Meyxanalarda narkomaniya təbliğ olunur- İDDİA



Meyxanalarda gənclərə narkomaniya təbliğ olunur.

Bunu Sherg.az-a Azərbaycanda narkomanların 28500 nəfərə çatmasını dəyərləndirərkən sosioloq Əhməd Qəşəmoğlu deyib. 

Ekspertin bildirib ki, narkomaniyanın artmasına sosial şərait, informasiyaların yayılması və insanların müəyyən etdiyi dəyərlər səbəb olur

"Bakıda və regionlarda müxtəlif məhəllələrdə, qruplarda narkomaniya yayılır və diqqət verilmədikdə daha da genişlənir. Bu sahədə hüquq –mühafizə orqanları üzərlərinə düşən işləri yüksək səviyyədə yerinə yetirmirlər. Əlavə olaraq görülən işlər də elmi əsaslarla aparılmır. Xarici ölkələrin təcrübəsindən bilirik ki, narkomanı birdən-birə sağaltmaq mümkün olmur. Müalicəni yumşaq üsullarla, hətta bəzən nəzarət altında az doza ilə narkotik maddə də verməklə müalicə edirlər. Yenə qeyd edirəm ki, ölkəmizdə narkomaniya ilə mübarizə üçün sistemli, elmi əsaslarla işlər getmir. Bunun nəticəsində ilbəil narkomanların sayı artır”.

İnformasiya sahəsinə də diqqət edən Ə. Qəşəmoğlu televiziyada və digər informasiya mənbələrində maarifləndirici tədbirləri yetərli hesab etmir. Onun fikrincə,  əksinə olaraq cəmiyyətə ötürülən informasiyalarda meylləndirmə xarakterli olur

"Məsələn, "Youtube” şəbəkəsində yerləşdirilən videolarda meyxanaçıların narkotik maddələri təriflədiyini görə bilərik. Yüzlərlə meyxanalarda, bir sıra bayağı musiqilərdə narkomaniya gənclərə sevdirilir. Bu təsirə düşən gənclər narkomaniyanı bir növ sərbəst həyat tərzi kimi qəbul edirlər. Nəticəsi isə belə statistikanın artmasına gətirib çıxarır. Görülən işlər sosioloji, psixoloji, metodoloji baxımdan tam yüksək səviyyədə deyil. Narkomaniyanın azaldılması üçün sosial mütəxəssisləri işlərə cəlb etmək lazımdır”.

Qeyd edək ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyasının nümayəndəsi Vasif Quliyev Azərbaycanda narkomanların sayının artdığını deyib. O, bildirirb ki, ölkəmizdə  28500 narkoman var.

Aysel Aslan