Nazir kuklalara deyil, onları oynadanlara səsləndi
Türkiyə növbəti terror hadisəsi ilə üzləşib. Ötən gün Adana şəhərində valiliyin qarşısında bomba
yüklü avtomobil partladılıb. Baş verən terror aktında 2 nəfər ölüb, 31 nəfər yaralanıb. Xeyli
sayda maşın və obyektlərə isə ziyan dəyib.
İlkin araşdırmalardan məlum olub ki, bomba səhər vaxtı, rəsmi qurumlarda iş saatı başladığı
zaman partladılıb. Maşın əvvəlcə bir qadın tərəfindən valilik binasının qarşısına yerləşdirilib,
daha sonra isə uzaqdan partladılıb. Qadının üzü bağlı olduğu üçün kimliyi müəyyən edilməyib.
Həyatını itirən iki nəfərdən biri əkinçilik nazirliyinin rayon təşkilatında çalışan Gökhan Aygülolub. Ölən ikinci şəxsin kimliyi də aşkarlanıb. Yaralılar arasında durumu ağır olanların olduğu
deyilir. Məlumat üçün bildirək ki, Adanada ikinci bomba yüklü avtomobili partlatmaq istəyən
terrorçu məqsədinə nail olmadan polis tərəfindən zərərsizləşdirilib. Terrorçu vurularaq yaralı ələ
keçirilib. Türk ictimaiyyətində partlayışı PKK-nın törətdiyi yönündə görüşlər var. Amma belə
aktı İŞİD-in təşkil edə biləcəyi də istisna edilməyib.
Partlayışla bağlı mediaya qadağa qoyuldu...
Türkiyənin Radio və Televiziya Şurası tərəfindən Adana valiliyi önündə yaşanan hadisə ilə bağlı
yayım qadağası tətbiq olunub. Belə ki, müvafiq qurumların konkret və dəqiq açıqlamaları
xaricində media orqanlarının partlayışla bağlı müxtəlif cür yazılar dərc etməsi tövsiyə edilməyib.
Şura qadağanın ictimaiyyət içində ajiotaj yaranmaması üçün atıldığını bəyan edib.
Qurtulmuş: "Terroru lənətləyirəm”
Baş nazirin müavini Numan Qurtulmuş hadisədən kədərləndiyini bildirib: "Adanadakı xain
hücumu qınayır, terroru və ona dəstək verənləri lənətləyirəm”. Qurtulmuş hadisədə həyatını
itirənlərə Allahdan rəhmət diləyib: "Bölgədə oynanılan oyunu pozduğu üçün hədəf seçilən
Türkiyə terrora təslim olmayacaq, terrora qarşı mübarizəni qətiyyətlə davam etdirəcəyik”.
Avropa Birliyi naziri Ömər Çelik Türkiyənin terror bəlasına düçar olduğunu təəssüflə qeyd edib:
"Lənətə gəlmiş bu terrorlar insanlarımızı hədəf almağa davam edir. Amma hər kəs əmin olsun ki,
bəşəriyyət adına terrorla sonuna qədər mübarizə edəcəyik”.
"Terror türkləri qorxutmur”
Enerji və təbii qaynaqlar naziri Berat Albayrak terror hadisəsinə münasibət bildirib: "79
milyonluq bu millət azadlığına, demokratiyaya sahib çıxdı və bundan sonra da çıxacaq. Heç
kimin şübhəsi olmasın. Kuklalara deyil, onları oynadanlara səslənirəm. Artıq türk millətini
ənənəvi metodlarla qorxuda bilməyəcəksiniz. Əksinə, belə hadisələr xalqı daha da birləşdirir”.
Adanadan sonra Türkiyədə ikinci partlayış...
Dünən terrorçular Türkiyənin digər şəhərlərində də terror aktı reallaşdırmağa çalışıblar.
Partlayışların bir çoxunun qarşısı alınsa da, Şırnak əyalətindəki terror hadisəsini
neytrallaşdırmaq mümkün olmayıb. Terrorçuların hazırladığı bombanın partladılması nəticəsində
bir hərbçi həlak olub, daha beş nəfər isə yaralanıb.
İsmayıl