegrasiya Nazirinin müşaviri, 2012-ci ildən Gürcüstanın baş nazirinin milli azliqlar üzrə müşaviri vəzifəsində çalışıb. Evlidir, 1 övladı var.
- Gürcüstanın siyasət aləmində gənclərin daha çox dəstək gördüyünü qeyd edirlər. Ruslan Hacıyev və Savalan Mirzəyevin dəstəkçiləri, tərəfdarları kifayət qədər varmı?
- Savalan Mirzəyev: "Mən, uzun müddətdir ki, Gürcüstanın aparıcı vəzifələrində çalışmışam. İctimayyətdə az-çox nüfüza sahibik. Bugünədək əhali ilə sıx əlaqədə olub əlimdən gələn dəstəyi həm yaşlı nəsilə, həm də gənclərə göstərmişəm. Mövcud olan problemlərin həlli istiqamətində məsələlər qaldıraraq, onların bir çoxunun həllinə nail olmuşam. Gənclərin işlə təmin olunması istiqamətində müəyyən rekomendasiyalar vermişəm və onların reallaşmasına nail olmuşam. Namizəd olduğum regionda keçirdiyim görüşlərə nəinki gənclər, eyni zamanda ağsaqqalar, qadınlar, gürcü xalqının nümayəndələri də qoşularaq dəstəklərini nümayiş etdirdilər”.
 Ruslan Hacıyev: "Seçkiöncəsi görüşlər keçirdiyim zaman xalqın yanımda olduğunu hiss etdim. Bunun üçün hər birinə təşəkkürümü bildirərək söz verdim ki, daima onların yanında olacam. Mənim tərəfdarlarım arasında hər yaşda olan insanlar var. Onların sayı günü-gündən artır, bu həm indiyədək gördüyüm işlərlə bağlıdır, həm də təmsil etdiyim partiyanın yürütdüyü uğurlu siyasətin nəticəsidir”.
- Seçki ərəfəsində ən çox yayılan məlumatlar müxalifət "Milli Hərəkat” Partiyasının sorğularda öndə olması ilə bağlı idi. Hazırda da iddialar da bu yöndədir. "Gürcüstan Arzusu” partiyasından irəli sürülən gənc namizədlərimiz bu haqda nə deyə bilər? Həqiqətənmi hakim partiya xalq və soydaşlarımız arasında nüfuzunu itirib?
 Savalan Mirzəyev: "Xarici təşkilatların rəyinə, qeyri-rəsmi məlumatlara və sorğuların statistik nəticələrinə görə hakim "Gürcü arzusu” partiyası böyük səs faizi ilə irəlidədir. Müxalifətin yaydığı bu məlumatlar əsasızdır deyə düşünürəm. Seçkiyə sayılı saatlar qalıb, biz qalib gələcəyimizə əminik.
 Ruslan Hacıyev: "Partiyanın təqdim etdiyi namizədlərin regionlarda görüşlərini və əhalinin bizi qarşılamasını nəzərə alsaq, müxalifyönlü partiyanın və insanların bu düşüncələrinin əsasız olduğunun şahidi olarıq. Bu qısa zaman ərzində hökümətin həyata keçirdiyi layihələr, reformalar, yeniliklər insanların ümümi rifahının yaxşılaşdırılması üçün təkan olub. Müəllimlərin maaşının artırılması, təhsildəki yeniliklər, pensiyaların yüksəlməsi, səhiyyə sisteminin güclənilməsi və əlçatan olması və s kimi işlər əhalidə bizə qarşı inam yaratdı. Biz də öz növbəmizdə verdiyimiz sözlərə əməl edərək dövlətimizi inkişafa doğru aparacağıq”.
- Namizədlər müxalifəti təmsil edən və dəstəkləyən soydaşlarımızın şikayətlərini, iradlarını necə qəbul edirlər?
Savalan Mirzəyev: "İlk öncə onu qeyd etmək yerinə düşərdi ki, müxalifəti güclü olan ölkə inkişafa doğru gedir və iqtidar da haqlı iradlarla razilaşıb həmin boşluqları düzəltməyə can atırlar. Bizim əhali ilə görüşlərdə müəyyən problemlər qaldırıldı. Biz də həmin problemlərin həlli istiqamətdində yollar düşündük. Onları həll etmək üçün əlimizdən gələni edəcəyik. Hər hansı bir vətəndaş bizə müraciət edirsə, onun hansı siyasi baxışa sahib olduğu bizim üçün önəmli deyil, ən əsası onun Gürcüstan vətəndaşı olmasıdır”.
- Siz deputat seçiləcəyiniz təqdirdə parlamentdə azərbaycanlıların hansı problemlərini qaldıracaqsınız? Yəni bir gənc kimi sizi soydaşlarımızın hansı problemləri narahat edir?
Ruslan Hacıyev: "Azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə bir sıra qarşıya qoyulan məsələlər öz həllini tapdı. Lakin, bir çoxları hələ problem olaraq qalır. Bunlar kəndlərdə təssərrüfatın inkişafı ilə bağlıdır. Kənd təssərrüfatı ilə məşğul olanların məhsullarının xaricdə realizə olunması məsələləri gündəmdədir. Suvarma sistemininin kəndlərdə yaxşılaşdırılması, yolların asvaltlaşdırılması, işıqlandırma sistemləri, qazlaşdırma prosesi və s kimi məsələlər bir çox kəndlərdə öz həllini tapıb. Lakin bu proses hələ davam edir və bundan sonra da edəcək. Təhsil sahəsində azərbaycandilli məktəblərdə mövcud olan kadr problemi, dərsliklərin keyfiyyətli tərcüməsi və digər məsələlərin həlli istiqamətində biz də işləyəcəyik”.
 Savalan Mirzəyev: "Hər bir ölkədə olduğu kimi bizdə də bəzi problemlər hələ həll olunmayıb. Mən baş nazirin müşaviri vəzifəsində çalışdığım zamanlar bu məsələlərlə tez-tez üzləşirdim. Qeyd edim ki, biz hakimiyyətə gəlməmişdən öncə etdiyimiz vədlərin əksəriyyətini yerinə yetirdik. İnsanların bizə dəstək olması və güvənməsi elə bu səbəbdəndir, biz verdiyimiz sözləri tuturuq. Bu seçkilərdə müəyyən məsələlər, problemlər haqqında xəbərdar olduq. Onların həlli istiqamətində çalışacağıq. Əsasən işsizlik probleminin həlli yolları, gənclərin ölkənin dövlət və qeyri dövlət strukturlarında yetərincə təmsil olunması, azərbaycanlıların cəmiyyətə sürətli inteqrasiyası istiqamətində mövcud olan boşluqlar və digər məsələr gündəmdədir. Harada olmağımızdan asılı olmayaraq, insanımızı narahat edən problemlərin həlli istiqamətində çalışacağıq”.
- Azərbaycan ictimaiyyətini ən çox maraqlandıran Gürcüstan parlamentində oturan azərbaycanlıların hansı partiyadan olması deyil, daha çox onların sayıdır. Yəni partiyalar bir-birinə rəqib də olsa, biz namizəd olan soydaşlarımızın hamısını dəstəkləyirik. Bu barədə siz necə düşünürsüz?
Savalan Mirzəyev: "Unutmayaq ki, millətindən asılı olmayaraq hamımız Gürcüstan vətəndaşıyıq və bu ölkənin inkişafı uğrunda hər birimiz işləməliyik. Dövlət də, apardığı siyasətdə heç bir zaman millətə görə vətəndaşını fərqləndirməyib. Bu gün Gürcüstanın aparıcı müəssisələrində, dövlət və qeyri dövlət strukturlarında azərbaycanlı gənclər təmsil olunurlar. Bizim gənclər günü-gündən inkişaf edir, öz üzərində çalışırlar. Artıq Gürcüstanda yeni ziyalı təbəqəsi yetişib, onlar əslən gürcü millətindən olan həmyaşıdları ilə rəqabətə dayanıqlıdırlar. Harada işləməsindən asılı olmayaraq, əsas odur ki, insan öz işini bilsin və öhdəsindən gələ bilsin”.
Ruslan Hacıyev: "Gürcüstan parlamentində bu günədək təmsil olunan azərbaycanlı namizədlərin sayının az olmasını mən də qəbul edirəm, amma ən çox orada bizi təmsil edən deputatın yararlı olmasıdır. Seçicisi, xalqı, dövləti üçün çalışmalıdır, millətin ehtimadını doğrultmalıdır, insanların səsi olmalıdır. Eyni zamanda məmur, siyasətçi xalq üçün əlçatan olmalıdır. Düşünürəm ki, xalqımızın Gürcüstanda yetərli qədər yüsək potensiala malik olan gəncləri var. Yüksək mədəniyyətə, savada sahib olan gənclərimiz kifayət qədər çoxdur, onlara yol vermək lazımdır”.
İsmayıl