Ramiz Məmmədovun təklifi DƏSTƏKLƏNDİ

Məhərrəm Zülfüqarlı: "Bu təklif məmur ordusunun azaldılması və büdcədə qənaətə hesablanıb"


Ramiz Məmmədovun fikri məmur ordusunun azaldılması və büdcədə qənaətə hesablanmış təklifdir. 

Bunu Sherg.az-a Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun "Azərbaycanda quberniyalar yaradılmalıdır" fikrinə münasibət bildirərkən tarix elmi üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı deyib. Onun sözlərinə görə, icra hakimiyyətləri ilə yanaşı bəzi nazirliklər də ixtisar olunmalıdır: " Normal ölkələrdə tez-tez dəyişən kiçik hökumətlər var. Nazirliklər isə minumum sayda olur. Bizdə lazımsız nazirliklər çoxdur. Azərbaycanda kənd təsərrüfatı demək olar ki, yox səviyyədədir. Belə olan halda Bakıda böyük məmur ordusu olan Kənd Təsərrüfatı Nazirliyi nəyə lazımdır? Bu qurum hansısa nazirliyin tərkibində məsləhətverici təşkilat kimi qala bilər. Azərbaycanda naziliklərin ixtisarına ehtiyac var. Çoxsaylı lazımsız komitələr mövcudur. Onların ixtisarına zərurət yaranıb".

Quberniyaların yaradılmsına gəlincə, ekspert qeyd edib ki, ərazisi və əhalisi az olan rayonları birləşdirmək lazımdır: 

" Çünki kiçik rayonlar yaradırlar. Onlra da başçı, müavin və digər vəzifələr təşkil edirlər. Bu da, büdcədən əlavə xərc deməkdir. Bu mənada düşünürəm ki, rayonların sayı azaldılmalıdır. Məsələn Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələri ləğv olundu Əvəzinə regional şöbələr yaradıldı. Amma deyim ki, bu işlər tədricən aparılmalıdır. Birdən birə köklü islahat edib, minlərlə adamı işsız qoymaq olmaz. Ən yaxşı model inkişaf etmiş ölkələrin modelidir. Məsələn, ABŞ- da çoxlu sayda kiçik hökumətlər var. Onlar büdcədən heç bir qəpik almadan özlərini idarə edirlər. Tədricən yerlərdə özünü idarəyə keçmək lazımdır. düzdü, indiki məqamda Azərbaycanda bu mümkün deyil. Keçid dövrü üçün R. Məmmədovun fikirləri haradasa qəbul oluna bilər. Zənnimcə, Azərbaycan yerli özünüidarəyə keçsə, daha yaxşı olar".

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov APA-ya verdiyi müsahibəsində bildirib ki, Azərbaycan üçün 66 inzibati rayon çoxdur. Yaxşı olar ki, Azərbaycan quberniyalara bölünsün. Mövcud Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın və Lənkəran iqtisadi rayonların əsasında 10 quberniyanın olması daha məqsədəuyğundur”.

Ayyət Əhməd