Hər kəs evində şir, pələng, hətta ayı da saxlaya bilər

Ancaq heyvanın əldə edilməsinə, saxlanmasına müvafiq qurumların rəsmi icazəsi olmalıdırSon illər yırtıcı heyvanlara marağın artdığı müşahidə edilir. Məlum deyil, bu, varlıların növbəti “kapriz”idir, yoxsa sadəcə, heyvansevərlikdən irəli gəlir?
Paytaxt mənzillərindən birində yenot saxlanılırmış və o, bu günlərdə evdən qaçıb. Bu əhvalat yadıma, çox illər öncə Bakıda şir saxlayan ailənin faciəsini saldı. Evdə şir saxlayan ailə Bərbərovlar idi. Onları bütün sovet məkanı, hətta xarici ölkələrdə də tanıyırdılar. Şirlə birgə fotoları jurnalları, qəzetləri bəzəyirdi, onlardan sənədli filmlər çəkilirdi. Şir də, ailə də o qədər məşhurlaşmışdılar ki, artıq onları filmlərə də dəvət edirdilər.
Sovet kinematoqrafının ən uğurlu komediya filmlərindən biri sayılan "İtalyanların Rusiyada sərgüzəştləri”ndə məhz bakılı şir çəkilmişdi. Hətta biz bakılılar bundan xüsusi fəxarət hissi keçirirdik. "Kinq” adlı həmin şir sonra "Azərbaycanfilm”in "Şir evdən getdi” filmində də çəkildi. Və sonra həqiqətən də evdən getdi.
Amma ailəni parçalayıb!... Bu faciə barədə o illərdə bütün Bakı danışırdı. Deyirdilər ki, şir evin xanımını, oğlunu parçalayıb. Həqiqətdə isə şir qadını ağır yaralamışdı, ailənin Roman adlı oğlu isə, bəli, şirin pəncəsində həlak olmuşdu.
Son illər yırtıcı heyvanlara marağın artdığı müşahidə edilir. Məlum deyil, bu, varlıların növbəti "kapriz”idir, yoxsa sadəcə, heyvansevərlikdən irəli gəlir. Amma bir şey dəqiqdir ki, bizim camaat hətta külli miqdarda pul verib əldə etdiyi heyvanlarla da düzgün davranmaq qaydalarını bilmir və qaydalara əməl etmir. Əks halda, yırtıcı yenot evdən qaçmazdı.
Evdə heyvan saxlamaq qadağan deyil
Qanun vətəndaşın vəhşi heyvanları əldə etmək, almaq və ya mənzildə saxlamasını qadağan etmir. Amma qanunun da şərtləri var. Birincisi, vəhşi heyvanlar nəsli kəsilməkdə olan, həmçinin "Qırmızı kitab”a daxil edilməmiş olmalıdır, heyvanın əldə edilməsinə, saxlanmasına müvafiq qurumların rəsmi icazəsi olmalıdır.
Yəni, Azərbaycanda istənilən şəxs müvafiq qanuni prosedurlara əməl etməklə şir, pələng, hətta ayı da saxlaya bilər.
Azərbaycan Respublikasının "Heyvanlar aləmi haqqında” qanunu istənilən hüquqi və fiziki şəxsə təbii mühitdən götürülən heyvanı saxlamağa imkan verir.
Qanunun 21-ci maddəsində bu barədə qeyd olunur: "Vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə, habelə kommersiya və digər məqsədlər üçün tutulmasına (əldə edilməsinə) xüsusi icazə əsasında yol verilir”.
"Heyvanlar aləmi haqqında” qanunun 35-ci maddəsində isə yazılır: "Heyvanların təbii mühitdən götürülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyalar (zooparkların, zoobağların...) yaradılması və bunların zənginləşdirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir”.
Şərtlər sırasında vəhşi heyvanların təhlükəsizliyinə, saxlanılmasına, mühafizəsinə və istifadəsinə dair tələblərə riayət edilməsi, heyvanların düzgün müalicəsi, xəstəliklərdən qorunması, qidasının lazımi şəkildə verilməsi, humanistlik prinsiplərinin gözlənilməsi, təbiəti mühafizə qaydalarına riayət edilməsi də yer alır.
Bu tələblər yerinə yetirilmədiyi halda həmin fiziki və hüquqi şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada vəhşi heyvanların istifadə hüququndan məhrum edilirlər.
Bir çox ölkələrdə yırtıcı və ekzotik heyvanların satışı, sifarişçiyə çatdırılması ilə məşğul olan xüsusi şirkətlər fəaliyyət göstərir və alış-veriş, çatdırılma artıq internet üzərindən də rahatlıqla həyata keçirilə bilir.
Milli.az saytının yazdığına görə, "zootork.clan.ru”, "zootorg.ru” və "zoo-ekzo.ru” saytlarına girərək satışda olan istənilən heyvanı sifariş vermək imkanınız var. Bu saytlar ünvana çatdırma xidməti də göstərir. Satılan heyvanların saxlanması üçün xüsusi qəfəslər də təklif edilir. Saytda hətta heyvanların qiyməti də verilib. Məsələn, timsah balası 570 manata. Ən çox sifariş verilən heyvanlar sırasında şir, pələng, ayı, piton, dəvə, poni atları, zebralar üstünlük təşkil edir.
Təhlükəsizlik əsas şərtdir
Nazirlər Kabinetinin "Azərbaycanın yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” var. Qaydalara görə, heyvanların saxlanması şərtlərinə görə, baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhər tipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir.
Qeyd edək ki, qaydalarda iri cins itlərin, ("ovçarka”, doq, boksyor...) və eləcə də digər heyvanların sahiblərinin mənzillərinin, təşkilatlarının qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və "Təhlükəlidir” sözü yazılmış lövhələr vurulmalıdır. Heyvan saxlayanların heç məlumatı da yoxdur ki, qaydalardakı məhdudiyyətlərə görə, ev heyvanının xarici görkəmini dəyişdirmək məqsədilə cərrahi əməliyyatlar - qulaqlarının kəsilməsi, dırnaq və dişlərin çıxarılması və s. - qadağandır. Ev heyvanlarını saxlayan və ya ona baxmaq üçün razılıq verən hər bir şəxs həmin heyvanın sağlamlığına görə məsuliyyət daşıyır. Evdə heyvan saxlanılırsa, gigiyenik qaydalara əməl edilməlidir. Bu, həm heyvan üçün, həm də mənzilin sakinləri üçün vacibdir. Vaxtında yemək verilməli, peyvənd aparılmalıdır. Heyvanlar ayda 1-2 dəfə veterinar müayinəsindən keçirilməlidir. Burada heyvanların ətrafda yaşayanlara təhlükə törətməsi, hansısa dərəcədə ziyan vurmamasına fikir verilməlidir. Xüsusilə də, əgər söhbət yırtıcı heyvanlardan gedirsə.
Məlahət Rzayeva