Pensiyalarda 10-12 faiz artım gözlənilir
Hər il olduğu kimi 2017-ci ilin yanvar ayında maaş və pensiyaların baza hissəsinə 10 faiz əlavə
olunması gözlənilir. Bu isə manat hesabı ilə çox aşağı rəqəmdir. Maaş və pensiyaların qiymət
artımına uyğun indeksləşdirilməsi vacibdir. Əks halda, əhalinin yaşayış səviyyəsi daha da aşağı
düşəcək. Nəticədə sosial narazılığın artmasına səbəb olacaq.
"Azərbaycanın 2017-ci il və gələn 3 il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nı şərh edən millət
vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də gələn il pensiyaların
həcmində artımlar olacağını deyib.
Gələn il üçün bu məqsədlə ayrılan pulun nisbətən çox olduğunu vurğulayan H.Rəcəblinin sözlərinə
görə, Azərbaycanda heç bir sosial xərc azaldılmayıb, əksinə, bütün sosial yönümlü xərcləmələrdə
yüksəlmə var. Bunu elə bu məqsədlər üçün növbəti ilin büdcəsində nəzərdə tutulan rəqəmlər də
təsdiqləyir. Belə ki, bu il sosial yönümlü xərclər 1 milyard 800 milyon manat təşkil etdiyi halda,
gələn il həmin məqsədlər üçün 2 milyard vəsaitin ayrılması nəzərdə tutulub. Konsepsiyada əsas
diqqətçəkən məqamlardan biri də geniş şəkildə özünəməşğulluq proqramlarının icrasıdır.
Əməkhaqlarının və pensiyaların artırılmasının vacib olduğunu vurğulayan İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov maaş artımı nə qədər çox olsa, əhalinin sosial müdafiəsinin qorunması baxımından bir o qədər effektiv olar: "
Hər il büdcədən maaş alanların əməkhaqqlarına prezident sərəncamı ilə əlavələr olur. Yaxud pensiyaçıların aldıqları pensiyanın sığorta hissəsinə illik inflyasiya dərəcəsinə uyğun indeksasiya olunur. Əmək haqlarında isə konkret nə qədər artım olunacağı bəlli deyil. Amma bizim qiymətləndirməmiz göstərir ki, mövcud maliyyə resursları və istehlak bazarı qiymətləri nəzərə alınmalıdır. İl ərzində pensiya və əməkhaqlarında təxminən 25 faizə yaxın artımın olması mümkündür. Amma hökumətin bu artıma gedibgetməyəcəyini indidən demək çətindir. Lakin sosial xərclərin məbləğinin artması eyni zamanda əmək haqqı və pensiya artımları üçün maliyyə bazası formalaşdırır”.
İqtisadçı-ekspert Oqtay Haqverdiyev isə bildirib ki, 2017-ci ildə 2016-cı ilin inflyasiya səviyyəsi
qədər maaşlar, pensiyalar indeksasiya olunacaq: "Artıq 2017-ci ilin büdcəsində bu nəzərə alınıb.
Ümumilikdə 10-12 faiz civarında artım gözlənilir. Başqa artım gözlənilmir. Əlbəttə ki, çətinliklər
olacaq. Hələ 2016-cı ilin özündə də əhalinin real gəlirləri aşağı düşüb. Nominal gəlirlər artır, amma
inflyasiya olduğu üçün real gəlirləri aşağı düşür. Əhalinin 8 faiz pul gəlirləri artıb, amma inflyasiya
12 faizdir. Deməli, həyat səviyyəsi 4 faiz aşağı düşür. 2017-ci il barədə öncədən proqnoz vermək
çətindir. Amma yəqin ki, bundan yaxşı olmayacaq. Belə səviyyədə qalsa da, böyük şeydir”.
Şəymən