Sarkisyanın Azərbaycan torpaqlarında `Konstitusiya oyunu`




Azərbaycanın işğal altında olan torpaqlarında yaradılan "Dağlıq Qarabağ Respublikası”nın yeni "Konstitusiyası” üzrə dinləmələri görünüş xatirinə keçirilib.

AzVision.az xəbər verir ki, bu barədə "Vestnik Kafkaza” məlumat yayıb.

Xəbərdə bildirilir ki, qondarma respublikanın yeni "Konstitusiyası” üzrə ictimai dinləmələr sürətli şəkildə keçirilib.

Müzakirə iştirakçıları "hakimiyyətin” hansı islahatları keçirmək niyyətində olduğunu anlamırlar. Onların böyük əksəriyyəti bəyan edib ki, dinləmələr formal olaraq "demokratik” keçirilib. Faktiki olaraq "Konstitusiya” üzrə əsas dəyişikliklər sakinlərdən gizli formada aparılır. Yeni "Konstitusiya” layihəsi qondarma "prezidentə” vaxtından əvvəl göndərilib.

Oktyabrın 8-də "DQR-nın parlamenti”nin saytında "konstitusiya” layihəsi dərc olunan vaxt bəyan edilmişdi ki, ictimai dinləmələr10 gün çəkəcək. Lakin bu prosses vaxtından əvvəl başa çatdırılıb. Müzakirələrdən sonra hansı dəyişikliklərin olması barədə "parlament”in mətbuat xidməti açıqlama verməkdən boyun qaçırır. Layihənin müzakirəsinin nə qədər davam edəcəyi barədə konkret müddət yoxdur. DQR rəhbəri” Bako Saakyan təsdiqləyəndən sonra layihə "parlament”ə göndəriləcək. Bundan sonra müzakirələrin daha bir mərhələsi keçiriləcək.

""Yeni "Konstitusiya” üzrə dinləmələrin iştirakçıları bəyan ediblər ki, əslində dəyişikliklər Bako Saakyan hakimiyyətinin gücləndirilməsinə yönəlib”, - deyə "Şərəf və ləyaqət” hərəkatının sədri, jurnalist və bloqer Ayk Qazaryan söyləyib.

Onun sözlərinə görə, "konstitusiya” dəyişikliyi təşəbbüsünün məhz hakimiyyət tərəfindən gəlməsi onların qeyri-demokratik xarakterdə olmasını göstərir.

"Məsələn, layihəyə hazırkı "DQR rəhbərliyinin” yenidən hakimiyyətə namizədliyinin irəli sürməsinin qarşısını alan maddə salına bilərdi. Lakin biz bunu görmürük.

"Yeni Konstitusiya”ya əsasən Bako Saakyan 2017-2020-ci illərdə, keçid dövründə yenidən "prezident” seçilə bilər.

Bununla da o, 2030-cu ilə qədər "prezident” vəzifəsində qala bilər. Çoxları bu dəyişiklikləri Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların bərpası zamanı xalqın təhlükəsizliyi ilə əlaqələndirir. Lakin indiyə qədər məgər bizdə "mərkzələşdirilmiş hakimiyyət yox idi?”, - deyə Qazaryan vurğulayıb.

"Şərəf və ləyaqət” hərəkatı Dağlıq Qarabağda "hakimiyyət” tərəfindən təklif olunan "Konstitusiya islahatları”na qarşı olan şəxsləri birləşdirir. Onların fikrincə, Dağlıq Qarabağ zonasında gərginlik qaldığı üçün hazırda "Konstitusiya” dəyişikliklərin vaxtı deyil.