Ermənistana təzyiq yoxdur

Azərbaycan tərəfi də israrla rəsmi Moskvaya mesajlar göndərməlidir
Qarabağ probleminin həlli Rusiyanın bölgədə nüfuzunu artıra bilər



Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Rusiyaya səfər edib. Həmkarı Valeri Gerasimovun dəvəti ilə Moskvaya gedən Akarın səfəri zamanı hərbi əməkdaşlıq və regional məsələlər müzakirə olunub. Amma generalların görüşünün detalları açıqlanmayıb.

Xatırladaq ki, sentyabrın 15-də Valeri Gerasimov Türkiyədə olub. Akarın Moskva səfəri cavab xarakterli olmaqla yanaşı, bölgədəki mürəkkəb dönəmə təsadüf etməsi ilə də diqqət çəkib. Ekspertlərə görə, Yaxın Şərqdə İŞİD-in kökünün kəsilməsi ilə bağlı tarixi anlaşma əldə olunmasının vaxtı çatıb.

 Bu anlaşmanın episentrində həm Rusiyaya, həm də ABŞ-a təxminən bərabər məsafədə dayanan tək regional güc kimi Türkiyə həlledici rol oynaya bilər. Bu xüsusda Türkiyə və Rusiya arasında hərbi rəhbərlər səviyyəsində təmasların intensivləşməsi bütövlükdə bölgənin təhlükəsizliyini təmin edə bilər. Bir sıra politoloqlara görə, qardaş ölkənin Rusiya, ABŞ və region üçün gündən-günə artan önəmi və bölgədə oynadığı bufer rol Dağlıq Qarabağ probleminin də çözümünə fayda gətirə bilər. Bu baxımdan Türkiyənin uğuru Azərbaycan üçün ikiqat önəm kəsb edir. 

Məsələ ilə bağlı "Şərq”ə danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Türkiyə və Rusiya rəsmiləri arasında qarşılıqlı səfərlər, anlaşmalar, ən əsası isə hərbi sahədə əməkdaşlıq region üçün əhəmiyyətlidir: 

"Təbii ki, biz hər şeydən əvvəl iki dövlətin yaxınlaşmasının Cənubi Qafqaz problemlərinə müsbət təsir etməsini istəyirik. Azərbaycanın əsas problemi Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir. Türkiyə bizim strateji müttəfiqimiz, Rusiya isə tərəfdaşımızdır. Hər iki ölkə ilə sıx münasibətlərimiz var. Amma təəssüflə söyləyirəm ki, ikili əməkdaşlığın münaqişənin həllinə birbaşa təsir edəcəyinə inamım yoxdur. Bu məsələdə optimist deyiləm. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Qarabağ probleminin həlli təkcə tərəflər yox, bütün region üçün faydalı olacaq. Hətta münaqişənin bitməsi Ermənistanın özü üçün də xeyir gətirəcək”. 

Politoloq bildirib ki, düşmən ölkədə hakimiyyətdə olan separatçı qüvvələr normal gedişata mane olurlar

"Kreml hələlik erməni hökumətinə təzyiq göstərmək niyyətində deyil. Türkiyə rəsmiləri Kreml rəhbərliyi qarşısında bu məsələni ciddi surətdə qaldırmalıdır. Qardaş ölkə ilə yanaşı, Azərbaycan tərəfi də israrla rəsmi Moskvaya mesajlar göndərməlidir. Əlbəttə, son qərarı Rusiya hakimiyyəti verəcək. Əgər şimal qonşumuz məsələyə əl qoyarsa, o zaman Ermənistan hakimiyyəti çarəsiz qalacaq və münaqişənin mərhələli həllinə məcbur olacaq. Ola bilsin, Rusiya ehtiyat edir ki, münaqişə həll edilərsə, Ermənistanı itirəcək. Amma bu, yanlış düşüncədir. Əksinə, problemin həlli Rusiyanın bölgədə nüfuzunu artıra bilər”.

İsmayıl