Sadəcə ödəniş formalarında dəyişiklik ediləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) məcburi köçkün abunəçilərinə bəd xəbər göndərib. Məlumata görə, bildirişdə telefon borcu olduğu, 3 gün ərzində borc ödənmədiyi təqdirdə nömrələrin bağlanacağı deyilir.
Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar qəbul edilmiş normativ hüquqi sənədlərə əsasən, qaçqın və məcburi köçkünlər kommunal və digər xidmət haqlarını ödəməkdən azaddırlar. Bütün bunlar qanunlar və Prezident fərmanları ilə tənzimlənir. Bizimyol.info-nun məlumatına əsasən hədə ilə dolu mesajı göndərən Nizami Telefon Qovşağına zəng edilib. Operatorun sözlərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən artıq 3-cü aydır ki, abunə haqları ödənmir. Komitənin sayəsində hər abunəçi üçün 5 manat borc məbləği yığılıb. Bu, BTRİB-nin özbaşına atdığı addım deyil. Avqust ayından bəri "Qaçqınkom” abunə haqlarına büdcədən nəzərdə tutulan pulları ödəmir. Bununla bağlı komitədən quruma məktub da ünvanlayıblar. Komitənin maliyyə şöbəsinin rəisi T.Şamilzadənin adından daxil olan məktubda yazılır: "Maliyyə çətinliyi ilə əlaqədar olaraq 1 avqust 2016-cı il tarixindən köçkünlər üçün abunə haqqının ödənişi dayandırılıb. Abunə haqlarının abunəçilərin özləri tərəfindən ödənilməsini təklif edirik”.
Qeyd edək ki, bu ilin dövlət büdcəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə birbaşa 224 390 879 manat ayrılıb. Yalnız bu pul deyil, həmçinin əlavə olaraq komitənin saxlanması üçün inzibati xərclər, köçkünlər üçün salınan qəsəbələrdə abadlıq işlərinə vəsait nəzərdə tutulub. Bu ilin büdcə qanunvericiliyi ilə bağlı verilən Prezident fərmanında göstərilir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə maliyyə və digər yardımların verilmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etsin. Amma komitə köçkünlər üçün "təklif” hazırlayıb, bunu da BTRİB vasitəsilə edir ki, "xərcinizi özünüz çəkin”.
Deputat Elman Məmmədov "Şərq”ə açıqlamasında məsələyə münasibət bildirərkən ödənişlərdə heç bir ləğvin olmayacağını deyib. Onun sözlərinə görə, ancaq ödənişin formalarında dəyişiklik ediləcək: "Bununla bağlı müəyyən sənədlər hazırlanmaqdadı. "Qaçqınkom”un verdiyi təklifə əsasən, Nazirlər Kabinetinin qərarı olacaq. Bu zaman hər şey daha dəqiq aşkara çıxacaq. Yəni, bu ödənişlər dayandırılmır, əvvəlki kimi yerinə yetiriləcək. Sadəcə müəyyən forma dəyişikliyi gözlənilir. Qaçqınların çörək pulu adlı kartı var ki, bu karta kommunal və digər xidmət haqları üçün pul köçürüləcək. Beləliklə, qaçqınlar özləri ödənişi yerinə yetirəcəklər. Yəni onların əvəzindən heç kim ödəniş etməyəcək. Bu vaxta qədər belə idi ki, Dövlət "Qaçqınkom”la "Azərenerji”, "Azərsu” və Rabitə Nazirliyi arasında müqavilə olurdu. Məcburi köçkünlərin sayına uyğun həmin təşkilatlara "Qaçqınkom” pul köçürmələri edirdi. Bu proses özü idarəetmənin və dövlətçiliyimizin təkmilləşdirilməsinə görədir. Vətəndaşlarımızın mənafeyinin qorunması və bir sıra xoşagəlməz halların aradan qaldırılması üçündür. Sadəcə daha obyektivlik, dəqiqlik və şəffaflıq olsun deyə, ödənişin formasında yeniliklər ediləcək”.
Yeganə Bayramova